Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:14

'Oğruları tutub apardım şöbəyə, dedilər sənin özünə cinayət işi açacağıq' [yenilənib]


Oğurluğa məruz qalmış Gəncə sakini Kamil Qasımov
Oğurluğa məruz qalmış Gəncə sakini Kamil Qasımov

Gəncə şəhər sakini Kamil Qasımov şəhərin Heydər Əliyev küçəsində mobil telefon mağazasında işləyir.

Bu il avqustun 30-da gündüz vaxtı müştəri kimi daxil olan iki nəfər mağazadan bir ədəd telefon, iki ədəd gümüş üzük götürərək ərazini tərk edib. K.Qasımov əşyaların yoxa çıxmasından xəbər tutan kimi müşahidə kameralarının yaddaşını ələk-vələk edir. Əşyaların oğurlanma anı kameralara düşübmüş. Növbəti gün Kəpəz rayon polis idarəsinə müraciət edir.

Buna da bax:​ 'Şalvarımı soyundurub çəkdilər...'

“SƏNİN HƏRƏKƏTİN ADAM OĞURLUĞUDUR”

Ancaq polisin oğruları axtarmadığını gördükdə oğruların kameranın yaddaşındakı görüntülərindən fotolar çıxarıb şəhərin müxtəlif nöqtələrində divarlara yapışdırır. Bir neçə gün ərzində onların izinə düşür və ayrı-ayrılıqda hər ikisini yaxalayaraq polisə təhvil verir. Gerisini özü danışır:

“Dedilər “sənin hərəkətin adam oğurluğudur, özünə cinayət işi açacağıq”. Dedim, “sizin işinizi görmüşəm. Siz öz vəzifənizi yerinə yetirib oğruları axtarıb tutmadığınıza görə, özüm tapıb sizə gətirmişəm, buna görə mənə təşəkkür etməlisiniz”.

"Oğruları təhvil verib gedəndən sonra bir müddət polisdən xəbər gözlədim. Düşünürdüm ki, oğrulara cinayət işi açacaqlar, məni də zərərçəkmiş kimi çağırıb dindirəcəklər və sairə. Polisdən səs çıxmayanda özüm durub idarəyə getdim".

Buna da bax:​ «Oğru məlumdur, polis hərəkətə keçmir»

“100 MANATA GÖRƏ ADAM TUTMURLAR”

İdarədə Kamil Qasımova oğurlanmış telefonu qaytarıblar, üzüklərinsə itdiyini deyiblər. Üstəlik də bildiriblər ki, tutub gətirdiyi şəxsləri bir neçə gün öncə buraxıblar:

“Baxdım ki, telefon sınıqdır. Dedim, “əvvəla oğurlanan telefon təzə vəziyyətdə idi, əmlaka zərər dəyib. İkincisi, mən onları məhz telefonu qaytarsınlar deyə, polisə verməmişdim ki... Ortada oğurluq cinayəti var, cinayət əməlinə görə polisə müraciət etmişdim. Tutmağa ərindiniz, özüm tutdum gətirdim, bəs niyə açıb buraxdınız?” Dedilər, “100 manat zərər dəyib, ona görə adam tutmurlar. Telefonunu veririk, istəyirsən, götür, istəmirsən, götürmə”. Halbuki, yenə deyirəm, ortada oğurluq cinayəti faktı vardı, kameranın yaddaşına da düşüb. Həmin şəxslər cinayət əməlinə görə həbs olunmalıydılar. Vurduqları zərəri də ayrıca ödəməliydilər”.

“MƏNDƏN QİSAS ALMAYACAQLARINA ZƏMANƏT VARMI?”

Kamil Qasımov hesab edir ki, tutub polisə təhvil verdiyi şəxsləri buraxmaqla polis həm də onun həyatını təhlükəyə atıb:

“O adamlar cəzasız qaldılar, bu da onların növbəti cinayətinə rəvac verir. Polis həmin şəxslərin cəzasızlıqdan daha da arxayınlaşıb məndən qisas almayacaqlarına zəmanət verirmi? Ümumiyyətlə, xeyir ola, polis küçədə söyüş söyəni həbsə atır, kameranın yaddaşındakı oğurluq görüntülərini təqdim etdiyim halda oğrunu azadlığa buraxır?”

Buna da bax:​ «Polis qoyun oğruları ilə bacarmırsa…»

Kəpəz polis şöbəsindən “Qaynar xətt”ə bildirilib ki, K. Qasımovun bu ilin sentyabrında etdiyi müraciət araşdırılıb, toplanmış materialda cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilib: “Kamil Qasımov qərardan razı qalmayıbsa, prokurorluğa, yaxud məhkəməyə müraciət edə bilər”.

Kamil Qasımov Kəpəz rayon polis idarəsinin qərarından şikayət verəcəyini, polis əməkdaşlarının hərəkətlərindən isə prokurorluğa və daxili işlər nazirliyinə müraciət edəcəyini deyir.

* * *

Polisin Gəncədəki oğurluqla bağlı mövqeyi

Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin şöbə rəisi Orxan Mansurzadə “Qaynar xətt”də Kamil Qasımov adlı Gəncə şəhər sakinin şikayətinə münasibət bildirib:

“Deyilənlərin əksinə olaraq, faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Oğurluğu törətməkdə şübhəli bilinən Səlman Hüseynovu polis əməkdaşları saxlayıb. Artıq, Kamil Qasımov istintaq orqanı tərəfindən zərərçəkmiş şəxs qismində tanınıb”, - deyə Orxan Mansurzadə qeyd edib.

Orxan Mansurzadənin bildirməsinə görə, o, ilkin ifadəsində baş vermiş cinayət hadisəsinin təsiri altında olduğundan faktla bağlı aparılan araşdırmaya emosional şəkildə yanaşmasından təəssüfləndiyini bildirib.

“Müraciətinə operativ qaydada reaksiya verildiyinə, faktla bağlı qanunvericiliyə uyğun bütün zəruri tədbirlər görüldüyünə görə, Gəncə Şəhər Baş Polis İdarəsinin və Kəpəz Rayon Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü ifadə edib” - deyə DİN sözçüsü qeyd edir.

XS
SM
MD
LG