Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:49

Gəmiçiliyin xalis gəliri 2 dəfə artıb


Yük və sərnişin daşımalarından daxilolmalar azalsa da...

Yük və sərnişin daşımalarından daxilolmalar azalsa da...

-

MANATIN DƏYƏRSİZLƏŞMƏSİ DƏ İRƏLİ SALIB...

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (AXDG) ötən il 69 milyon manatadək təmiz qazancı olub. Bu, bir il öncəkindən 2 dəfə çoxdur.

Gəmiçiliyin korporativ saytında açıqlanan maliyyə hesabatında göstərilir ki, ilboyu dənizdə nəqliyyat xidmətindən, yük və sərnişin daşımaqdan qazanc (331.6 milyon manat) 26.3 faiz artıb. Yük və sərnişin daşımalarından daxilolmalar azalsa da, neft şirkətlərinə göstərilən xidmətlərdən gəlirlər 70 milyon manat çoxalıb.

Gəlirin artmasında əməkhaqqı və sosial ödəmələrə ayrılan xərcin 5 milyon manat azaldılması da rol oynayıb. Beləliklə, çəkilən xərc nəzərə alınmaqla, əməliyyat mənfəəti 5 dəfədən çox artıb və 107.2 milyon manat olub. Gəmiçilik mənfəətdən 21.7 milyon manat vergi ödəyib. Bundan başqa, dövlət büdcəsinə daha 7.5 milyon manat digər vergilər ödənilib.

AXDG ötən il manatın dollara nisbətən dəyərsizləşməsindən 4.8 milyon manat irəli düşüb.

GƏMİ TƏMİRİ ZAVODU TİKİLİR

«Ernst&Young» şirkəti mayın 27-də qurumun maliyyə hesabatına müsbət rəy verib.

Donanmanın inkişafına, yeni gəmilərin alınmasına 2014-cü ildə 98.5 milyon, 2015-ci ildə isə 58.7 milyon manat sərmayə qoyulub.

Bu il boyunca da gəmiçilikdə önəmli hadisələr qeydə alınıb.

Hesabatda bildirilir ki, ötən il hökumət «Zığ» Gəmi Təmiri Zavodunun tikintisinə 10 milyon manat ayırsa da, bunun cəmi 4 milyon 227 min manatı həmin il ödəyib. Qalan vəsait bu il hesaba yatırılıb.

AXDG aprel ayında «ACSC Logistics» MMC-ni təsis edib. Yeni şirkət logistika xidmətləri göstərəcək («Logistika» deyərkən, mal, məhsul və xidmətin əvvəldən axıradək müştərinin tələbatını ödəməsi baxımından idarə edilməsi nəzərdə tutulur –red.)

«DƏNİZÇİ» DƏNİZÇİLƏRƏ EV TİKƏCƏK?

Aprel ayında «Dənizçi» tikinti-kooperativ şirkəti də qurulub. Bu kooperativdə Gəmiçiliyin payı 96 faizdir. Qalan 4 faizsə adları açıqlanmayan 4 fiziki şəxsə məxsusdur. Hesabatda deyilir ki, kooperativin yaradılmasında məqsəd - dənizçilərin mənzillə təminatını asanlaşdırmaqdır.

AXDG martın 18-də bağlanmış alqı-satqı müqaviləsinə əsasən, «Caspian Marine Services Limited» şirkətindən 3 gəmi alıb. «Rəsul Rza» gəmisi 4 milyon 870 min manata, «Sabir» və «Vaqif» gəmilərininsə hər biri 5 milyon 174 min manata alınıb.

Bundan başqa, AXDG mayın 6-da imzalanmış «berbout çarter» müqaviləsindəki (bu zaman gəmi heyətsiz icarəyə götürülür – red.) şərtlərə dayanaraq, 3.2 milyon ABŞ dolları dəyərindəki «General Aslanov» gəmisini də «Caspian Marine Services Limited» şirkətindən alıb.

Bakı Gəmiqayırma Zavodunda 3 sərnişin gəmisinin inşası da tamamlanıb. Təhvil-təslim aktına görə, onların ümumi dəyəri 26 milyon 550 min ABŞ dollarıdır.

KOLLEC TƏHSİL NAZİRLİYİNDƏN ALINIB...

Nazirlər Kabinetinin 19 may 2016-cı il tarixli 197 saylı qərarı ilə «Azərbaycan Dəniz Balıq Sənayesi Kolleci» Təhsil Nazirliyindən alınaraq Gəmiçiliyin balansına verilib. İndi bu peşə təhsili ocağı «Azərbaycan Dənizçilik Kolleci» adlanır.

«Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi» QSC 2013-cü ildə Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyi və SOCAR-ın Xəzər Dəniz Neft Donanmasının birləşməsi nəticəsində yaradılıb.

Cəmiyyətin tərkibinə 9 minədək işçisi olan yardımçı və ticarət donanmaları, iki gəmi təmiri zavodu, istehsal xidmətləri və sosial inkişaf idarələri daxildir.

Günün bütün mövzuları

XS
SM
MD
LG