Keçid linkləri

2016, 26 Sentyabr, Bazar ertəsi, Bakı vaxtı 07:38

Gədəbəy rayonunun Hacılar kəndi sahəsində torpaq sürüşməsi baş verdiyi bildirilir.

«Trend» bu xəbəri Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri Nəriman Paşayevə istinadən yayıb.

N.Paşayevin deməsinə görə, kənd ərazisində torpaq sürüşməsi iyun ayından başlayıb: «Son günlər sürüşmə daha da fəallaşıb. Nəticədə Hacılar kəndinin rayon mərkəzi ilə və digər kəndlərlə əlaqəsi kəsilib».

Hadisə nəticəsində kəndin 5 hektardan çox biçənək və kartof sahəsinin yararsız hala düşdüyü deyilir.

N.Paşayev bildirib ki, sürüşmə kəndin ərazisində 10 yerdə baş verib. «Çaykənarı» deyilən ərazidəki bəzi evlərdə çatlar əmələ gəlib.

Bundan başqa, kəndin yeganə avtomobil yolunun 200 metrdən çox hissəsinin çökdüyü, hazırda əhalinin gediş-gəlişinin dayandığı söylənir. Verilən xəbərlərə görə, əhali nəinki avtomobil, piyada yolu ilə də hərəkət edə bilmir. Çökmənin eni 30, dərinliyi 5, uzunluğu 50 metr açıqlanır.

N.Paşayev qeyd edib ki, adıçəkilən kənd Ermənistanla sərhədin 1 kilometrliyində yerləşir. O, hadisə ilə bağlı rayon icra hakimiyyətinə və Fövqəladə Hallar Nazirliyinə müraciət etdiyini deyir.

Son vaxtlar ölkənin müxtəlif bölgələrində- Şamaxı, İsmayıllı, Masallı, Lənkəran rayonlarında və Ağsu aşırımında sürüşmə baş verib. Sürüşmə, əsasən, intensiv yağışlar və meşələrin qırılması ilə izah edilirdi.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG