Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 04:27

Azərbaycan ən az xeyriyyəçi olan ölkələrdəndir


Foto illüstrasiya
Foto illüstrasiya

«Gallup» sorğu təşkilatının yeni hesabatı milyardlarla insanın başqalarına yardım etməyə hazır olduğunu göstərir. Təşkilat 140 ölkədə, o cümlədən Azərbaycanda sorğu keçirib. Bəlli olub ki, ehtiyacı olanlara kömək edənlərin çoxu hansısa xeyriyyə fonduna pul köçürməkdən (bu yolu tutanlar 27%-dir), ya da işləməkdənsə (20%), ehtiyacı olana birbaşa yardım etməyə üstünlük verirlər (44%).

SİYAHININ BAŞINDA MYANMA DURUR

Hesabata görə, başqasına yardım etməyə hazır olan adamların sayı 2.2 milyarda yaxındır.

Xeyriyyəçiliyi sevənlərin sayına görə, siyahıya 70 xalla Myanma başçılıq edir. Sonuncu yerdə Çindir—11 xal toplayıb.

Azərbaycan 21 xalla ən aşağı xal toplayan ölkələrin siyahısına düşüb. Qonşu ölkələrdən Rusiya 22, Ermənistan 21, Gürcüstan 23 xal alıb.

Xeyriyyəçilərin sayına görə, birinci yerdə duran Myanma buddist ənənələrinin çox güclü olduğu ölkədir, məbədlərdə könüllü xidmət, qurban vermə, bağışlama bu ənənələrin bir hissəsidir. Yəqin buna görədir ki, Myanmada sorğuda iştirak edənlərin 91%-i xeyriyyəçilik məqsədilə pul xərclədiyini deyib, demək olar ki, bütün suallara «hə» cavabı veriblər.

Ehtiyacın varsa...

Ehtiyacın varsa...
Gözlə
Embed

No media source currently available

0:00 0:02:40 0:00

XEYRİYYƏÇİLİK SƏRVƏTDƏN ASILI DEYİL

«Gallup» ölkələrin xeyriyyəçilik indeksi ilə ÜDM-un göstəricisi arasında birbaşa bağlılıq olduğunu aşkar etsə də, rəqəmlər xeyriyyəçilik arzusunun var-dövlətdən asılı olmadığını göstərir. Məsələn, ortagəlirli Şri-Lanka (57 xal) və İndoneziya (56 xal) Birləşmiş Ştatlar (61 xal), Avstraliya (60 xal), Yeni Zelandiya (59 xal) və Kanada (56 xal) kimi varlı ölkələrlə ilk 10-luğa düşüb. Ortagəlirli ölkələrin çoxunda sorğuda iştirak edənlərin əksəriyyəti xeyriyyə məqsədilə pul xərclədiyini bildirib.

Ən az bal toplayanların çoxu siyasi və iqtisadi baxımdan əziyyət çəkən ölkələr — Yunanıstan (19 bal), Konqo Demokratik Respublikası (19 xal), Fələstin (17 xal) və Yəməndir (17 xal). Çinin ən aşağı göstəricisinə iqtisadi tənəzzülün, eləcə də xeyriyyə təşkilatlarıyla bağlı bəzi qalmaqalların səbəb olduğu güman edilir.

«Gallup» hesab edir ki, insanları cəmiyyətin problemlərinin həllinə cəlb etmək, ümumi məsuliyyəti bölüşməyə həvəsləndirmək dünya liderlərinin ən mühüm vəzifələrindən biridir. Bu sorğu dövlətlərin, iş adamları və təşkilatların potensial xeyriyyəçiləri daha yaxşı anlamasına yardım edə bilər.

XS
SM
MD
LG