Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:40

Füzulidə «can dərmanı» axtarışı


Çoxları, sadəcə, maraq üçün gəlir və göbələyi şəxsi istehlak məqsədilə toplayır.

Çoxları, sadəcə, maraq üçün gəlir və göbələyi şəxsi istehlak məqsədilə toplayır.

-

Ərazisinin bir hissəsi erməni hərbi qüvvələrinin işğal etdiyi Füzulinin Azərbaycan hökumətinin nəzarətində olan ərazisində adi həyat yaşanır. Bu yerlərdə yazın ilk ayı yerli əhalinin «dombalan» adlandırdığı göbələyin mövsümü hesab olunur.

Yağışdan sonrakı gün qumsal yamaclarda qeyri-adi göbələk yetişir. Uşaqlı-böyüklü adamlar əllərinə bıçaq, ucu iti dəmir və ya taxta parçası alaraq təpələrə dırmanır. Çoxları, sadəcə, maraq üçün gəlir və göbələyi şəxsi istehlak məqsədilə toplayır. Amma yabanı yetişən bu məhsulu yığıb satanlar da var.

ƏTİRLİ, DADLI, AYAQSIZ GÖBƏLƏK

Ətəyində avtomobillər dayanan, başının üstündə adamların göründüyü «Sarıtəpə»yə qalxırıq. İlk olaraq yaxınlaşdığımız Füzuli rayonu Kərimbəyli kəndinin sakini Xəqani Quliyev «dombalan» ayamasının yaranmağına aydınlıq gətirir:

«Bu göbələk əsasən mart ayında Qarabağ bölgəsində heyvan ayağı dəyməyən, qumsal və yaxşı gün tutan yamaclarda çıxır. Bir neçə santimetr dərinlikdə olur. Bu zaman üzərindəki yer səthi köpmüş, qabarmış vəziyyət alır. O biri göbələklər kimi ayağı, gövdəsi yoxdur. Torpaq altda kartof, yerarmudu kimi şişib böyüyür. Bəzi hallarda isə torpağı yarıb üzə çıxır, «belini» yağış yuyanlar uzaqdan görünür. Buna görə də ona «dombalan» adı qoyulub. Biz belə tanıyırıq, başqa adını bilmirik».

Danışa-danışa həmsöhbətimiz həm də axtarışda idi. O, ehtimal etdiyi yerləri əlindəki əşya ilə döyəcləyirdi. Birdən yerdən çıxan səs onda əminlik yaratdı: «Bax, burada olmalıdır!». Həqiqətən 3 santimetr dərinlikdən kartofa bənzəyən, amma bir qədər kürə formalı və üzü çopurlu məhsulu yerdən çıxarır, onun torpağını çırpıb təmizləyir:

«Dombalan» göbələyi ölçüsünə görə fərqli olur: Əsasən 50-100 qram çəkisi olanlar rast gəlinir.

«Dombalan» göbələyi ölçüsünə görə fərqli olur: Əsasən 50-100 qram çəkisi olanlar rast gəlinir.

«Biz bunu evdə yemək üçün yığırıq. Elə adi göbələklərin dadını verir. Fərqi odur ki, bu, zəhərsizdir, çiy halda da yemək olur. Deyirlər, şəkər xəstəliyinin qənimidir. Gün ərzində nə qədər axtarsan da, 5 kiloqramdan artıq yığmaq olmur. Bu, iqlimlə, məhsulun bol olma ili ilə bağlıdır. Bəzi illərdə heç olmur».

GÖBƏLƏK YIĞMAQLA GÜNDƏ 40 MANAT QAZANANLAR VAR

Kərimbəyli kəndinin başqa bir sakini Zamin Nuriyev deyir ki, «dombalan» göbələyi ölçüsünə görə fərqli olur: «Əsasən 50-100 qram çəkisi olanlar rast gəlinir. Amma fındıq boyda xırdası da olur, nar, şamama kimi böyüyü də. İndiyədək tapdığım ən böyük «dombalan»ın çəkisi yarım kiloqram olub. Yanımda bir adam 1 kiloqram 200 qramlığını tapıb. Bunu o vaxtlar 100 dollara satmaq olardı».

Satmaq məqsədilə göbələk axtaranlar mətbuatda adlarının çəkilməyini və şəkillərinin verilməyini istəmirlər. Dediklərinə görə, səhərdən axşamadək gəzib dolanırlar, orta hesabla günə 2 kiloqram «dombalan» toplayırlar. Həm faydalı, həm də az olmağına görə, bu göbələyin qiyməti də bahadır. Məhsulun kiloqramı rayonda 20 manata, Bakıda isə 30-50 manata satılır. Onların sözlərinə görə, əvvəlki illərdə paytaxtda qiymət 50, hətta 100 manata qalxıbmış. Bir mövsümdə topladığı göbələk hesabına özünə avtomobil alan da olub. Devalvasiyalardan sonra bu «can dərmanı» da dəyərdən düşüb...

Əslində, bu məhsul Trüfel adlı göbələyin bir növüdür.

Əslində, bu məhsul Trüfel adlı göbələyin bir növüdür.

«DOMBALAN» CÖVHƏRİNDƏN XƏRÇƏNG ƏLEYHİNƏ İSTİFADƏ OLUNUR

Həkim-psixiatr Şahin Əlibəyli «dombalan» adlandırılan bu göbələyin bəzi elmi ədəbiyyatlarda «yerdombalanı», yaxud «yerarmudu» kimi təqdim olunduğunu deyir:

«Əslində, bu məhsul Trüfel adlı göbələyin bir növüdür. O, latınca çıxıntı, donqar mənasını verən «tuber» adlanır. Trüfel yüksək dad keyfiyyəti ilə dünyanın hər yerində məşhur olan bir delikatesdir. Tərkibi insan orqanizmi üçün faydalı olan B1, B2, C, PP və başqa vitaminlərlə zəngindir. Habelə fosfor, dəmir, maqnezium, kalium, kalsium, natrium, xlor və kükürd kimi mikroelementlərlə. O, mədə-bağırsaq sisteminin xəstəlikləri, xüsusən qastrit və xronik kolit zamanı yaxşı kömək edir, dərinin qocalma vaxtını uzadır. Aktiv boyatma dövründə olan uşaq və yeniyetmələr, habelə hamiləlik və laktasiya dövrlərini keçirən qadınlar üçün çox əhəmiyyətlidir. Ondan alınan ekstrakt (cövhər) Alsheymer xəstəliyi, skleroz, xərçəng, şəkərli diabet və artrit kimi patologiyalardan qurtulmağa kömək edə bilən dərman vasitələrinin istehsalında istifadə olunur. İslam ölkələrində Trüfel şirəsinin göz üçün dərman olduğu güman edilir».

XS
SM
MD
LG