Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:24

2018-ci il futbol üzrə dünya çempionatının seçmə oyunlar mərhələsində Azərbaycan yığması Norveç millisi üzərində 1-0 hesabı ilə qələbə qazanıb.

Bundan əvvəl Azərbaycan futbolçuları azarkeşlərini San-Marino üzərində qələbə ilə sevindirmişdilər. Beləliklə, Azərbaycan yığması hazırda 6 xalla turnir cədvəlinin 2-ci pilləsindədir.

Düşünmək olar ki, indi bir çox azarkeşlər özlərinə belə bir sual verirlər: Bu uğurlar təsadüflər zənciridir, yoxsa komandanın oyununda köklü dəyişiklik yaşanır? Bu uğurlarda məşqçi faktoru nə kimi rol oynayıb? Biz də bu kimi suallarla futbol ekspertlərinə müraciət etmişik.

“MƏŞQÇİ FAKTORU”

Keçmiş futbolçu Nəriman Mehdiyev deyir ki, Milli Komandanın nəticələrində artımın olmasında məşqçi faktoru rol oynasa da bunu bütün komandanın xarakteristikasına aid etmək olmaz:

“Məşqçi faktoru var. Azərbaycan futboluna belə bir məşqçinin gəlməsi öz töhfəsini verəcək. Çox təcrübəli məşqçidir, həm də çox güclü futbolçu olub. Futbol mətbəxini demək olar ki, ən yaxşı bilən adamlardan biridir. İndi görünür. Nəticələri də göz qabağındadır. Komandanın nəticələrində artım var. Amma bunu ümumiyyətlə bütün komandanın xarakteristikasına aid etmək olmaz. Ən azından oyun keyfiyyəti baxımdan o qədər də artım gözə çarpmır. Çünki futbolçularımızın səviyyəsi məlumdur. Bu artıq məşqçı işi deyil...”

“NÖVBƏTİ OYUNLARDAN ASILIDIR”

Siyasətçi, futbol həvəskarı Yadigar Sadıqov isə deyir ki, hələ ki Milli Komanda adına sevinməyə tələsmək lazım deyil. Çünki hələ ki, qarşıda növbəti oyunlar var:

“Azərbaycan iki oyun oynayıb və iki qələbə qazanıb. Bunlardan biri San-Marinoya qarşı idi və gözlənilən hadisə idi. Son qələbəyə gəldikdə isə indidən bunu dəyərləndirmək çətindir. Doğurdan bu uğurdur, yoxsa təsadüfdür? Çünki əvvəllər də biz seçmə mərhələ oyunlarında olub ki, orta səviyyəli Avropa komandasını məğlub etmişik. Bu bizə sonuncu və ya sonuncudan əvvəlki yeri tutmağa mane olmayıb. Yəni növbəti oyunlardan asılıdır.

“BÖYÜK NAİLİYYƏT DEYİL”

Futbol icmalçısı Rövşən Binnətli isə sonuncu qələbəni təsadüf etməsə də bunu böyük nailiyyət kimi də dəyərləndirmir:

“Əslində San-Marino ilə səfər matçında qalibiyyət hər kəs tərəfindən nəinki gözlənilirdi, hətta milli komandadan bu qələbə tələb olunurdu. Başqa nəticə heç cür uğur kimi komandanın ayağına yazıla bilməzdi. O oyundan sonra Milli komandanın oyun tərzi xeyli tənqidə məruz qaldı. Amma Norveçlə oyunun tələbi tamam başqa idi. Bu qalibiyyətin özündən sonra da birmənalı şəkildə nailiyyət kimi dəyərləndirənlər də var, əksini düşünənlər də var. Mən hesab etmirəm ki, bu təsadüfdür. Amma eyforiyaya qapılıb iki oyundan altı xal qazanmağı da hədsiz dərəcədə böyük nailiyyət kimi də dəyərləndirmək fikrim yoxdur...”

Şərhləri göstər

XS
SM
MD
LG