Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 08:08

«Bizi narahat edən odur ki, Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Fuad Əhmədli ilə görüşə və telefon danışığına müstəntiq qadağa qoyub. İndi bunu aradan qaldırmaq üzərində işləyirik».

Bunu AzadlıqRadiosuna vəkil Əshabəli Mustafayev bildirib.

Vəkil qeyd edib ki, istintaq F.Əhmədliyə cinayət Məcəlləsinin 302.1-ci (axtarış-əməliyyat tədbirlərini pozmaq) və 308-2-ci (səlahiyyət hədini aşmaq) maddəsi ilə cinayət işi başlayıb. Vəkil «Aztelekom»da operator işləyən bir şəxsin yüksək səlahiyyətlərə malik olmasını başa düşülən saymır. Ə.Mustafayev qeyd edir ki, F.Əhmədlini Dövlət Təhlükəsizliyi Xidməti həbs edilənə qədər daha 3 nəfər bu işə görə saxlanmışdı. İstintaqın iddiasına görə, F.Əhmədli məlumatları onlardan birinə ötürüb. «F.Əhmədli isə, ümumiyyətlə, bu adamları tanımadığını və hər hansı şəkildə əlaqəsi olmadığını deyir», - vəkil vurğulayır.

Buna da bax-Azərbaycanda 'gülənçi ovu' - klan davası

Vəkilin deməsinə görə, «Azadlıq» qəzetinin direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirlinin həbsindən sonra F.Əhmədlinin istintaqı o 3 nəfərin işindən ayrılıb. O, Kürdəxanı təcridxanasına gətirilib: «Burada da narahatedici məqam var. Belə ki, F.Əhmədliyə qarşı yeni ittiham irəli sürülə bilər. Düzdür, bu, ehtimaldır, amma narahatlıq doğuran ehtimaldır».

Ancaq vəkilin dediklərinə istintaq orqanının, hələlik, münasibətini öyrənmək mümkün olmayıb.

Fuad Əhmədli bu il avqustun 18-də saxlanıb. Onun barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçilib. İstintaq orqanlarının iddiasına görə, F.Əhmədlinin yaşadığı evdə axtarış aparılan zaman oradan bu il iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhdi himayə etməkdə günahlandırılan Fethullah Gülen-in əsərləri tapılıb. Vəkil isə bütün ittihamları rədd edir. Üstəlik, AXCP-nin yaydığı bəyanatda bildirilirdi ki, hakimiyyət Fethullah Gülen amilindən öz rəqiblərini vurmaqdan ötrü istifadə edir.

Hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen-in özü də Türkiyədə dövlət çevrilişini himayə etməsi ilə bağlı iddiaları yalanlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG