Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 20:10

AXCP Gənclər Komitəsinin Xətai rayon şöbəsinin sədri Fuad Əhmədlinin atasının oğlunun həbsinə etiraz olaraq sentyabrın 23-ü saat 17:00-dan müddətsiz aclıq aksiyasına başlayacağı gözlənilir.

Bu haqda Zəfər Əhmədlinin özü xəbər verib.

Z.Əhmədli bildirib ki, onu aksiyaya məcbur edən övladının qurama ittihamlarla həbsi, bunu bilə-bilə əlaqəli qurumların heç bir addım atmamasıdır.

«Fuadın həbsinin qanunsuz olduğu aşkardır, ancaq heç bir addım atılmır, tələblərimizə cavab verilmir. Oğlumun səhhətində ciddi problemlər var. Onun bu şəraitdə saxlanması səhhətində daha böyük problemlər yaradacaq. Digər tərəfdən, heç bir istintaq hərəkəti aparılmır. Həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə dəyişdirilməsini tələb edirik, vəsatət qəbul olunmur. Ümumiyyətlə, Fuadın həbsdə saxlanması üçün heç bir dəlil yoxdur. İttihamın qondarma olması açıq-aydın görünür», - valideyn deyib.

Z.Əhmədli müxtəlif instansiyalara müraciət etdiklərini, ancaq bunun heç bir faydasının olmadığını deyib.

«Son çarə kimi müddətsiz aclıq aksiyasına başlamaq qərarı vermişəm. Axşam saat 5-dən sonra aclıq aksiyasına başlayacam. Bəlkə mənə zərər dəydikdən sonra səsimizi eşidərlər», - gənc fəalın atası bildirib.

F.Əhmədli avqustun 18-də saxlanıb. Ona CM-nin 302.1 (əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Bu həbslə əlaqədar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Baş Prokurorluq birgə məlumat yaymışdılar. Məlumatda qeyd edilirdi ki, onun yaşadığı evdən axtarış zamanı qanunvericiliklə qadağan edilmiş dini ədəbiyyat, CD-disklər, Fethullah Gülen-in çıxışları, «Hizmet imam»ları adlandırılan şəxslər və onların qarşılıqlı əlaqələrinə dair sənədlər götürülüb.

F.Əhmədlinin yaxınları isə evdən Fethullah Gülen-ə aid kitab və sənədlərin götürülməsi barədə deyilənlərin yalan olduğunu bildirir.

AXCP isə bəyan edib ki, F.Əhmədliyə irəli sürülən ittihamlar yalan və quramadır. Bunda məqsəd partiya və onun lideri Əli Kərimlini hədəf almaqdır.

Türkiyə hökuməti Fethullah Gülen-i iyulun 15-i ölkələrində baş verən dövlət çevrilişi cəhdini himayə etməkdə günahlandırır. Ancaq hazırda ABŞ-da yaşayan ilahiyyatçı F.Gülen ittihamları qəbul etmir.

Günün bütün mövzuları

XS
SM
MD
LG