Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:21

Banklarda batan pullar


İlham Əliyev
İlham Əliyev

Dövlət başçısı İlham Əliyevin idarəçilik keyfiyyətləri, müxalifətin tanınmış funksionerlərinin Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılmaları və banklarda sığortalanmayan əmanətlərin gələcək taleyi bu gün medianın aparıcı mövzusudur.

İLHAM ƏLİYEV – İLKLƏRİN MÜƏLLİFİ

«Azərbaycan» qəzetində «İlham Əliyev Azərbaycan tarixinin mühüm ilklərinin müəllifidir» sərlövhəli məqalə dərc edilib.

Məqalədə dövlət başçısı İlham Əliyevin Azərbaycan siyasətində fərqli yeri və rolu dəyərləndirilir.

Müəllif Azərbaycanın dövlət müstəqilliyi qazanmasının 25 illiyinin tamam olduğunu və bu zaman kəsiyinin 13 ilinin İlham Əliyevin ölkəyə rəhbərlik dövrünə təsadüf etdiyini vurğulayır. Məqalədə deyilir ki, İ.Əliyevin ölkəyə rəhbərlik etməsi ilə Azərbaycan tarixində yeni keyfiyyət mərhələsi başlayıb: «İlham Əliyevin prezidentliyinin ilk 13 ilində ölkəmizdə daxili siyasətdə-dövlət idarəçiliyində, ictimai-siyasi, iqtisadi, mədəni həyatda müstəsna əhəmiyyət daşıyan işlər görülmüşdür. Tamamilə yenidən qurulan Azərbaycan müasirləşmiş, modern bir ölkəyə çevrilmişdir».

Müəllif İ.Əliyevi ölkə siyasətində bir sıra ilklərə imza atan rəhbər kimi təqdim edir.

Məqalədə qeyd edilir ki, İ.Əliyev Azərbaycanın BMT Baş Məclisində nitq söyləyən ilk baş naziridir. Azərbaycanı BMT Təhlükəsizlik Şurasının üzvü seçdirən prezidentdir.

Müəllifə görə, prezident İlham Əliyevin ilklərindən biri də «Eurovision» mahnı yarışmasının Bakıda ən mükəmməl şəkildə təşkil edilməsi, yarışma zamanı ölkənin maddi-mənəvi mədəniyyətinin təbliği ilə Azərbaycanın xəritədə axtarılmasına son qoyulmasıdır.

Məqalədə vurğulanır ki, prezident İ.Əliyevin müstəqil Azərbaycan tarixindəki ilklərindən biri isə ölkəni kosmos dövlətinə çevirməsidir. Azərbaycan 2013-cü ilin fevralında kosmik fəzaya ilk peykini buraxıb.

Gözəl Bayramlı: ''Bandotdel'də dedilər bu cür statuslar yazma'
Gözlə

No media source currently available

0:00 0:04:08 0:00

REFERENDUMDAN SONRA İSLAHAT –«BANDOTDEL»Ə ÇAĞIRIŞ...

Azadliq.info saytında «Hakimiyyət müxalifətlə «bandotdel»in dili ilə danışır» sərlövhəli məqalədə ölkə müxalifətinin tanınmış simalarının Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağrılmaları müzakirə edilir.

Yazıda vurğulanır ki, ölkə rəhbərliyinin tribunalardan dedikləri ilə əməlləri bir-birinə ziddir: «Fakt isə bundan ibarətdir ki, ölkənin yeganə müstəqil qəzeti qapadılıb. AXCP sədrinin müavini Fuad Qəhrəmanlı rəsmən internet fəaliyyətinə görə həbs olunub. Razılaşdırılmış mitinqdə iştirak edən yüzlərlə vətəndaş polis bölmələrinə çağrılıb».

Müəllif qeyd edir ki, 2016-cı ildə Azərbaycanda bütün azadlıqlar kobud şəkildə pozulur. Hakimiyyət əvvəllər bunu gizlətməyə çalışsa da, indi buna ehtiyac görmür: «Vəziyyət o həddə çatıb ki, müxalifət funksionerlərini ard-arda «bandotdel»ə çağrırlar. Yəqin ki, «Referendumdan sonra islahatlar aparılacaq» deyiləndə, müxalifəti sıradan çıxarmağı nəzərdə tuturmuşlar... Ölkə elə eybəcər vəziyyətə düşüb ki, «bandotdel» siyasətçilərə siyasi davranış qaydalarını öyrədir. Açıq şəkildə deyirlər ki, haqsızlığa göz yumun, şərlənmiş insanları Facebook səhifələrində müdafiə etməyin, ölkədəki eybəcərliklərdən danışmayın».

Müəllifə görə, bütün bu baş verənlərdən sonra İ.Əliyevin ölkədə internet azadlığı olması bəyanatı imitasiyaya xidmət edir. Bununla belə yazıda qeyd edir ki, bütün bu təzyiqlər əks effekt verəcək: «İstənilən halda müxalifət funksionerlərinin «bandotdel»ə çağrılması rüsvayçılıqdır. Onlara haqlı mövqelərinə görə hədə-qorxu gəlinməsi isə ikiqat rüsvayçılıqdır. YAP hakimiyyəti ancaq rüsvayçılıq siyasəti yürütməkdə səriştəlidir. Amma müxalifətlə «bandotdel»in dili ilə danışmaq cəhdi də uğursuz olacaq. Çünki hökumətin dilindən çıxan heç bir söz cəmiyyətdə legitimlik qazanmır».

Manat
Manat

BANKLARDA QORUNMAYAN ƏMANƏTLƏR

«Exo» qəzetində «Azərbaycan əmanətçilərinə: pullarınızı itirdinizmi? Barışın!...» sərlövhəli məqalə oxumaq olar. Yazıda banklarda qorunmayan əmanətlərin taleyi ekspertlərlə araşdırılır.

Müəllif qeyd edir ki, indi bağlanan banklarda qorunan əmanətlər kompensasiya edilir. Ancaq qorunmayan əmanətlər heç yada salınmır. Müəllifə görə, təkcə «Standard Bank»da belə əmanətlərin həcmi 60 milyon manatdır: «Keçən ilin sonlarından Azərbaycanda 13 bankın lisenziyadan məhrum edildiyini nəzərə alsaq, astronomik həcmə malik bu əmanətlərin təəssüflə də olsa, qaytarılmayacağını söyləmək lazım gəlir».

Müəllif qeyd edir ki, bağlanan banklarda qorunmayan əmanətlərin ümumi məbləği və onun qaytarılma yolları cəmiyyətin müzakirəsindən kənara qalmamalıdır. Ekspertlərdən Əkrəm Həsənov mövzunu qəzetə belə şərh edib: «Əmanətləri sığortalanmayan əmanətçilərin yeganə variantı məhkəmələrə kütləvi şəkildə şikayət etmələri ola bilər. Mənim yanıma «Standard Bank»dan bir qadın gəlmişdi. Onun da əmanətlərinin çox hissəsi sığortalanmayıb, indi faktiki vəsaitsiz qalıb. Qanuna görə, əmanətçilər gözləməlidirlər, özü də bir il yox, illərlə. Nəticədə əminliklə demək olar ki, onların pulları qaytarılmayacaq. Odur ki, əmanətləri sığortalanmayan bütün əmanətçilər bağlanan bankların sahiblərindən, idarəçilərindən, habelə Mərkəzi Bankdan kütləvi şəkildə məhkəmələrə şikayətlər etməlidirlər».

Ekspert Nəriman Ağayev isə bu məsələdə daha bədbindir. O deyib ki, qaytarılmayan əmanətlərin həcmi bir milyard manata yaxındır. Əmanətçilər bu pul itkisi ilə barışmalıdırlar: «Mən hazırda bütün əmanətçilərə pulların qaytarılması üçün çıxış yolu və ya üsul görmürəm».

XS
SM
MD
LG