Bu il Mərakeş və Əlcəzairdən Fransadkı məscidlətə, uyğun olaraq, 6 və 2 milyon avro göndərilib.
Ötən ilyarımda Fransada üç böyük terror hücumundan sonra hökumət ictimai təzyiq altında qabaqlayıcı tədbirlərə əl atır. Bir təklif isə ziddiyyət yaradıb: belə ki, bəzi məscidlər bağlanıb, yaxud onlara xarici yardım dayandırılıb. Bu barədə «The Washington Post» qəzeti yazır.
Buna da bax: Kannda çimərliyə çadrada girmək qadağan olunub
MƏSCİDLƏRİN TERRORÇULUQ NƏ ƏLAQƏSİ?
Ötən ay, Nitsada hücumdan bir neçə həftə sonra Baş nazir Manuel Valls bir müddət Fransada məscidlərin xaricdən maliyyələşməsinə qadağa qoymağa çağırdı. Bir neçə gün sonrasa Daxili işlər naziri Bernard Cazeneuve elan etdi ki, bəzi konkret addımlar atılıb, ötən ilin dekabrından bəri 20 sələfi məscidi tamamilə bağlanıb. Cazeneuve deyirdi ki, artıq Fransada radikal çağırışlar etməyə, nifrət qızışdırmağa yer qalmayıb.
Amma Fransadakı müsəlmanların çoxu məscidlərdə terrorçuların radikallaşması fikriylə razı deyillər.
Buna da bax: Fransa baş naziri: 'Müsəlman ruhanilər Fransada yetirilməlidir'
«Belə çıxır, məscidlərin terrorçuluqla bağlantısı var», Fransada İslamafobiyaya qarşı Kollektivin direktoru Marwan Muhammad deyir. «Bu, müsəlmanları daha bir problem qarşısında qoyur».
Fransada 2 min 500 müsəlman «ibadət evi» var, amma heç də hamısı məscid adlanmır. France 24 telekanalının məlumatına görə, bunlardan 120-si radikal sələfiliklə bağlıdır.
HESABAT NƏYİ ÜZƏ ÇIXARIB
Ötən ay ölkə parlamentinin hazırladığı hesabatda deyilir ki, Fransadakı yeni məscidlərin layihəsinin əsas maliyyəsi elə ölkə içindəki individual ianələrdən gəlir, xarici hökumətlərdən deyil. Xarici maliyyələşmənin mənbəyi isə Mərakeş və Əlcəzairdir, bu il həmin ölkələrdən uyğun olaraq 6 və 2 milyon avro göndərilib.
Buna da bax: Fransada daha bir hücum, rahib öldürülüb
Amma bu hesabat bir struktur problemini üzə çıxarıb. Belə ki, dünyəvi ölkə olan Fransada məscidlər, eləcə də kilsə, sinaqoq və digər ibadət yerlərinə hər hansı dövlət yardmı ayrıla bilməz. Nəticədə yeni məscidləri maliyyələşdirməyin tək bir yolu qalır – fərdlər və xeyriyyə qurumlarından özəl ianələr. Bu da ki, ilk növbədə, xarici kapitala yol açır.
Hesabatda məscidlərə xarici vəsait axınına nəzarət edəcək qurum yaradılması tövsiyə olunurdu. Hesabat müəlliflərindən olan deputat Nathalie Goulet France 24-ə deyib ki, məqsəd xarici maliyyələşməni qadağan etmək deyil, onu daha şəffaf prosesə çevirməkdir.
NƏZARƏTİ QEYRİ-MÜSƏLMAN EDƏCƏK
Hökumət də bu tövsiyəyə qulaq verib, bu nəzarəti İslam İşləri Fonduna tapşırıb. Amma sonra hökumət daha bir açıqlama yayıb. Belə ki, fondu qeyri-müsəlman, keçmiş daxili işlər naziri, 77 yaşlı Jean-Pierre Chevènement idarə edəcək.
Buna da bax: Nitsada hücumu əslən Tunisdən olan 31 yaşlı şəhər sakini törədib
Marwan Muhammad bunu Fransa müsəlmanlarına «ikiqat təhqir» sayır.
«Müsəlman icmasını təmsil etməyən birini seçməklə onlar müsəlman baxışını müsadirə etmiş olurlar. Həm də onu demək istəyirlər ki, Fransadakı 4 milyon müsəlmandan heç biri bu mövqeni tutmağı bacarmır, buna layiq deyil», o deyir.
Bəzi mənbələr Fransada 5 milyona yaxın müsəlmanın yaşadığını qeyd edirlər ki, bu da Avropada ən böyük icmalardan biri deməkdir.