Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:50

Legatum İnstitutu, hər il olduğu kimi, yenə ölkələrin firavanlıq indeksini açıqlayıb. 149 ölkənin rifah səviyyəsi həmişəki qaydada – iqtisadiyyatın keyfiyyəti, biznes mühiti, idarəçilik, təhsil, şəxsi azadlıq, səhiyyə, salamatlıq və təhlükəsizlik, eləcə də sosial kapitalın durumuna görə müəyyən edilib. Nəşrin 10 illiyi münasibətilə institut bu il daha geniş araşdırma apararaq, ölkələri daha bir göstəriciyə, həm də ətraf mühitin durumuna görə dəyərləndirib.

Azərbaycan rifah indeksi cədvəlində 149 ölkə arasında 103-cü yerdədir. Region ölkələrindən yalnız İran Azərbaycandan geri qalır, 118-ci yerdə dayanır. Türkiyə inkişaf səviyyəsinə görə 78, Gürcüstan 84, Rusiya 95, Ermənistan 99-cu yeri tutub.

Qeyd edək ki, ötən il Azərbaycan 142 ölkə içində 71-ci olmuşdu. İqtisadiyyatın keyfiyyətinə görə, Azərbaycan qonşuları Türkiyə, Rusiya, hətta Gürcüstandan geridədir, 102-cidir.

Biznes mühitinin durumuna görə ölkə 78-ci yerdədir. İdarəçiliyin inkişaf göstəricisi daha aşağıdır, idarəçiliyin inkişaf səviyyəsi cədvəlində 127-ci yerə düşüb.

Cədvəldə Azərbaycanda təhsilin xeyli inkişaf etdiyi görünür, bu baxımdan ölkə 44-cüdür.

Şəxsi azadlığın inkişaf səviyyəsi ölkəni 76, səhiyyənin durumu 71-ci yerə salıb.

Ən aşağı göstəriciləri təhlükəsizlik (116-cı yer), sosial kapital (133-cü yer), ətraf mühitin inkişafı (141-ci yer) ilə bağlıdır.

SON 10 İLDƏ ƏN YUXARI SƏVİYYƏ

Legatum İnstitutu firavanlıq indeksini ölkələrin sərvəti və güzəranına əsasən müəyyən edir. Beləliklə, resursları eyni olan ölkələrin fərqli irəliləməsinin, kiminin az, kiminin çox şeyə nail olmasının səbəbini, ölkələrin inkişafı yolundakı əngəlləri üzə çıxarır. Sərvətini rifaha və çiçəklənməyə yönəldən ölkələri vurğulamaqla uğurun yolunu göstərir.

İnstitutun araşdırmaları güzəranın, ümumiyyətlə, dünyada son 10 ildə ən yuxarı həddə çatdığını müəyyən edib. Bundan başqa sülhün, azadlığın çiçəklənməyə hər şeydən çox töhfə verdiyi, xalqın, bazarların azad, cəmiyyətin güclü olduğu yerdə güzəranın sürətlə yaxşılaşdığı aşkara çıxıb.

İNDONEZİYA – İRƏLİYƏ, VENESUELA – GERİYƏ

Legatum İnstitutunun rifah indeksinə görə, ən böyük irəliləyişə nail olan ölkə İndoneziyadır. Bu ölkə son 10 ildə 19 pillə qalxaraq 61-ci yerə çıxıb. «Bu, bünövrələri yaxşı qoyulmuş cəmiyyətdə rifahın nə qədər sürətli ola biləcəyini göstərir», - Sənədin müəllifləri belə deyirlər.

İndoneziyanın şəxsi azadlıq, idarəçilik (14 pillə irəliləyib), sosial kapital (51 pillə qalxıb) və başqa sahələrdə durumu əks etdirən inkişaf indeksləri ölkənin xeyli irəliləməsinin səbəbini açıqlayır.

Ən sürətlə geriləyən ölkə isə Venesueladır. Rəqəmlər bu ölkənin sakinlərinin güzəranının son 10 ildə ən pis həddə çatdığını göstərir. Müəlliflərin fikrincə, böyük neft yataqlarına malik Venesuelanın təcrübəsi bütün ölkələrə görk olmalı, hər bir xalq seçiminin nəticələrini, rifah uğrunda mübarizənin vacibliyini anlamalıdır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG