Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 17:14

Jam.az saytının hazırda həbsdə olan baş redaktoru Fikrət Fərəməzoğlunun həbs müddəti artırıla bilər.

Jurnalistə açılmış cinayət işi üzrə müstəntiq F.Fərəməzoğlunun həbs müddətinin 3 ay artırılması barədə vəsatət, baş prokurorun birinci müavini Rüstəm Usubov isə təqdimat verib.

Vəsatət və təqdimata baxacaq heyət, hələ, açıqlanmayıb.

Jurnalistin vəkillərindən Elçin Sadıqov həbs müddətinin artırılması ilə bağlı vəsatət və təqdimatın qanunsuz olduğunu deyir. «Çünki Fikrət Fərəməzoğlunun qaçıb gizlənəcəyi, istintaqa, məhkəməyə təzyiq edəcəyi, sübutları saxtalaşdıracağı, yenidən cinayət törədəcəyi barədə fərziyyələri əsaslandıracaq heç bir dəlil yoxdur», - vəkil bildirib.

Vəkil həmçinin, həbsdə olduğu 4 ay ərzində F.Fərəməzoğlu barəsində cəmi bir dəfə istintaq hərəkətinin aparıldığını qeyd edib.

F.Fərəməzoğlu 2016-cı il iyunun 30-da saxlanıb. O, Cinayət Məcəlləsinin 182.1-ci (hədə-qorxu ilə rüşvət tələb etmə) maddəsi ilə ittiham olunurdu.

Ötən həftə jurnalistə qarşı yeni ittihamlar irəli sürülüb. Yeni ittihamlar Cinayət Məcəlləsinin 182-ci maddəsinin üç hissəsi ilə bağlıdır. Əvvəlki ittihamdan daha ağırdır. Jurnalist qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən (CM 182.2.1), təkrar (CM 182.2.2) və xeyli miqdarda əmlak əldə etmək məqsədilə (CM 182.2.4) hədə qorxu ilə rüşvət tələb etməkdə ittiham olunur. Bu ittihamlar sübuta yetirilərsə, onu əmlakı müsadirə olunmaqla 10 ilədək həbs gözləyir. Əvvəlki ittihamda isə maksimum 8 il həbs cəzası nəzərdə tutulurdu.

Jam.az saytının baş redaktoru F.Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb olunub. O zaman «24 saat» qəzetinin baş redaktoru olan F.Fərəməzoğlu daxili işlər naziri Ramil Usubovun şərəf və ləyaqətin qorunmasına dair iddiası üzrə məhkəməyə çəkilmişdi. Məhkəmə jurnalisti şərti olaraq 1 il azadlıqdan məhrum etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG