Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 09:46

Jam.az saytının həbsdə olan baş redaktoru Fikrət Fərəməzoğlu ona qarşı irəli sürülən ittihamlarla razılaşmır. Jurnalist şərləndiyini bildirir.

Bunu jurnalistin vəkili Elçin Sadıqov deyib.

Bakı İstintaq Təcridxanasında saxlanılan müvəkkili ilə görüşən vəkil cinayət işinin əsaslı olmadığını bildirib: «F.Fərəməzoğlu barəsində olan cinayət işi tamamilə saxtadır, heç bir sübut yoxdur. Jurnalistin özü də bildirir ki, onu uydurulmuş cinayət işi ilə həbs ediblər. Hesab edir ki, bütün bunlar yazıları ilə bağlıdır».

Vəkil cinayət işinin istintaqının davam etdiyini, F.Fərəməzoğlunun müdafiəsi ilə bağlı gərəkli hüquqi prosedurların həyata keçiriləcəyini vurğulayıb.

İyulun əvvəlində saxlanılan F.Fərəməzoğlu Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə rüşvət tələb etmə) maddəsi ilə ittiham olunur.

O zaman Daxili İşlər Nazirliyi jurnalistin həbsi ilə bağlı açıqlama yaymışdı. Nazirlik iddia edirdi ki, jurnalist iyunun 30-da bir sahibkardan 3000 manat alarkən saxlanılıb.

Daxili İşlər Nazirliyi bildirib ki, F.Fərəməzoğlu bir qrup şəxslə birgə çoxsaylı sahibkar və vəzifəli şəxs barəsində rüsvayedici məlumatlar yaymaq hədəsi ilə onlardan külli miqdarda pul alıb.

Nərimanov Rayon Məhkəməsi jurnalist barəsində 3 aylıq həbs qərarı verib.

Jam.az saytının baş redaktoru F.Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb olunmuşdu. Həmin vaxt «24 saat» qəzetinin baş redaktoru olan F.Fərəməzoğlu daxili işlər naziri Ramil Usubovun şərəf və ləyaqətin qorunmasına dair iddiası üzrə məhkəməyə çəkilmişdi. Məhkəmə jurnalisti şərti olaraq 1 il müddətinə azadlıqdan məhrum etmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG