Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 12:26

«Reuters» informasiya agentliyi Kubada minlərlə adamın İnqilab meydanına, inqilabın lideri Fidel Castro ilə vida mərasiminə axışdığını yazır. «The Telegraph» qəzeti isə dünyanın digər yerlərində onun ölümünə sevinən kütlənin videolarını yayımlayıb.

90 yaşlı lider, Kuba kommunist inqilabının rəhbəri Fidel Castro-nun ölüm xəbəri noyabrın 26-da açıqlanıb. Ölkəni, az qala, yarım əsr idarə etmiş F.Castro-nun ölümü nəyi dəyişəcək ki?

GƏNCLƏR İNAMLIDIR

«The Los Angeles Times» qəzeti inkişafa daha çox gənclərin inandığını yazır.

Əslində, hakimiyyət formal olaraq F.Castro-nun qardaşına keçəndən – 2008-ci ildən bəri çox şey dəyişib. İnqilabi liderin qardaşı Raul Castro ölkə iqtisadiyyatında islahatlar gerçəkləşdirib, kiçik biznesin inkişafına, qismən də olsa, şərait yaradıb. Məsələn, kiçik restoranların, qadın salonlarının, maşınyuma məntəqələrinin açılmasına icazə verib, xarici ölkələrə səyahət etmək istəyənlərə məhdudiyyətləri aradan qaldırıb. Son illər Kubanın ABŞ-la münasibətlərində inkişaf görünür, yarıməsrlik düşmənçilikdən sonra, nəhayət, 2014-cü ildə R.Castro və ABŞ prezidenti B.Obama münasibətlərin yeni mərhələsinə qədəm qoyduqlarını elan ediblər. Amma ABŞ liderləri, o cümlədən yeni seçilmiş prezident Donald Trump Kubada hələ də köklü islahatların gərəkdiyini, söz azadlığına, mətbuatda və meydanlarda azadlığa şərait yaratmağın vacibliyini vurğulayıblar.

«The Los Angeles Times» yazır ki, matəm mərasimləri, konsertlərin ertələnməsi, əyləncəyə qadağalar turistləri əndişələndirsə də, gənclərdə ümid yaradıb. Gənclər F.Castro-nun tarixə qovuşmasıyla yeni eranın başlanacağına, şəxsi azadlıqların və iş yerlərinin artacağına ümidli görünürlər.

Mayamidə F.Castro-nun ölüm xəbərini bayram edirlər.

Mayamidə F.Castro-nun ölüm xəbərini bayram edirlər.

«İNTERNET HƏR YERDƏ OLMALIDIR»

F.Castro ilə vida mərasimini izləməyə gələn gənclərdən bir neçəsi «The Los Angeles Times»a müsahibəsində ölkənin hələ də təcrid olunmasından şikayətləniblər. Amma F.Castro-nun ölümünün qardaşına – hazırda hakimiyyətdə olan R.Castro-ya sərbəstlik verəcəyinə inandıqlarını da bildiriblər. Adının açıqlanmasını istəməyən 18 yaşlı bir gənc internetə girişin bundan sonra artacağına ümidvar olduğunu söyləyib. «Məncə, bizdə də internet, başqa ölkələrdəki kimi, hər yerdə olmalıdır. Valideynlərim internetin nə olduğunu bilmir, bu, burda bir arzudur».

«Obyektiv olmalıyıq. Fidel bizim üçün çox şey edib, amma iş yerləri yoxdursa, inkişaf imkanımız yoxdursa, hansı yaxşılıqdan söhbət gedə bilər?». Bu sualı soyadını söyləməyən Maria adlı tələbə verib.

«The Los Angeles Times» azadlıqlar barədə bundan uzun müddət sonra da söhbət getməyəcəyini yazır. Çünki analitiklərin fikrincə, bir neçə xırda islahatı kənara qoyanda, Kubanın indiki siyasi liderləri iri addımlar atacaq liderlərə bənzəmirlər. Hökumətdəkilərin işi-gücü şimaldakı qonşuya alternativ quruluş axtarmaq, öz modelləri hesab etdikləri Çindən, Vyetnamdan misallar gətirməkdir. Qəzet yazır ki, Kuba liderləri demokratiya tələblərinə də yalnız Vaşinqtonla dostyana münasibətlər qurmaqdan ötrü baxa bilərlər.

HEGEMONLUĞA TƏHLÜKƏ

Analitiklərin dediyinə görə, indiki şəraitdə köklü dəyişikliklər Kubada hakim partiyanın hegemonluğuna təhlükə yarada bilər, ona görə də hazırkı liderlərin belə dəyişikliklərə gedəcəyi inandırıcı deyil. R.Castro özü də çoxpartiyalı quruluşun, sərbəst toplaşma kimi azadlıqların yolverilməz olduğunu dəfələrlə vurğulayıb.

«Raul, yəqin ki, vaqonlarını arxa-arxaya düzüb, onu qoruyacaq keşikçi qatarını qurduğuna əmin olmağa çalışacaq». Kuba üzrə mütəxəssis, Obama administrasiyasının tez-tez məsləhət aldığı professor Ted Henken «The Los Angeles»ə müsahibəsində belə deyib.

Kubanın potensial yeni rəhbəri Miguel Diaz-Canel

Kubanın potensial yeni rəhbəri Miguel Diaz-Canel

Kubada dövləti Kommunist Partiyasının şurası idarə edir. Bu şura əsas qanunverici orqandır. Onu isə lideri Fidel Castro-dan sonra Raul Castro tam nəzarətdə saxlayır.

SİMVOLİKLİK

Keçən il Kubada ilk dəfə Kommunist Partiyasından olmayan iki nəfər bələdiyyə seçkilərində kampaniyaya başlayıb. Amma heç biri uğur qazana bilməyib. Qəzet yazır ki, bununla da hökumət islahatçılara dərs vermiş olub.

«F.Castro-nun ölümü bu axının yönünü dəyişəsi deyil. Çünki bu siyasi sistemin şərtləri altında hər şey yalnız simvolik xarakter daşıya bilər, Latın Amerikası inqilab patriarxalizminin bir hissəsi olar». Kolorado Universitetinin professoru, keçmişdə Kubanın kəşfiyyat məlumatlarını araşdırmış Arturo Lopez-Levy belə yazır.

Kubanın indiki lideri Raul Castro-nun 85 yaşı var. O, 2018-ci ildə hakimiyyətdən gedəcəyini elan edib. Yerinə vitse-prezident Miguel Diaz-Canel-in keçəcəyi gözlənir. Nisbətən cavan olan M.Diaz-Canel də ölkənin digər öndə olan şəxsləri kimi, Kommunist Partiyasına sadiqdir, amma tanıyanlar onun ölkəni modernləşdirməyə meylli olduğunu deyirlər.

«The Los Angeles Times» yazır ki, F.Castro-nun ölümünə görə elan olunan 9-günlük matəm onun mirasından imtina edilmədiyini, mirasın möhkəmliyini göstərir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG