Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 13:04

Əsgər anası: “Düzünü deyin, Tapdığı necə öldürüblər”


Tapdıq Babaşovun anası məhkəmə önündə

Tapdıq Babaşovun anası məhkəmə önündə

►"Sizlərin sağ qalması üçün oğlum şəhid oldu, amma siz həqiqəti dandınız."

"Cənab prezident, Azərbaycanda əsgər ölümü baş alıb gedir. Əsgər ölümünə son qoymaq lazımdır. Elə bu gün, bu dəqiqə yeni qanunlar imzalanmalıdır..."

Bunu əsgər anası söyləyir. Bu ilin mayında Fövqəladə Hallar Nazirliyinin Biləcəridəki hərbi hissəsində müəmmalı şəkildə dünyasını dəyişmiş Tapdıq Babaşovun anası Kifayət Süleymanova Bakı Hərbi Məhkəməsinin qarşısındakı aksiyada prezidentə müraciətində belə dedi.

Hərbi məhkəmədə dekabrın 28-nə Tapdıq Babaşovun ölümü və həmin hərbi hissədə 50-yə qədər əsgərə işgəncə verilməsilə bağlı cinayət işi üzrə məhkəmə iclası təyin olunmuşdu.

Buna da bax: Rauf Mirqədirova cəza kəsildi

“ƏSGƏRLƏR ÖLMƏSİN”

Tapdıq Babaşov

Tapdıq Babaşov

İclasdan əvvəl Tapdıq Babaşovun anası və digər qohumları məhkəmənin qarşısında aksiya keçirdilər. Əllərində mərhum əsgərin şəkillərini tutan aksiya iştirakçıları ölkədə getdikcə artan əsgər ölümlərinə son qoyulmasını, bu cür ölüm hallarının obyektiv araşdırılıb, günahkarların sərt cəzalandırılmasını tələb etdilər.

Zərərçəkmiş Kifayət Süleymanova oğlunun Azərbaycan Silahlı Qüvvələrindəki "dedovşina"nın qurbanı olduğunu bəyan etdi:

"Mənim oğlum Azərbaycanda dedovşinaya qarşı döyüşərkən, əsgərlərin hüquqlarını müdafiə etməyə çalışarkən şəhid oldu. Şəhidlər ölmür, mənim oğlum ölməyib. Ölənlər o iyrənc çavuşlar, onların acgöz komandirləri, harınlamış generallarıdır. Bu gün biz Hərbi Prokurorluqda tapmadığımız ədaləti Hərbi Məhkəmədə axtarırıq. Oğlumun qatili düzgün tapılıb üzə çıxarılmalıdır. Mən buradan Azərbaycan prezidentinə müraciət edirəm".

Bu cinayət işi üzrə üç nəfər - Cəmil Ağayev, Elməddin Babayev və Ruslan Cavadov məhkəmə qarşısına çıxarılıb. Onlar da elə hadisə baş verən hərbi hissənin əsgərləridir. Adları çəkilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 331-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələrilə ittiham irəli sürülüb. (Ardı aşağıda)

Buna da bax: İnəklərin devalvasiyadan sonrakı söhbəti

“OĞLUM ŞƏHİD OLDU”

Kifayət Süleymanova ilə yanaşı, Fövqəladə Hallar Nazirliyinin daha 50 əsgəri də zərərçəkmiş qismində tanınıb. Cinayət işinin materiallarına əsasən, məhkəmə qarşısına çıxarılan şəxslər Tapdıq Babaşovu, eləcə də zərərçəkmiş kimi prosesə cəlb olunmuş digər əsgərləri döyüblər, onlara işgəncə veriblər.

Zərərçəkmiş əsgərlər məhkəmə zalına daxil olarkən Kifayət Süleymanova onları oğlunun ölümü ilə bağlı araşdırmalar zamanı həqiqəti deməkdən çəkinməkdə günahlandırdı:

"Sizlərin sağ qalması üçün oğlum şəhid oldu, amma siz həqiqəti dandınız. Qorxudan ancaq döyülməyinizi boynunuza aldınız. Qorxan adam vətəni necə qoruya bilər? Vicdanınız oyansın, düzünü deyin ki, Tapdığı orada necə öldürüblər..."

Əsgərlər zərərçəkmiş anaya heç bir cavab vermədilər. (Ardı aşağıda)

Buna da bax: Şaxta babalar da dolların qalxmasından danışır

VƏKİL DƏ MƏHKƏMƏYƏ GƏLMƏYİB

Hakim Müslüm Əliyevin sədrliyilə keçirilən məhkəmə iclası cəmi bir neçə dəqiqə çəkdi.

Təqsirləndirilən şəxslərdən Elməddin Babayevin müdafiəsinə yeni vəkil Rəhim Qurbanov qoşulub. O, cinayət işinin materialları ilə tanış olmadığını bildirdi və bunun üçün məhkəmədən vaxt istədi. Tərəflərin də heç biri buna etiraz etmədi. Bu səbəbdən də məhkəmə yanvarın 11-nə qədər təxirə salındı.

Bundan başqa, təqsirləndirilən şəxslərdən birinin vəkili olan Şəfiqə Nağıyeva məhkəməyə gəlməmişdi. Bu səbəbdən zərərçəkmiş Kifayət Süleymanovanın nümayəndəsi, vəkil Hüseyn Həsənov ona xəbərdarlıq edilməsini istədi:

"Biz niyə Şəfiqə xanımı bu qədər gözləməliyik? Televiziyaya gedəndə qaça-qaça gedir, məhkəməyə də gəlsin..."

Məhkəmə iclasının sonunda Kifayət Süleymanova hakimlərə müraciət etdi: "Hərbi Prokurorluqda görmədiyim ədaləti sizdən gözləyirəm!"

Buna da bax: Siyasi məhbus sayılanlardan heç kim əfvə düşmədi (Tam siyahı)

“ƏLİMİZDƏ SÜBUTLAR VAR”

Məhkəmə iclasından sonra zərərçəkmiş ana açıqlama verərək bildirib ki, yerli məhkəmələr bu işə obyektiv baxıb, ədalətli qərar çıxarmasa, Avropa Məhkəməsinə şikayət edəcək:

"Mən bu işi belə qoymayacam. Mən Hərbi Prokurorluqda ədalət görmədim. Əvvəl məni inandırdılar ki, bu iş düzgün, obyektiv araşdırılacaq. Mən çox inanmışdım onlara. Sonda birdən-birə hər şey dəyişildi, yalan oldu. Oğlumun ölümü üzrə Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə), 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddələrilə iş açmaq əvəzinə, 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə açdılar. Bunu Allah götürər?! Mənim oğlum intihar etməyib. Oğlumu öldürüb, üçüncü mərtəbədən atıblar. Əlimizdə bunu təsdiqləyən faktlar, sübutlar var. Onları vəsatət şəklində prokurorluğa göndərirdik, rədd cavabı verib üstümüzə qaytarırdı. İndi də ümidimizi Hərbi Məhkəməyə bağlamışıq".

Xatırladaq ki, evin yeganə oğlu, BDU-nun qırmızı diplomlu məzunu olan Tapdıq Babaşov bu il mayın 22-də Biləcəridəki N saylı hərbi hissədə naməlum şəraitdə dünyasını dəyişib. Cinayət işinin materiallarına görə, əsgər özünü hərbi hissənin üçüncü mərtəbəsindən ataraq intihar edib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG