Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 14:20

►Kanalizasiya xətti 2 il partlayıb

“Yağış yağanda çirkab su dizdən yuxarı qalxır. Küçə qapısından çıxa bilmirik. İşə də gedə bilmirik. Ayağımıza uzunboğaz çəkmə geyinib uşaqları da kürəyimizə şəlləyirik. Sanki kanaldan keçirik. Yolun o başında düşürüb məktəbə yola salırıq”.

Bunu AzadlıqRadiosunun “Qaynar xətt”inə Sulutəpə qəsəbəsinin Ruslan Allahverdiyev küçəsi, 15-ci döngənin sakini Fəxrəddin Abbasov deyir.

Onun sözlərinə görə, təqribən 20 il olar ki, bu ərazidə evlər tikilib, buralar yaşayış massivinə çevrilib. 10 il əvvəl küçənin kanalizasiya xətti də çəkilib. Ancaq əhalinin sayı artdıqca, xətlər yüklənib, iki il əvvəl yüklülüyə tab gətirməyərək partlayıb. O gün, bu gün, sakinlərin yolunu çirkab sular kəsib.

Məhəllə sakini İbrahim Səfərov:

“Avtomobillər də məhəllələrarası bu yoldan istifadə edirdilər. İndi kanal formasında çirkab sular axır. Üfunətdən beyin çatlayır. Təcili yardım çağırırıq, biləndə ki, bu küçədir, gəlmək istəmirlər”.

Buna da bax: Neftsiz Azərbaycanı təsəvvür edək...

200-300 METR BORU

Dövlət qurumlarına etdikləri müraciətlərin boşa çıxdığını görən sakinlər fikirləşib çıxış yolu tapıblar – “kanal”ın üzərindən ayaqaltı taxta körpücüklər salıblar. Hər qapıdan “kanal”ın o biri tərəfində bir körpücük uzanır.

Deyirlər, dərdə çarə 200-300 metr borudan ibarətdir. Ancaq nədənsə həlli bir neçə saatlıq olan bu problem iki ildir ki, mövcud olaraq qalır.

Ərazi Binəqədi rayon icra Hakimiyyətinə baxır. Qurumdan “Qaynar xətt”ə bildiriblər ki, bu yaxınlarda qurum əməkdaşları ilə Xocasən bələdiyyəsinin nümayəndələri küçəyə baxış keçiriblər. Qərara alınıb ki, problemi 5-10 metr boru ilə müvəqqəti yox, kökündən həll etsinlər – yəni bütün küçənin kanalizasiya sistemini yeniləsinlər. İcra hakimiyyəti bunun üçün “Azərsu” ASC-yə məktubla müraciət edib. Qurum küçədəki kanalizasiya probleminin yaxın günlərdə kökündən həll olunacağını vəd edir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG