Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 17:08

Amerikalı hakim Gülen-in ekstradisiyası barədə


Mark Lawrence Wolf
Mark Lawrence Wolf

Uzun müddət ABŞ-ın Massaçusets rayon məhkəməsinin baş hakimi vəzifəsində çalışmış federal hakim Mark L.Wolf 2012-ci ildə Türkiyədə hakim və prokurorlara təlim keçib. Bu günlərdə AzadlıqRadiosuna müsahibəsində Mark L.Wolf Türkiyədə qanunun aliliyi ilə bağlı fikirlərini bölüşüb. Amerikalı hakim deyib ki, Türkiyə məhkəmə sistemi çevriliş cəhdindən əvvəl də o vaxt baş nazir olan Erdoğan-ın nəzarətində idi.

«İyunda çevriliş cəhdindən sonra 24 saat ərzində 3 min hakim haqqında həbs qərarı çıxarıldı. Çox aydın məsələdir və əslində Ali Şuranın (Hakim və prokurorların şurası, hakimləri təyin edən qurum) sədr müavini də bu fikirdədir ki, həmin hakimlərin siyahısı əvvəldən mövcud idi. Yəni, siyahı çevriliş cəhdindən sonrakı saatlarda hazırlanmamışdı, amma çevriliş hökumətə qanunun aliliyini müdafiə edənləri, sadəcə, vəzifədən kənarlaşdırmağa deyil, onları həbsxanaya salmağa fürsət, daha doğrusu, bəhanə verdi».

GÜNAHSIZ HAKİMLƏR

Türkiyə ədliyyə sisteminin məlumatına görə, çevriliş cəhdindən bu yana ölkədə 3 min 700-dək hakim və prokuror, 100 minə qədər digər vəzifə sahibləri ya tutulub, ya da işdən qovulub. Onların hamısı bu hadisədə iştirakda, çevrilişin arxasında durmaqda təqsirləndirilən ilahiyyatçı Fethullah Gülen-lə əlaqədə suçlanırlar. Amerikalı hakim hazırkı vəziyyətdə bu şəxslərə qarşı məhkəmə prosesinin ədalətliliyinə inanmağın mümkün olmadığını deyir: «Həbs edilən heç bir hakimə xüsusi ittiham irəli sürülməyib. Bildiyim qədəri ilə, azad olunan hakimlər də var, istintaq-filan da aparılmır. Belə olan halda, bu işlərə ədalətlə baxıldığını təsəvvür etmək mümkün deyil. Həbsləri tənzimləməkdən ötrü bəzən xüsusi məhkəmələr qurulur, amma indi Türkiyədə hansısa hakimin Gülen-in terrorçu təşkilatı ilə əlaqədə günahlandırılan hansısa müttəhim haqda ədalətli qərar çıxaracağına inanmaq mümkün deyil, çünki həmin hakimin də həbsə atılacağı əvvəldən bəllidir».

Mark L.Wolf bəzi hakimlərin öz keçmiş həmkarlarının günahsız olduğunu bilə-bilə onlar barəsində ədalətsiz qərar çıxardıqlarını etiraf etdiklərini xatırladır. Bu hakimlər doğru qərar versəydilər, özlərinin də həbsə atılacağından qorxduqlarını dilə gətiriblər.

Bəs bütün bunlar Türkiyə üçün yenidirmi?

Türkiyədə məhkəmə binası
Türkiyədə məhkəmə binası

«PROSES SÜRƏTLƏNDİ»

Mark L.Wolf Türkiyənin müstəqil məhkəmə və ədalətli ittihamla bağlı tarixinin ürəkaçan olmadığını, amma ən azı, 2012, 2013-cü illərdə Türkiyədə buna səy göstərən şəxslərin, vicdanlı, bitərəf, müstəqil məhkəmə sistemi yaratmağa çalışanların ortaya çıxdığını qeyd edir: «İndi bu cəhdlər alt-üst edilib, onların qarşısı çevrilişdən əvvəl alınıb. Çevriliş cəhdi isə bu prosesi sürətləndirməyə fürsət verib».

Türkiyə hazırda Birləşmiş Ştatlarla danışıqlar aparır, çevriliş cəhdinin arxasında dayandığını iddia etdiyi Fethullah Gülen-in ABŞ-dan ekstradisiya olunmasını, hətta ekstradisiyaya qədər həbsini istəyir. Bu günlərdə Vaşinqtona səfər edən Türkiyə ədliyyə naziri Bekir Bozdağ amerikalı həmkarı Loretta Lynch-lə görüşüb. «Reuters» agentliyinin məlumatına görə, B.Bozdağ L.Lynch-ə Gülen-in həbsindən ötrü yeni dəlillər verdiyini deyir.

Ankara Gülen təhvil verilməzsə, ABŞ-la münasibətlərinin korlanacağını, əlaqələri kəsəcəyini bildirir.

ABŞ-ın daimi vətəndaşı olan Gülen-i Türkiyəyə ekstradisiya etməsi ehtimalı varmı?

EKSTRADİSİYA NƏ ZAMAN ALINMAYA BİLƏR

Mark L.Wolf deyir ki, əslində, Türkiyə ekstradisiya haqda formal tələbi hələ göndərməyib. Hakimin sözlərinə görə, yalnız belə bir tələbdən sonra amerikalı hakimlərin də cəlb olunacağı qanuni proses başlaya bilər və ekstradisiya haqda standartların yerində olub-olmadığı müəyyən edilər.

Fethullah Gülen
Fethullah Gülen

«Standartlar dedikdə, birincisi, Gülen-in həm Türkiyədə, həm də Birləşmiş Ştatlarda cinayət əməli sayılan hadisədə iştirak etdiyini isbatlayan etibarlı dəlil olmalıdır. Bəlkə də belə dəlil var, mən bilmirəm. Ancaq daha iki məsələ var. Bildiyimə görə, ABŞ-ın ekstradisiya haqda qanununda deyilir ki, Gülen-in belə bir cinayəti törətdiyi sübut olunsa belə, ABŞ hakimi Türkiyədə onun ədalətlə mühakimə olunacağına, işgəncələrə məruz qalmayacağına əmin olmasa, ekstradisiya baş tuta bilməz. İndi bu barədə başqa hakim qərar verəcək. Mən o dəlilləri görməmişəm. Verilə biləcək təminatları da görməmişəm. Amma Gülen Türkiyəyə qayıdarsa, ədalətli məhkəmə ilə üzləşəcəyinə inanmaq mümkündürmü?», - deyə Mark L.Wolf sual verir.

Türkiyə Ədliyyə Nazirliyinin yaydığı son bəyanatda da ekstradisiya prosesinin tərəf ölkələrin standartlarına uyğun gerçəkləşməli olduğu bildirilib. Oktyabrın 27-də amerikalı həmkarıyla görüşdən sonrakı mətbuat konfransında isə B.Bozdağ «Human Rights Watch»un Türkiyədə məhbusların işgəncəyə məruz qalmasıyla bağlı ittihamlarını rədd edib.

QISAMÜDDƏTLİ STRATEGİYA

O ki qaldı Qərbin özünün Türkiyədə qanunun aliliyinin təminatına yardımına, Mark L.Wolf hesab edir ki, Türkiyənin ABŞ-ın əhəmiyyətli hərbi tərəfdaşı olması, Avropaya qaçqın axınını əngəlləməsi Qərbin bu ölkədə qanunun aliliyi ilə bağlı məsələlərə göz yummasına səbəb olur.

«Fikrimcə, bu, qısamüddətlidir. Türkiyə NATO-da müttəfiqdir, NATO isə demokratik ölkələrdən ibarət alyans qurmaq niyyətindədir. Məncə, Türkiyə qanunun aliliyinə riayət etməsə, həm ABŞ, həm də onun NATO-dakı müttəfiqləri üçün etibarlı, yaxud dəyərli tərəfdaş ola bilməyəcək».

Mark L.Wolf söyləyib ki, hazırda Türkiyədə baş verənlər Birləşmiş Ştatları və onun müttəfiqlərini də çətin sınaq qarşısında qoyub. «Amma bizim qanunun aliliyinin təmin olunmasına çalışmamağımız rüsvayçılıq olar, biz ədalətli hakimlərin, ədliyyə işçilərinin həbsinə, onların ailələrinin və yaxınlarının həyatının alt-üst edilməsinə imkan vermiş olarıq. Nəticədə vəfalı müttəfiqimizi itirərik». Federal hakim Mark L.Wolf AzadlıqRadiosuna müsahibəsində belə deyib.

Müsahibəni Azad Avropa/Azadlıq Radioları - RFE/RL-in proqramlama üzrə regional direktoru Abbas Cavadi aparıb.

XS
SM
MD
LG