Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 06:19

‘Kerosini kəsiblər, qaz xətti də yoxdur, fermada donuruq’


Kəlbəcər məcburi köçkünləri
Kəlbəcər məcburi köçkünləri

Qaz İdarəsi fermada yaşayan köçkün ailəsinə qaz xətti çəkmək üçün 1000 manat istəyir.

Tural İbrahimov Kəlbəcər köçkünüdür. Goranboyun Xoylu kəndindəki fermada məskunlaşıb. Deyir, hökumət ona döşəməsi, tavanı sınıq-salxaq beton olan ferma həyatını da çox görüb. Əvvəllər onlara köçkün ailəsi kimi, yanacaq məqsədilə verilən pulsuz kerosini kəsiblər. Qaldığı fermanın yaxınlığındansa yerli-dibli qaz xətti keçmir. Bəs necə yaşamalı? Leysanlar başlayandan, havalar soyuyandan bu sual Tural İbrahimovu daha çox düşündürməyə başlayıb:

“1 ildir “Qaçqınkom” kerosini kəsib. Heç olmasa qışın sazağında əlimizdən tuturdu. Elə bil bizi hərtərəfli məhv etməyə çalışırlar. Hardan bir az işıq ucu gəlirsə, o deşiyə tez yastıq basıb qapadırlar. O kerosini kəsməklə nələri artdı, nələri azaldı, bilmirəm. Ancaq istəyirəm bilsinlər ki, o kerosini kəsməklə uşaqları soyuqda qoydular. Fermada yaşayırıq, o demək deyil ki, bizimlə heyvan kimi davranmalıdılar”.

Buna da bax:​ Qamışlıq içindəki anbarda üç ailə yaşayır

“BURDA İNSAN YAŞAYIR”

Hazırda fermada 4 ailə məskunlaşıb. Hər biri də eyni problemi yaşayır. Tural İbrahimov: “Bura fermadır, aşağısı, yuxarısı daş beton... Vaxtilə burda inək saxlayıblar. İndi özünüz düşünün, burda insan yaşayır, uşaqlar böyüyür. Heç nə istəmirik ki... Sadəcə, istilik versinlər, uşaqların əl-ayağı donub, rütubətdən ciyərlərimiz, bronxlarımız sıradan çıxıb. Dəfələrlə aidiyyəti qurumlara yazmışıq ki, bu dörd ailə əldən gedir”.

Ailələrə təklif olunub ki, kəndin 500-600 metrliyindən keçən ana qaz xəttindən fermaya qazı özləri çəksinlər. Ya da Goranboy rayon Qaz İstismar İdarəsinə 1000 manat ödəsinlər, üstəlik, boruları da alsınlar, bu işi idarə özü görsün. Köçkünlərsə bu qədər pulu haradan əldə etsinlər, özləri də bilmir.

Buna da bax:​ Köçkünlərin müavinətini kəsdilər

“FERMADA YAŞAYANDA PUL NƏ GƏZİR?”

“Heç kəs işləmir, çünki iş yoxdur. Fermada yaşayan adamda pul nə gəzir?”, Tural İbrahimov deyir.

“Qaçkınkom”dan köçkün ailəsinə əvvəllər pulsuz verilən kerosinin hansı səbəbdən 1 ildən çoxdur kəsilməsinə cavab almaq mümkün olmayıb. Goranboy rayon icra hakimiyyətindən bildirilib ki, köçkün ailələrə hər ay qaz sərfiyyatına görə limit ayrılır. Tural İbrahimovun qaldığı yerdə mavi yanacaq olmadığından bu limitdən kənarda qalıb. Ailəyə hər ay verilən kerosinin hansı səbəbdən kəsildiyini isə qurumda bilən yoxdur.

Buna da bax: Köçkün ailəsi iki gündür küçədə gecələyir

Goranboy rayon Qaz İdarəsindən isə “Qaynar xətt”ə bildirilib ki, idarə yalnız ana xətti çəkir. Abonentlər ana xətdən yaşadıqları ünvana qaz xəttini öz hesablarına çəkirlər. Üstəlik, Xoyludakı keçmiş fermada məskunlaşan köçkünlər əvvəlcə texniki şərt almalıdılar. Ancaq köçkünlərin məskunlaşdıqları yer qeyri-yaşayış sahəsi olduğundan həmin ünvana texniki şərt almaq mümkün deyil.

XS
SM
MD
LG