Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 10:26

Fərəc Kərimli: 'Çox çəkdi...'


«Həbsxana da bir məktəb idi. Orda keçirdiyim iki ilə təəssüflənmirəm». Oktyabrın 4-də azadlığa çıxan Müsavat Partiyası başqanının müavini Fərəc Kərimli AzadlıqRadiosuna müsahibəsində belə deyir. Bir də onu deyir ki, «azadlıqda olmaq gözəldir», amma... «Tam rahat ola bilmirsən. Həbsdə dostlarımız qaldı. İlkin Rüstəmzadə, Əli İnsanov, Əbdül Əbilov, Elvin Abdullayev, İlqar Məmmədov... Adını çəkmədiyim başqa siyasi məhbusları görəndə tam rahatlana, azadlığı tam hiss edə bilmirsən».

O, amnistiyaya düşsə də, azadlığa bir neçə ay sonra buraxılmasını referendumla bağlayır:

- Ali Məhkəmənin qərarı ilə cəzam yüngülləşəndən sonra məni 14 saylı cəzaçəkmə müəssisəsinə apardılar. Orda dedilər ki, 5-10 günə buraxılacaqsan. Sonra da məsələ uzandı, araya referendum düşdü. Çəkdi, çox çəkdi... Yəqin belə məsləhət bildilər ki, referendumdan sonra çıxım azadlığa...

- Bu gün azadlığa çıxmağınız Sizin üçün gözlənilməz idi, ya əvvəldən nəsə deyilmişdi?

- Belə şübhəli idi... Yox, bu gün gözləmirdim, açığı. Amma oktyabrın 15-dək azadlığa buraxılacağımı ehtimal edirdim.

- Sizə bu haqda nəsə demişdilər?

- Demişdilər ki, buraxıla bilərsən. Ancaq o da var ki, «14-cü zon»a aparılanda da demişdilər ki, 5-10 günə buraxılacaqsan. O 5-10 gün 4 ay olandan sonra şübhəli qalmışdım.

- Artıq azadlıqdasız. İki il əvvələ qayıdaq. Həbsinizi necə dəyərləndirirsiz?

- Hakimiyyətin sifarişi ilə həbs edilmişdim. Şər, böhtan idi, qondarma ittihamlar idi.

- O ərəfədə həbsinizi gözləyirdizmi?

- Həbsimdən ayyarım, iki ay əvvəl tutulmağımı gözləyirdim. Haqqımda bəzi məlumatlar verilmişdi, yoxlanırdım, izlənirdim. İş yerimdə də izlənirdim. Həbsimi gözləsəm də, qardaşımın mənimlə eyni vaxtda tutulacağını gözləmirdim.

- Qardaşınızın həbsi təsadüf idi, ya o da, dediyiniz kimi siyasi sifarişlə tutulmuşdu?

- Dedilər ki, qardaşımı səhvən həbs ediblər. Amma Natiq Ədilovun (hazırda Fransada yaşayan jurnalist, müxalif mövqeli «Azərbaycan saatı» proqramının aparıcısı – red.) qardaşı Murad Ədilovu həbsdə görəndə, Emin Millinin (hakimiyyəti tənqid edən «Meydan TV»nin direktoru – red.) qohumlarının həbsini görəndə düşünürəm ki, bu, təsadüf deyildi, yəni, deyildiyi kimi, səhv deyildi. Elə düşünülmüş şəkildə olub.

- Siz 2014-cü ildə həbs edilmişdiniz, ölkədə bir çox hüquq müdafiəçilərinin, fəalların saxlanıldığı bir vaxtda. Sizcə, çoxsaylı həbslərdə məqsəd nə idi?

- Məqsəd müxalif düşərgənin, ictimai sektorun gözünü qorxutmaq idi. Şəxsən mənim Müsavat Partiyasındakı fəaliyyətimə əngəl olmaq idi. Həm də öz aləmlərində gəncləri qorxutmaq istəyirdilər.

- Üstündən iki il ötür. Sizcə, hakimiyyət həbslərlə istədiyinə nail oldumu? Hər halda, xeyli insan ya susdu, ya ölkəni tərk etdi...

- Şəxsən məni həbs etməklə nəyəsə nail olmadılar (gülür). Əksinə, bundan sonra daha artıq, daha əzmlə mübarizə aparacağam.

- Yəni qaldığınız yerdən davam edəcəksiz?

- Bəli. Xeyli də istirahət etmişəm. İndi fəaliyyətimizə başlayacağıq.

- İdeyalarınız varmı?

- Həbsxanadan çıxandan sonra görəcəyim işlər haqda, əlbəttə, düşünmüşəm. Yaxın vaxtlarda yəqin bu hiss olunacaq (gülür).

- Siz referendumdan sonra azadlığa çıxdınız. Konstitusiyaya ciddi dəyişikliklər səsverməyə çıxarıldı və MSK-nın ilkin məlumatına görə, xalq onlara «hə» deyib. Siz nə düşünürsünüz bu dəyişikliklər haqda?

- Bu, ölkədə diktatura qurulmasının, sadəcə, yazılı təsdiqidir. Başqa heç nə.

Fərəc Kərimli 2014-cü il iyulun 23-də həbs edilmişdi. Ona qarşı Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitə əldəetmə, saxlama, satma, daşıma) maddəsi ilə ittiham elan olunub.

Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə o, 6 il yarım azadlıqdan məhrum edilmişdi. Yeri və beynəlxalq hüquq təşkilatları onu vicdan məhbusu kimi tanıyırdılar.

Bu il mayın 24-də Ali Məhkəmə onun cəzasını azaltmışdı. Hakimlər kollegiyası CM-nin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik saxlama) maddəsi ilə ona verilmiş ittihamın 234.1-ci maddəyə tövsif olunduğunu, cəzanın da 3 ilə endirildiyini elan etmişdilər.

F.Kərimlinin qardaşı Sirac Kərimli isə prezidentin son əfv fərmanı ilə azadlığa çıxmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG