Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 05:45

İlin sonuna doğru Azərbaycanın milli valyutası – manata təzyiqi artıracaq hadisələrdən biri də ABŞ mərkəzi bankı – Federal Ehtiyat Sisteminin (ingiliscə qısa adı FED) verəcəyi faiz qərarıdır. Maraqlı burasıdır ki, hökumət də FED-dən faiz artımı qərarı gözləyir. Gələn ilin dövlət büdcəsinin təqdimatında da FED-in pul siyasəti dərəcəsini bu ilin sonuna kimi artırması ehtimallarının güclənməsindən söz açılır. Qeyd olunur ki, problemli bank aktivlərinin «Brexit»in təsiri altında maliyyə axınlarını daha çox ABŞ-ın maliyyə bazarlarına «qaçırtması», sonuncuda isə iqtisadi artımın bərpası bu gözləntiləri artırıb.

Sənəddə deyilir ki, belə olan halda inkişaf etməkdə olan iqtisadiyyatların suveren borc faizləri daha da arta bilər: «Bunu nəzərə alaraq, xüsusilə də Azərbaycan kimi resurs ixracatçısı olan və əhəmiyyətli fiskal korreksiya dövrünü yaşayan inkişaf etməkdə olan ölkələrdə maliyyə sabitliyinin qorunması ən önəmli məqsədlərdən birinə çevrilməkdədir».

Buna da bax-Məzənnə yeni qayda ilə müəyyən ediləcək

Yeri gəlmişkən, FED rəhbəri Janet Yellen də uçot dərəcəsinin cari ilin sonunadək artırılacağını istisna etməyib.

«PROSES YUBANDI»

Belə olan halda sual yaranır: FED – dən faiz artımı gözləyən hökumət bu qərarın təsirlərinə hazırdırmı? Xatırladaq ki, ötən ilin dekabrında FED faiz artırandan sonra manat ikinci dəfə devalvasiyaya uğradı.

İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, FED-in son açıqlamaları göstərir ki, ilin sonunadək ABŞ-da uçot dərəcəsinin artırılması ehtimalları kifayət qədər yüksəkdir: «Əslində, ABŞ-dakı mövcud iqtisadi göstəriciləri nəzərə aldıqda, FED dərəcəni artıq artırmalı idi. Amma FED üzvləri arasındakı ehtiyatlı yanaşma prosesi yubatdı və yubadır».

O bildirir ki, FED qərarı Azərbaycan manatına təsir göstərir: «Təbii ki, Azərbaycan Mərkəzi Bankının (AMB-nin) kursa inzibati müdaxiləsini nəzərə alsaq, bu təsir dolayıdır. Amma bu qərarın valyuta bazarımıza psixoloji təsirləri də var. FED uçot dərəcəsini artırarsa, o zaman dollara tələb yenidən yüksələcək».

Vüqar Bayramov

Vüqar Bayramov

«DOLLARA TƏLƏB ARTACAQ»

Ancaq ekspert onu da əlavə edir ki, AMB-nin manat bazasını azaltmaq siyasətini davam etdirməsi dollara olan tələbi inzibati şəkildə məhdudlaşdırır. Belə ki, Azərbaycanda pul bazasının həcmi oktyabrın 1-nə 6.81 milyard manat olub və bu da sentyabrın 1-i ilə müqayisədə 601.9 milyon manat və yaxud 8.12% azdır. Son bir ildə pul bazasının həcmi 240.1 milyon manat və yaxud 3.4%, ilin əvvəlinə nisbətən isə 91.5 milyon manat və yaxud 1.32% azalıb.

Buna da bax-Bu rejimin adı nədir?

İqtisadçının sözlərinə görə, AMB FED-in qərarına manat bazasını kiçiltməklə hazırlaşır: «Təbii ki, iqtisadi baxımdan bu, məqbul yol deyil. Çünki real sektor «isti pullar» tələb edir. Manat bazasının kiçilməsi manat qıtlığı deməkdir və bu da real sektora mənfi təsir göstərir. Əgər FED uçot dərəcəsini ilin sonu artırarsa, bu, Azərbaycanda dollara tələbi qaldıracaq».

V.Bayramov qeyd edir ki, onsuz da, ilin sonuna doğru Azərbaycanda dollara tələbin artması gözlənilir: «Çünki banklar, şirkətlər və eləcə də, dövlət müəssisələri borc öhdəliklərini bağlamalıdırlar. Bayramlarla bağlı da idxal artır. Bu da valyuta tələbinin artması deməkdir. Buraya xarici səfərlərin çoxalmasını da əlavə etsək, dollara tələbin artacağı qaçılmazdır. FED-in potensial qərarı isə dollara tələbi daha da yüksəldə bilər».

Günün bütün mövzuları

XS
SM
MD
LG