Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 14:39

Qlobal ərzaq böhranı «fast-food»a meyli gücləndirib. «The Guardian» qəzeti bunu yeni açıqlanmış tədqiqata əsasən yazır.

UCUZ, DADLI, DƏBLİ

2007-2011-ci illərdə ərzaq dramatik şəkildə bahalananda milyonlarla insan qarğıdalı, düyü, un kimi ənənəvi ərzaq məhsulları almağa zorlanırdı. Nəticədə onlar Qərb dəbinə meylləndilər, yəni şəkər, yağ və duzla zəngin «fast-food»u seçməyə başladılar. Bunu 10 ölkədə dörd il ərzində keçirilmiş araşdırma üzə çıxarıb.

Keniya, Boliviya, İndoneziya, Pakistan, Vyetnam və Zambiya kimi ölkələrdə əhali ailələrini doyuzdurmaqdan ötrü daha çox işləməyə başladı, amma sonucda ailələri ilə daha az vaxt keçirdilər. Beləliklə, onlar da rahatlığa görə «fast-food» almağa başladılar. Araşdırmanı İnkişaf Tədqiqatları İnstitutu və «Oxfam» xeyriyyə təşkilatı birlikdə aparıb.

Qadınlar daha ağır, təhlükəli, ödənişli işlərə girişdiklərindən ailələrini yedizdirmək prosesini sürətləndirməyə məcbur oldular, hazır, «fast-food» tipli yeməklərə üz tutdular. «Uşaqlar və gənclər isə hazır yeməklərin ilk istifadəçiləridir, axı həmin yeməklər ucuz, dadlı, əyləncəli və dəblidir. Bununla bir vərdiş formalaşmış oldu», - müəlliflər vurğulayır.

PRAKTİK VƏ PSİXOLOJİ SƏBƏBLƏR

Hesabatda qeyd olunur ki, ayaqüstü yemək artan iqtisadiyyatlarda kişilər arasında daha çox yayılıb. Onların ya nahara getməyə ailələri yoxdur, ya da evdəkindən daha yaxşı yeyə bilirlər. Bəziləri üçün restoranlar və qəlyanaltıxanalar iş günlərinin bir hissəsinə çevrilib.

Buna da bax-'Fast-food' sağlamlığa xeyirli yemək olur

«Adamlar doymaqdan ötrü çox işləməli olurdular. Amma hətta çox işləməklə belə, maaşları artmağa başlayandan sonra belə, ailələrini yetərincə doyuzdura bilmirdilər. Qiymətlər kəllə-çarxa vuranda insanlar bahalı şeyləri ucuzları ilə əvəzləməyə başladılar, amma bununla da təhlükəsizliyi, dadı həcm və qiymətə qurban verdilər», - hesabatda deyilir.

Müəlliflər adamların niyə hazır yeməklərə üstünlük verməsinin səbəbini də soruşublar və belə bir qənaətə gəliblər ki, bunun arxasında praktik və psixoloji səbəblər dayanır, – «fast-food» yeməklərə çatımlılıq, onlardan asılılıq, tərkiblərində şəkər, duz və piyin olması və sairə.

QİYMƏT DÜŞDÜ, VƏRDİŞ DƏYİŞMƏDİ

Tədqiqatçılar dörd il ərzində fərdlər və ailələrin yemək vərdişlərini öyrəniblər. Maraqlıdır ki, ərzaq qiymətləri 2012-ci ildə düşsə də, bu mədəniyyət davranışı hələ də qalmaqdadır. «Tədqiqat ölkələrinin hamısında adamlar sağlıqsız «fast-food»a üz tutmaqdadır», - baş tədqiqatçı Naomi Hossain deyir.

«İnkişaf edən ölkələrdə hökumətlər bu dəyişikliklərə təcili diqqət ayırmalı, gərəkən ərzaq təhlükəsizliyi tədbirləri həyata keçirməli, balanssız qidalanma və kökəlmə epidemiyasının qarşısını almalıdırlar», - hesabatda vurğulanır.

«Oxfam»ın proqram tədqiqatçısı John Magrath deyir ki, «ərzaq qiymətləri böhranı çox adamı, özəlliklə, qadınları daha ağır, təhlükəli işə sövq edib. Onlar qeyri- müəyyən saatları işləyirlər, yoxsuldurlar, maaşlara bel bağlamalı deyil. Həm də ailələri ilə az vaxt keçirir, dəyərli yeməklər hazırlamır, birlikdə yemirlər».

Günün bütün mövzuları

XS
SM
MD
LG