Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:05

Bakı Apellyasiya Məhkəməsinin zalında vəkil Fariz Namazlının qadını döyməsi haqda məlumat təsdiqlənməyib.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə «Turan» agentliyinə bildirib.

Bundan öncə F.Namazlı Yasamal Rayon 28-ci Polis Bölməsinə çağrılıb. Bir qadın oktyabrın 20-də məhkəmədə vəkilin onu döyməsi barədə şikayət verib. Bu şikayət siyasi işlər üzrə müttəhimləri müdafiə edən vəkilə təzyiq cəhdi kimi qiymətləndirilib.

Hadisəni şərh edən O.Mansurzadə deyib ki, məlumatı Bakı Şəhər Baş Polis İdarəsi araşdırıb.

Müəyyən edilib ki, oktyabrın 20-də saat 19:00-a yaxın polisə təcili yardım stansiyasından məlumat daxil olub ki, X.Şahverdiyeva adlı bir qadın kəllə-beyin xəsarəti alıb. Qadın bildirib ki, oktyabrın 20-də saat 15:30-a yaxın məhkəmə zalında onu vəkil F.Namazlı döyüb.

Lakin əslində oktyabrın 20-də məhkəmə zamanı F.Namazlının özünün hücuma məruz qaldığı müəyyən edilib. Bu, müşahidə kamerasındakı qeydlərlə də təsdiqlənib.

Məhkəmə-tibbi ekspertizası X.Şahverdiyevanın yüngül dərəcəli xəsarətlər aldığını müəyyən edib. Toplanmış material hüquqi qiymət verilməsindən ötrü Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsinə göndərilib.

Öz növbəsində, F.Namazlı deyib ki, hüquqi qiymət cinayət işinin başlanmasını və ya imtinanı nəzərdə tutur. İndiki halda işdə məhkəmə zalında törədilmiş xuliqanlıq əlamətləri var.

Həmin insidentin məhkəmədə hakimin müttəhimin vəkili olan F.Namazlının vəsatətini təmin etdikdən sonra baş verdiyi bildirilirdi. Onda vəsatətin qəbul edilməsini zərərçəkənlərin qohumları etirazla qarşılamışdı. Zalda qarşıdurma yaşanmışdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG