Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:19

«Azadlıq» qəzetinin yayım direktoru, AXCP sədrinin köməkçisi Faiq Əmirlinin həbsindən verilmiş apellyasiya şikayətinə baxılıb. Bakı Apellyasiya Məhkəməsində Həsən Əhmədovun sədrlik etdiyi hakimlər kollegiyası şikayəti təmin etməyib. Qapalı keçirilən məhkəmə iclasında F.Əmirli özü də iştirak edib. O, ittihamın saxta olduğunu, ona heç bir aidiyyəti olmadığını söyləyib.

F.Əmirlinin vəkili Aqil Layıcov AzadlıqRadiosuna bildirib ki, qərarı alandan sonra Avropa Konvensiyasının 5-ci (azadlıq hüququ) maddəsinin pozuntusundan Avropa Məhkəməsinə şikayət edəcəklər.

«Bizim onsuz da apellyasiya məhkəməsindən ədalətli, obyektiv qərar çıxarılması ilə bağlı gözləntimiz yox idi. Sadəcə, Avropa Məhkəməsinə müraciət etmək üçün bu instansiyanı keçmək tələb olunur. Gözlədiyimiz kimi də oldu», - A.Layıcov bildirib.

Buna da bax-Lalə Əmirli: 'Onun İmam Faiq kimi həbsini gözləmirdim'

F.Əmirlinin Azərbaycanda «gülençi»lərə qarşı mübarizə imitasiyasının qurbanı olduğunu deyən vəkil əlavə edib ki, onun maşınından tapıldığı iddia olunan kitablarla bağlı ekspertiza təyin edilib. Amma ekspertizanın nəticəsi bəlli deyil.

F.Əmirli avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi Rayon Məhkəməsi onun haqqında ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.

F.Əmirli CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim edir.

AXCP isə F.Əmirlinin həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilirdi ki, hakimiyyət bununla özünün Türkiyədə 15 iyul çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülen-lə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.

Günün bütün mövzuları

XS
SM
MD
LG