Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:34

«Azadlıq» qəzetinin yayım direktoru Faiq Əmirli barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması üçün məhkəməyə müraciət edilib. Bu barədə AzadlıqRadiosuna onun vəkili Aqil Layıcov məlumat verib.

Vəkil bildirib ki, müdafiə tərəfinin ev dustaqlığı ilə bağlı vəsatətinə oktyabrın 12-də Nəsimi rayon Məhkəməsində hakim Şəlalə Həsənova baxacaq.

Aqil Layıcov deyir ki, Faiq Əmirlinin həbsdə saxlanması üçün heç bir əsas yoxdur.

«Əvvəla, Faiq Əmirliyə verilən ittihamlar tam absurddur və reallıqla yaxından-uzaqdan heç bir əlaqəsi yoxdur. İkincisi, Faiq Əmirlinin həbsdə saxlanmasına əsaslar mövcud deyil. Onun həbsdən buraxılması istintaqın gedişinə heç bir maneə törədə bilməz», – vəkil bildirib.

Faiq Əmirli bu il avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.

F.Əmirli CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının «Hizmet» hərəkatının imamı kimi təqdim edir.

AXCP isə F.Əmirlinin həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilirdi ki, hakimiyyət bununla özünün Türkiyədə 15 iyul çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülen-lə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.

Hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen də ittihamları qəbul etmir.
Vəkillərinin bildirməsinə görə, istintaqda F.Əmirliyə ittiham olunduğu məsələlər üzrə yox, «Azadlıq» qəzetinin maliyyə qaynaqları haqqında suallar verildiyindən, o, müstəntiqə ifadə verməkdən imtina edib.

F.Əmirlinin həbsindən sonra «Azadlıq» qəzetinin çapı da dayanıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG