Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:24

"Azadlıq" qəzetinin yayım direktoru Faiq Əmirlinin barəsində həbs qərarından Avropa Məhkəməsinə şikayət göndərilib. Bu barədə AzadlıqRadiosu-na onun vəkili Aqil Layıcov məlumat verib.

Oktyabrın 21-də Bakı Apelyasiya Məhkəməsində Faiq Əmirlinin barəsində həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması məsələsilə bağlı şikayətə baxılıb. Vəkil Faiq Əmirlinin ev dustaqlığına buraxılması üçün vəsatət versə də, Nəsimi Rayon Məhkəməsi vəsatəti təmin etməmişdi. Həmin qərardan apelyasiya şikayəti verilib.

Buna da bax:​ Faiq Əmirli ev dustaqlığına buraxılmadı

Apelyasiya məhkəməsində qapalı keçirilən iclas 3-4 dəqiqə çəkib və Vüqar Məmmədovun sədrlik etdiyi hakimlər kollegiyası apelyasiya şikayətini təmin etməyib.

“BƏHANƏLƏRƏ ƏSAS VERMƏK İSTƏMİRİK”

Vəkil Aqil Layıcov deyir ki, Faiq Əmirlinin siyasi sifarişlə həbs olunduğunu nəzərə alaraq, məhkəmədən ədalətli nəticə gözləmirdilər: "Sadəcə, gələcəkdə ortaya çıxa biləcək bəhanələrin qarşısını almaq üçün bütün addımları atırıq. Onsuz da Faiq Əmirlinin barəsində həbs-qətimkan tədbirinin seçilməsinə dair qərardan Avropa Məhkəməsinə şikayət göndərilib. Sabah bu məsələ ilə əlaqədar Azərbaycan hökumətinə sorğu göndəriləndə deyə bilərlər ki, "niyə qətimkan tədbirinin dəyişdirilməsi üçün müraciət etməmisiz?" Bu cür bəhanələrə əsas vermək istəmirik".

Faiq Əmirli bu il avqustun 20-da saxlanıb. Avqustun 22-də Nəsimi rayon Məhkəməsi onun haqqında 3 aylıq həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar verib.

Buna da bax: 'Azadlıq' qəzetinin indi də etibarnamə problemi çıxıb

F.Əmirli CM-nin 168.1-ci (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283.2.2-ci (Milli, irqi, sosial, dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham edilir. İstintaq orqanları onu hazırda ABŞ-da yaşayan Fethullah Gülen-in tərəfdarlarının "Hizmet" hərəkatının imamı kimi təqdim edir.

AXCP isə F.Əmirlinin həbsini siyasi sifariş sayır. Partiyanın verdiyi bəyanatda bildirilirdi ki, hakimiyyət bununla özünün Türkiyədə 15 iyul çevriliş cəhdini himayə etməkdə günahlandırılan Fethullah Gülen-lə əlaqələrini gizlətməyə və rəqiblərini sıradan çıxarmağa çalışır.

Buna da bax: ​Faiq Əmirli istintaqa ifadə vermir

Hazırda ABŞ-da yaşayan ilahiyyatçı Fethullah Gülen də ittihamları qəbul etmir.

Vəkillərinin bildirməsinə görə, istintaqda F.Əmirliyə ittiham olunduğu məsələlər üzrə yox, "Azadlıq" qəzetinin maliyyə qaynaqları haqqında suallar verildiyindən, o, müstəntiqə ifadə verməkdən imtina edib.

Faiq Əmirlinin həbsindən sonra "Azadlıq" qəzetinin çapı da dayanıb.

XS
SM
MD
LG