Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:10

Yeni elmi araşdırmalar sosial medianın sağlamlığa nəinki ziyan vurmadığını, hətta bəlkə də ömrü uzatdığını üzə çıxarıb. Araşdırma haqda «The New York Times» qəzeti yazıb.

Son illər, yəni sosial həyat Facebook kimi sosial saytlara köçəndən bəri ekran qarşısında keçirilən vaxtın sağlamlığa zərəri barədə çox deyilib. Ancaq yeni araşdırma tamam fərqli nəticələr üzə çıxarıb.

EYNİ TƏSİR

«PNAS» jurnalında çıxan elmi məqalədə deyilir ki, onlayn sosial fəallığın sağlamlığa təsiri real sosial fəallığınkı ilə eynidir. Yəni, dostların çoxluğu bütün hallarda müsbət təsir edir.

«Aşkarlamışıq ki, onlayn dostu çox olanlar ünsiyyətə girməyənlərlə müqayisədə daha uzun ömür sürə bilərlər. Bu isə sosial medianın sağlamlığa zərəri barədə deyilənləri danır».

Araşdırmanın üsulları 3 universitet və dövlət nəzarət şuraları tərəfindən təsdiqlənib.

Qəzet yazır ki, kimsə bu araşdırmada Facebook-un əli olduğunu deyə bilər. Ancaq Facebook-u elmi işi ilə bağlı tədqiq etmiş şəxslər, məsələn, məqalə müəlliflərindən biri Moira Burke və şəbəkəni Kaliforniya Universitetində təhsil alarkən araşdırmış William Hobbs şirkətin bu tədqiqatlara qarışacağı olmadığını bildirib.

«Biz araşdırmanın nəticəsindən asılı olmayaraq, onların bu işə qarışmayacağını yazılı şəkildə qeyd etmişdik», - deyən W.Hobbs o zaman şirkətdə çoxlarının onların məhz bu nəticəyə gələcəyinə əmin kimi davrandığını vurğulayır.

12 MİLYON PROFİL

Kaliforniya Universitetinin sözçüsünün yaydığı press-relizdə araşdırma barədə deyilir: «Bu tədqiqat alimlərin çoxdan bildiyini – güclü sosial şəbəkələri olan insanların daha uzun ömür sürdüyünü təsdiqləyib».

Araşdırma Kaliforniya Səhiyyə Departamentinin sənədlərinə və Facebook-un alimlərin ixtiyarına verdiyi 12 milyon sosial media profilinə əsaslanır. Profilləri tədqiq olunanların hamısı 1945-ci ildən 1989-cu ilə qədər doğulanlardır.

Araşdırma sosial şəbəkəsi geniş, ya da orta olanların şəbəkə bağları darlarla müqayisədə daha uzun ömür sürdüyünü ortaya çıxarıb.

Vurğulanan məsələlərdən biri odur ki, Facebook-dan «yerində və ehtiyatlı istifadə» ölüm faizini azaldır. Həm də dostluq təklifi almaq insanlara dostluq təklifi göndərməkdən yaxşı təsir edir. Kaliforniya Universitetinin ictimai sağlamlıq və siyasi elmlər üzrə professoru James Fowler bu nəticənin onları təəccübləndirdiyini qeyd edir: «Elə bilirdim ki, başqalarıyla təmas yaratmağa cəhdin daha yaxşı sağlıq durumuyla bağlılığını aşkarlayacağıq».

İNSAN SAĞLAMLIĞI

J.Fowler deyir ki, bu araşdırma «dostu çox olanın ömrü uzun olar» deyənlərin ünsiyyətlə sağlamlıq arasında əlaqəni səhv başa düşdüklərini ortaya çıxarır. Belə çıxır ki, insanın sağlamlığına səbəb onun dostlarının çoxluğu deyil, əksinə, dostların çoxluğuna səbəb insanın sağlamlığıdır. 2Yəni sağlam olmaqdan ötrü sosial mediadan yararlanmaq düşündüyümüzdən daha çətin məsələdir», - J.Fowler belə deyib.

Sosioloji araşdırmaçılar Facebook-un təsiri haqda heç də həmişə müsbət nəticələr əldə etməyiblər. Elə «Plos» jurnalında 3 il öncə dərc olunan məqalədə deyilirdi ki, ikihəftəlik zaman kəsiyində Facebook-da daha çox mövzunu müzakirə edənlər özlərini daha az xoşbəxt hiss edirlər.

«Bütün bunları nəzərə alaraq, biz insanlara sosial mediadan istifadəylə bağlı heç bir tövsiyə vermirik. Bu münasibətlərin davamlılığını aşkarlamaq tövsiyə verməkdən yaxşıdır», - tədqiqat müəlliflərindən W.Hobbs belə deyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG