Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:36

Əvvəl 'sərvətpulu' adlanırdı, indi 'işıqpulu'


Susuzluqdan yanan əkin sahəsi
Susuzluqdan yanan əkin sahəsi

Ağdamın Kəlbahüseynli kəndinin sakinləri su tələbi ilə əkin sahələrinə toplaşıblar

«’Sərvətpulu’nu (şikayətçi deyir ötən ilədək bu ödəniş «sərvətpulu» adlansa da, hazırda işıqpulu adıyla toplanır – red.) gecikdirdiyimizə görə sahələrimizə gələn suyu kəsiblər. Halbuki, hər birimizdən tələb olunan 250 manatın yarısını ödəmişik. Başa sala bilmirik ki, ilin sonuna hələ 3 ay var, imkan verin, məhsulumuzu yığaq, sataq, pulun qalanını da verək».

Sentyabrın 7-də günorta saatlarından başlayaraq Ağdamın Kəlbahüseynli kəndinin sakinləri əkin sahələrinə toplaşmağa başlayıblar. Onlar sahələrə gələn suyun 4 gündür kəsilməsinə etirazlarını bildiriblər. Rayon icra hakimiyyəti başçısının sahəyə gəlməsini tələb ediblər.

Buna da bax:​ Masallıda göyərti ilə dolanan kənd susuz qalıb

KEÇƏN İL YONCASI YANIB, BU İL SOĞANI MƏHV OLUR

Ağdamın Kəlbahüseynli kəndinin sakinləri əkin sahələrinə toplaşmağa başlayıblar. Onlar rayon icra hakimiyyəti başçısının sahəyə gəlməsini tələb ediblər.

Kənd sakini Yusif Quliyev AzadlıqRadiosu-na bildirib ki, Ağdam rayon artezian quyularının istismarı idarəsinin işçiləri 60 hektar sahəni suvaran artezianın hissələrini 4 gündür ki, qəsdən söküb aparıblar:

«Gəlib dedilər ki, «nə vaxt «sərvətpul»unu tam ödəyərsiz, ondan sonra da sahələriniz su görər». Artezianın hissələrini söküb apardılar. Mənim 72 yaşım var. Keçən il «sərvətpulunu vaxtında çatdırmadığıma» görə əkdiyim yoncalar məhv oldu. İndi də gedib pensiya kartımı qoyub bankdan kreditlə 2 min manat götürmüşəm, soğan əkmişəm. Hər ay pensiyamın 100 manatını kreditə çıxırlar. Soğanı çıxarıb aparıb yığmışam qapıya, imkan versinlər, satım ki, bunlara pul verim. Gəlib artezianın hissələrini söküb aparıblar. Məhsulumuz zay olacaqsa, hansı sərvətimizə görə pul alırlar bizdən, anlamıram».

«GÖRÜN, BAŞIMIZA NƏ OYUN AÇIRLAR»

«Heç özümüz də bilmirik ki, niyə bizdən 250 manat alırlar...»

Kənd sakini Müşfiq Abışov deyir, 2 hektar sahədə 600 kiloqram arpa səpib, ancaq bu gedişlə, çətin məhsul götürə:

«Heç özümüz də bilmirik ki, niyə bizdən 250 manat alırlar. Bildiyimiz qədər, bu «sərvətpulu»nun rəsmi məbləği 80 manatdır. Ancaq bizdən 250 alırlar. Mən arpa səpmişəm, qonşu torpaqdakı taxıl səpib. Ümumilikdə 60 hektar yerdir. Onlarla ailə bu sahəyə göz dikib ki, məhsulunu satıb başını dolandırsın. Görün, başımıza nə oyun açırlar, bu da bir işdir? Gəlib artezianı söküblər ki, «pulun hamısını bu dəqiqə ödəyin». Hazırda elə bir vaxtdır ki, əkin sahələrini susuz qoymaq olmaz. Əkdiyimiz toxumlar çürüyüb gedir».

Buna da bax:​ Torpaq adamının 300 manatı...

«O BOYDA SAHƏ SUSUZ QALA BİLMƏZ»

«Sərvətpulu»nun rəsmi məbləği 80 manatdır. Ancaq bizdən 250 alırlar.,,»

Kəndlilərin deməsinə görə, həmin pulu rayonun su idarəsinə ödəyirlər.

Ağdam rayon artezian quyularının istismarı idarəsindən münasibət öyrənmək mümkün olmasa da, rayon icra hakimiyyətindən «Qaynar xətt»ə növbəti gün məsələni diqqətdə saxlayacaqlarını bildiriblər:

«O boyda sahə susuz qala bilməz. Burada bir anlaşılmazlıq var», – deyən qurum işçisi sentyabrın 8-də idarəylə və kəndlilərlə məsələni aydınlaşdıracaqlarını bildirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG