Keçid linkləri

2016, 27 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 12:40

►“Rayonlarda heyvan tapılmır kəsməyə, ona görə də mal əti 8 manata qalxıb”.

Bunu həm qəssab Arif, həm də fermer İzmir deyir.

“Ətlik heyvan azalıb, yoxdu, hamı ət axtarır kəsib satmağa”, - gəncəli qəssab Arif Səfiyev AzadlıqRadiosuna belə deyir. O, adətən, ət satışına ətlik heyvanlar aldığını söyləyir: “Heyvan var, amma kəsməyə yararlı heyvan yoxdur. Biz hansı qiymətə olsa, almağa məcburuq… Müştərini yola verməliyik. Əvvəl kilosunu 6 manat 50 qəpikdən alırdıq, indi 7 manat 50-dən. Tələbat çox, təklif az. Məcburuq elə pul deyək ki, fermer heyvanını, məsələn, mənə satsın”.

“Qiyməti mən qaldırmamışam”

Bazarda heyvan kasadlığı yaranınca, qəssablar kəsib satdıqları ətin kilosuna 7 manat təklif ediblər:

“Qiyməti mən qaldırmamışam, həmişə kilosunu 6 manatdan satırdım. Qəssab dedi, 7 manat verirəm kilosuna, mən də satdım”, - bunu isə şəmkirli fermer İzmir Abbasov deyir. O da təsdiqləyir ki, ətlik heyvan qəhətə çıxıb: “Qəssablar neçə gündü ətlik heyvan tapa bilmir, əliboş gedirlər”.

Fermer belə kasadlığın səbəbini yemin baha olması ilə izah edir. O, yemin tonunu əvvəllər 100-110 manata, indi 190 manata aldığını bildirir: Bu da çox adama xeyir eləmədi, heyvanını dəyər-dəyməzinə satdı, indi də ətliyə verməyə heyvan yoxdur”.

Ay alan, gəl bəri! Çox ucuz quzu əti var!..

20-yə yaxın heyvanı olan fermer deyir ki, ətlik heyvan saxlamaq çətindir:

“Bordağa bağlayırsan, bir necə ay yedizdirirsən. Arıq heyvanı satmaq xeyir eləmir, amma bordağa bağlamaq da səndən xərc istəyir”.

İzmir Abbasov danasını satıb, sonra üstünə pul qoyaraq, yanıbalalı inək alıb: “Dana almaq sərf eləmir, inək də bazarda 1200-1500 manatdır”.

Qəssab Arif Səfiyev əlavə edir ki, ətin qiymətinin qalxması heyvan bazarını canlandırıb:

“Gördüm ki, arıq heyvan alanlar çoxalıb. Demək, bordağa bağlamağa alır. Məncə, bir neçə aya bolluq yaranar”.

“İdxal azalıb”

Heyvandarlıq mütəxəssisi Vahid Məhərrəmli heyvan bazarında yaranan bu problemi idxalın azalmasına bağlayır. Onun sözlərinə görə, dollar qalxdığından artıq fermerlər xaricdən, xüsusən qonşu ölkələrdən mal-qara almağa meyl göstərmirlər.

Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il ölkəyə 42 milyon dollarlıq iribuynuzlu heyvan gətirilib. Bunun 13 milyon dollarlığı Rusiyanın, 15 milyonu Almaniyanın payına düşür. Amma Almaniyadan bu qiymətə təxminən 5 min baş mal-qara alınıbsa, Gürcüstandan 2 milyon 500 min dollara 7 min başdan çox mal-qara gətirilib.

İlk yarımildə ötən ilin eyni dövrüylə müqayisədə xaricdən gətirilən diri heyvanların dəyəri 57.1 faiz azalıb. Ötən ilin həmin dövründə 28.9 milyon dollar olan idxal bu il 12.4 milyon dollara enib. Gömrük Komitəsinin məlumatıdır.

Vahid Məhərrəmov deyir ki, xaricdən heyvan gətirib satmaqla artıq qazanc əldə etmək olmur: “Ona görə də, əsasən, Gürcüstandan heyvan tədürükü ilə məşğul olanlar, xeyir etmədiyindən, bu biznesdən çəkilməyə başladılar”.

Buna da bax: Manat 'üzə-üzə gedir'

“İnhisarçılıq da var”

Ancaq ekspet idxalın azalmasını tək səbəb saymır. Onun fikrincə, oliqarxlar, yüksək vəzifəli dövlət məmurları ət biznesini bir neçə ildir ki, inhisara almağa başlayıblar və qiyməti də onlar diktə edirlər:

Buna da bax: Son 3 il ərzində ölkəyə 2879 cins mal-qara gətirilib

“Elə bir vəziyyət yarandı ki, fermerlər əlindəki körpə heyvanları bəsləməkdənsə, satmağa üstünlük verdilər”.

Ötən ilin qışında ət qəfildən 1-2 manat ucuzlaşmışdı. Vahid Məhərrəmli o vaxt bunu yem çatışmazlığına bağlayaraq, demişdi ki, fermerlər yemin bahalığı

ucbatından heyvanı saxlaya bilməyərək satır və bu da bazarda ötücü bolluq yaradır. O, daha sonra ətlik heyvan çatışmazlığı yaranacağını və qiymətin bahalaşacağını proqnozlaşdırmışdı.

V. Məhərrəmli indi də vurğulayır ki, aqrar sahədə real rəqabət yaranmasa, bahalaşma sürəcək. Bu dəfə manatın dəyərsizləşməsi də bahalaşmanı sürətləndirir.

“Cücəni payızda sayın”

Kənd Təsərrüfatı Nazirliyi isə ətin qiymətində xüsusi artım müşahidə etmir. Nazirliyin mətbuat xidmətindən deyirlər ki, son illər ətin qiyməti 7-8 manat arasında dəyişir:

“Bu, bazarda təklif və tələbatla, o cümlədən mövsümlə əlaqədardır, ciddi narahatlığa əsas yoxdur. Xırdabuynuzlu heyvanlar yaylaqdadır, iribuynuzlu heyvanların kəsimi də, əsasən, payız aylarında olur”.

Nazirlik sentyabrdan ətin qiymətinin sabitləşəcəyinə əmindir.

Buna da bax: Dərdlərə dərman camış niyə bir elə də sevilmir?

Alıcının cibi

Bəs ətin qiymətində təxminən 1 manatlıq artım özünü alıcının büdcəsində necə göstərir?

Təqaüdçü Dürdanə Həsənova deyir ki, nəvələri qonaq gələcəyindən 10 manatlıq ət almağa gedib: “Qəssab dedi ki, ətin kilosu 8 manatdı, 1 kl-dan azca artıq düşdü, onun da yarısı sümük”. O, ayda 1-2 kilo ət aldığını söyləyir:

“Oğlum da hər ay bazarlıq eləyir, yaşlı adamam, indən belə ət yeməsəm, nolacaq”.

Ətin qiyməti Bakıdakı bankların birində çalışan Səkinə Bağırovanın ailə büdcəsinə təsir edəcək:

“Amma alacağıq. Adam bilmir, ətsiz nə bişirsin. Əlbəttə, 10-15 manat əlavə təsiri olacaq, çünki evimiz qonaq-qaralı olur və hər ay, azı, 8-9 kl ət alırıq”.

Müəllimə İlhamə Məmmədova 1 manat artımdan narazıdır:

“Təkcə ət qalxmayıb, hər şey qalxır. Biz də menyümüzdən birinci meyvəni, sonra da əti çıxararıq, təkcə çörək yeyərik”. - Zarafatla belə deyir, amma ardınca da dərhal ciddiləşir…

Buna da bax: Çörək bahalaşdı - sadə vətəndaşlar nə düşünür?

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG