Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:14

Vəkilin ölkədən çıxışına ikiqat qadağa


►“Əsabəli Mustafayevə qarşı baş verənlər ölkədə fərqli fikirlilərə təzyiqlərin ümumi mənzərəsini göstərir.

Azərbaycan hökuməti siyasi fəalları, ictimai xadimləri, hüquq müdafiəçilərini və jurnalistləri təqib etməklə, vətəndaş cəmiyyətilə müharibə aparır”

Vəkil Əsabəli Mustafayevin ölkədən çıxışına ikiqat qadağa qoyulub.

İyulun 8-də Sumqayıt şəhər Məhkəməsində hakim Ceyhun Məmmədov Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergi Departamentinin təqdimatı əsasında bu barədə qərar çıxarıb.

Məhkəmə iclasında Vergilər Departamentinin təmsilçisi İlyas Məmmədov Əsabəli Mustafayevin rəhbərlik etdiyi təşkilata hesablanmış vergi cəriməsinin ödənilmədiyini bildirib və buna görə onun ölkədən çıxışına qadağa qoyulmasını istəyib.

Əsabəli Mustafayev ilk növbədə məhkəmənin nəzərinə çatdırıb ki, onun ölkədən çıxışına hələ 2014-cü ildən Baş Prokurorluğun təqdimatı əsasında qadağa var. QHT-lərlə bağlı cinayət işlərinin istintaqı çərçivəsində Əsabəli Mustafayevin ölkədən çıxışı məhdudlaşdırılıb, həmçinin vergi orqanı onun rəhbərlik etdiyi təşkilata – Demokratiya və İnsan Haqları Resurs Mərkəzinə 7 min manata yaxın vergi cəriməsi hesablayıb. Ödənilmədiyi müddətdə cərimə faizləri də hesablanıb və hazırda məbləğ 8 min manat civarındadır.

____________________________________________________________

Bunlara da bax:
Löw: «Fransa Portuqaliyanı da yenəcək»
Gülər Əhmədova: «Talassemiya daşıyıcıyam» (Yenilənib)

____________________________________________________________

CƏRİMƏYƏ FAİZ?

Əsabəli Mustafayev çıxışında qeyd edib ki, vergi orqanının onun təşkilatının üzərinə qoyduğu cərimə ilə bağlı qərar hələ qüvvəyə minməyib:

"Qanuna görə, vergi orqanının cərimə qərarından bir ay ərzində məhkəməyə müraciət etmək olar. Mən də həmin qərarın qanunsuz olduğunu əsas gətirib onun ləğvi üçün Sumqayıt İnzibati İqtisad Məhkəməsinə müraciət etmişəm. Vergi orqanının nümayəndəsi həmin məhkəməyə məktub təqdim elədi ki, Baş Prokurorluqda QHT-lərlə bağlı araşdırmalar başa çatmadığına görə bu iş üzrə icraat hələlik dayandırılsın. Məhkəmə də mənim yox, məhz vergi orqanının müraciəti əsasında icraatı müvəqqəti dayandırdı və bu barədə qərardad çıxartdı".

Əsabəli Mustafayev sözügedən qərardadı da bu gün məhkəmədə hakimə təqdim edib.

"Qüvvəyə minməmiş bir qərara görə mənə niyə məhdudiyyət tətbiq olunmalıdır? Niyə cərimə kimi müəyyənləşdirilən məbləğə faiz hesablanmalıdır? Bəlkə icraatı dayandırılmış işə məhkəmə baxıb qərar verəcək ki, vergi orqanının cərimə qərarı qanunsuzdur, onda necə olacaq?", – Əsabəli Mustafayev etirazını bildirib.

Hakim qısa müşavirədən sonra Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergi Departamentinin təqdimatının təmin olunduğu və Əsabəli Mustafayevin ölkədən getmək hüququnun məhdudlaşdırıldığı barədə qətnaməni elan edib.

OLMAYAN HÜQUQUN MƏHDUDLAŞDIRILMASI

Əsabəli Mustafayev AzadlıqRadiosuna bildirib ki, qərardan apellyasiya şikayəti verəcək:

"Absurd ondadır ki, mən onsuz da iki ildir, Baş Prokurorluğun qadağası sayəsində ölkədən çıxa bilmirəm. Vergilər Nazirliyi hazırda məndən faizlərilə birlikdə 8 min manata yaxın əlavə vergi tələb edir. Guya, rəhbərlik etdiyim QHT 2-3 qrantı qeydiyyatdan keçirməyib. Halbuki, bu qrantların qeydiyyatdan keçməsi barədə məlumat Ədliyyə Nazirliyinin saytında yerləşdirilmişdi. Vergi orqanı da bir tərəfdən prokurorluqda araşdırmalar getdiyini əsas gətirib tətbiq etdiyi vergi sanksiyasının qanuniliyi məsələsinə məhkəmədə baxılmasına imkan vermir, digər tərəfdən də hər ay faiz hesablayır, mənim onsuz da olmayan hüququmu (ölkədən getmək) məhdudlaşdırmaq istəyir".

Əsabəli Mustafayev onu da qeyd edir ki, təşkilatın bank hesabında vergi cəriməsini ödəməyə çatacaq məbləğ var. Lakin prokurorluq bank hesabına həbs qoyduğuna görə vergi onu götürə bilmir: "Pulun ödənilməsinə prokurorluq imkan vermir, cəzalanan isə mən oluram".

BÖYÜK KAMPANİYANIN TƏRKİB HİSSƏSİ

Bu arada, "Amnesty İnternational" beynəlxalq insan haqları təşkilatı Əsabəli Mustafayevə qarşı baş verənlərlə bağlı bəyanat yayıb. Bəyanatda yada salınır ki, Avropa Məhkəməsi Azərbaycana qarşı 18 qərarını elan etdiyi günün ertəsi həmin işlərdən 13-də ərizəçilərin vəkili olmuş Əsabəli Mustafayevin ölkədən çıxışına qadağa qoyulması məsələsi gündəmə gəldi: "Hökumətin vəkilə qarşı bu addımı son illərdə vətəndaş cəmiyyətinin əzilməsinə hesablanmış kampaniyanın tərkib hissəsidir".

Azərbaycanda hüquq müdafiəçilərinin mütəmadi təzyiqlərə məruz qaldığının vurğulandığı bəyanatda insan haqları üzrə vəkil İntiqam Əliyevin həbsindən, siyasi məhbusların vəkillərinə qarşı təzyiqlərdən də söz açılır.

"Azərbaycanda fərqli fikirlilər ifadə azadlığı ilə yanaşı, həm də vəkillərə təzyiqlər vasitəsilə müdafiə hüququndan da məhrum edilirlər. Əsabəli Mustafayevə qarşı baş verənlər ölkədə fərqli fikirlilərə təzyiqlərin ümumi mənzərəsini göstərir. Azərbaycan hökuməti siyasi fəalları, ictimai xadimləri, hüquq müdafiəçilərini və jurnalistləri təqib etməklə, vətəndaş cəmiyyətilə müharibə aparır. Prinsipial, insan haqlarına hörmətə nail olmaq istəyən, müstəqilliyini qoruyub saxlayan vəkillər də elan olunmamış bu müharibədən kənarda qala bilmir", – "Amnesty İnternational"ın Avropa və Mərkəzi Asiya üzrə regional direktor müavini Denis Krivoşeev bildirib.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG