Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:33

Ötən həftə Rusiya prezidenti Vladimir Putin Rusiya və Ermənistanın birləşmiş ordu qüvvələrinin yaradılmasını təsdiqləyib. Bu təşəbbüs, əsasən, Ermənistan və Rusiya sərhədinin qorunmasını hədəfləyir. Hökumətlərarası sazişin layihəsində göstərilir ki, birləşmiş hərbi qüvvələr sülh dövründə Ermənistan tərəfinin komandanlığı altında fəaliyyət göstərəcək. Hərbi əməliyyatlar zamanı isə birləşmiş qruplaşma qoşunları Rusiyanın Cənub hərbi dairəsinin tabeliyinə keçə bilər. Noyabrın 17-də Ermənistan prezidenti Serzh Sarkisian bildirib ki, regiondakı hərbi vəziyyəti balanslaşdırmaq məqsədilə Ermənistan ərazisində Rusiyanın «Iskander» raket kompleksləri yerləşdirilib.

Son zamanlar iki ölkənin hərbi əməkdaşlığında yeni təkanlar nəzərə çarpır: Rusiya Ermənistana iri silah partiyaları satır, birləşmiş hava hücumundan müdafiə (HHM) sistemi yaradılır. Ölkənin ikinci ən böyük şəhəri olan Gümrüdə S-300 kompleksləri ilə təchiz edilmiş 102-ci hərbi baza yerləşir. Bu baza MDB-nin vahid HHM sisteminə daxildir.

Ermənistanın beynəlxalq münasibətlər və təhlükəsizlik institutunun eksperti, politoloq Ruben Mehrabian hesab edir ki, Kremlin Cənubi Qafqazda hərbi-siyasi varlığını genişləndirməkdən ötrü Ermənistanı öz plasdarmına çevirmək səyləri həm bu ölkəyə, həm də bütövlükdə regiona təhlükədir. Politoloq AzadlıqRadiosunun rus xidmətinə müsahibəsində belə deyir.

MOSKVANIN CAVAB ADDIMI

Ekspert həm də birgə ordu qüvvələrinin yaradılmasını Gürcüstanın NATO ilə münasibətlərinin güclənməsinə Moskvanın cavab addımı sayır: «Bu, Ermənistanın suverenliyi hesabına edilir və onun təhlükəsizliyinə hədədir. Bütün Cənubi Qafqazın təhlükəsizliyi bundan əziyyət çəkəcək. Bu, Gürcüstanla münasibətlərdə müəyyən gərginlik yaradacaq. Faktiki olaraq, Kreml «Brezhnev doktrinası»nın dəyişdirilmiş versiyasını gerçəkləşdirir. Yəni, qonşu ölkələrin suverenliyini məhdudlaşdıraraq onlardan yaxınlıqdakı regionlarda aqressiv siyasəti üçün bufer və plasdarm kimi yararlanır», – ekspert vurğulayır.

Politoloqun fikrincə, rəsmi Yerevan belə durumlara «bütün immunitetini itirib2 və bənzər hədələrə adekvat reaksiya göstərmək qabiliyyətini əldən verib. «Hökumətin əhali üçün həzm edilə bilən izahlar düşünüb tapmaqdan başqa çarəsi qalmır. O bunu «ölkənin təhlükəsizliyini gücləndirmək» kimi qələmə verir. Əslində, baş verənlər isə bunun tam əksidir», – Ruben Mehrabian deyir.

V.Putin və S.Sarkisian Gümrü hərbi bazasında - 2013

V.Putin və S.Sarkisian Gümrü hərbi bazasında - 2013

Ekspert düşünür ki, bu addım Ermənistan cəmiyyətində onsuz da mövcud gərginliyi daha da artıracaq: «Bu sazişin reallaşması ... parlament seçkiləri ərəfəsində hakim Respublika Partiyasının mövqelərinə son dərəcə mənfi təsir edəcək». Seçkilər 2017-ci ilin yazında keçiriləcək.

LAXLAYAN MİF

Politoloq bildirir ki, Ermənistanda son ilyarımdakı təlatümlərin, demək olar ki, hər biri – ötən yayın «elektrik» etirazları, Azərbaycanla dördgünlük müharibə, iyulda «Sasna Tsrer» silahlı qruplaşmasının hərəkətləri, Gümrüdə erməni ailəsini öldürmüş rus əsgəri Permyakov-un anlaşılmaz sonluqla bitən məhkəməsi – Rusiyanın regiondakı varlığıyla bağlıdır. «Qarabağda erməni tərəfinin 100 nəfərdən çox itki verdiyi müharibə erməni cəmiyyətinin uzun müddət inandığı, «əbədi Ermənistan-Rusiya dostluğu» adlı mifi ciddi laxlatdı», – Mehrabian deyir. «Baş verənlər, o cümlədən hələ 1999-cu ildə Gümrüdə olanlar... bir daha göstərdi ki, Rusiya bizim müttəfiqimiz deyil. Əslində, Rusiya öz imperiya maraqlarını qoruyur, vəssalam. Rusiya əsgərinin Gümrüdəki həmin bu cinayəti, cinayətin araşdırılması və məhkəmə zamanı Rusiyanın davranışı onun Ermənistana əsl münasibətini göstərdi. Son illər Ermənistanda ölkəni böhrana itələyən mənfi hadisələr yetərincədir. Bu durumdan faydalanan təkcə bir qüvvə görürəm, o da Putin Rusiyasıdır. Onun siyasəti erməni dövlətçiliyini dağıtmaq, Ermənistanı tabe etdirmək, onu Rusiya imperiyasının quberniyasına çevirməyə yönəlib», – politoloq söyləyir.

ALƏTLƏR

Ekspert hesab edir ki, Kreml özünə tabe etmək istədiyi bütün ölkələr üçün eyni alətlərə əl atır. Bu alətlər korrupsiya, radikalizm və qanunsuzluğun dəstəklənməsi, rıçaq kimi kriminaldan, siyasi və iqtisadi həyatın oliqarxlaşmasından istifadədir. Onun sözlərinə görə, bu zaman Rusiyanın müxtəlif qurumlarından, məsələn, Putin-in dostlarının rəhbərlik etdiyi «Gazprom», «Rosneft», «Inter RAO EES» kimi dövlət şirkətlərindən yararlanırlar.

Yerevanda elektrik enerjisi tariflərinin qaldırılması qərarına qarşı etiraz aksiyası - 2015

Yerevanda elektrik enerjisi tariflərinin qaldırılması qərarına qarşı etiraz aksiyası - 2015

«Siyasətdə də eyni şey baş verir. MDB ölkələrində ... «rəngli inqilab»lar olanda, bizə Moskvadan bu inqilablarla mübarizə texnologiyaları gəldi. Bu texnologiyaların əsas ünsürləri siyasi mühitin «siyasi zibil»lə çirkləndirilməsi, çoxsaylı «spoyler»lərin yaradılması idi. Hazırda Ermənistanda 100 siyasi partiya var. Onların əksər hissəsi «şəxs-partiya»lardır. Sayları o qədərdir ki, bütöv bir partiya bir marşrut avtobusuna yerləşər. Əsas oyunçulara gəlincə isə, Ermənistanda siyasi mühit, bir çox digər postsovet ölkələrində olduğu kimi, ...oliqarxlaşıb, iqtisadiyyatı oliqarxlar inhisara alıb. Siyasi partiyalar, faktiki olaraq, oliqarxların inhisarına alınaraq vətəndaşların real tələbatlarından qoparılıblar.

Ümumən, Ermənistanda bugünkü durumu əsl artmaqda olan total böhran saymaq olar. Siyasi, iqtisadi, institusional böhran. Bu, postsovet dövlətçiliyin böhranıdır. Elə «Sasna Tsrer» qrupunun iyul çıxışı da bu fonda baş verdi. Bu hadisənin özü göstərdi ki, Ermənistanda dövlət institutları son dərəcə zəifdir. Bu isə ciddi sual doğurur: biz, suverenliyimizi itirmədən bu vəziyyətdən təkamül yolu ilə çıxa biləcəyik, yoxsa fəlakətdən keçməli olacağıq? Təəssüf ki, ...indi hər iki variantın baş vermə ehtimalı bərabərdir», – deyə Ruben Mehrabian izah edir.

«NEFTİMİZ YOXDUR»

Ancaq mütəxəssis hesab edir ki, güclü oliqarxlaşmanın cəmiyyəti deformasiyaya uğratmasına baxmayaraq, bu böhranın qarşısını ala biləcək qüvvələr var.

«Rusiyadan fərqli olaraq, Ermənistan cəmiyyəti açıqdır. Xarici, o cümlədən Qərb diasporu amili güclüdür. Onun mövcudluğu ona gətirib çıxarır ki, hökumətin Rusiyada işləyən təbliğatı burada, sadəcə, keçərli deyil. Vətəndaş cəmiyyəti var, məhz vətəndaşlıq fəlsəfəsini əsas götürən təbəqə var. Burada bu və ya digər dərəcədə azadfikirli və cəsarətli mətbuat, KİV var. Onların özlərinin televizora baxmayan, davamlı izləyiciləri var. Vətəndaş cəmiyyətinin açıq çalışan institutları – hüquq müdafiə qurumları, ekspert birlikləri var.

Üstəlik, bizi həm də o xilas edir ki, burada neft yoxdur. Hökumətimizin çoxlu qüsurları olsa da, o, petrokratiya deyil. Burada xammal rentası yoxdur ki, Rusiyadakı kimi onun köməyi ilə əhalinin loyallığını satın almaq olsun. Ona görə də hökumət danışıqlara getməyə məcburdur», – politoloq Ruben Mehrabian belə deyir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG