Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:53

Amulsar qızıl mədəni Sevan gölünə təhlükədir


Sevan gölü
Sevan gölü

Ekoloqlar xəbərdar edirlər ki, Amulsar qızıl mədəni yerləşdiyi ərazinin, ilk növbədə isə Sevan gölünün biomüxtəlifliyinə təhlükə yaradır. Onların fikrincə, kurort şəhəri Cermukdan cəmi 7 km aralıda yerləşən bu mədənin istismarının mənfi təsirləri özünü çox gözlətməyəcək.

«Ümumerməni ekoloji cəbhəsi» Vətəndaş Təşəbbüsünün üzvü Levon Galstian-ın sözlərinə görə, ilk zərbə Sevan gölünün şirin suyuna dəyəcək. «Bu mədəndən təqribən bir kilometr aralıdan Vorotan-Arpa-Sevan tuneli keçir. Bu turş sular təkcə tunelin özünə ziyan vurmayacaq, həm də tunelin içinə girib oradan axan suların keyfiyyətini dəyişdirəcək. Bundan sonra Sevan gölünə daxil olub göldəki suyun keyfiyyətinə təsir edəcək», - Galstian deyir.

«SU TURŞLAŞA BİLƏR»

Ekoloqun sözlərinə görə, hazırda Sevanda suyun keyfiyyətinin necə dəyişəcəyini heç kim deyə bilməz. Belə ki, risklərin dəqiq qiymətləndirilməsi aparılmayıb, ona görə də həm ekoloqların, həm də qarşı tərəfin iddiaları dəqiq olmaya bilər.

«Biz bunun çox ciddi və nəzarətə tabe olmayan təhlükə ola biləcəyinə inanırıq. Gölün suyunun keyfiyyəti ciddi dəyişə, turşlaşa bilər», - ekspert söyləyib.

Ekoloqlar Amulsar mədəninin istismarı layihəsində qanun boşluqları da aşkarlayıblar. Cermukdan olan ekoloq və hüquqşünas Nazeli Vardanian deyir ki, «Sevan gölü haqqında» qanun gölün hövzəsində hər hansı formada ovlamanı, tullantıların yerləşdirilməsini, emalı və s. qadağan edib. Ekspertin sözlərinə görə, 2012-ci ildə Sevan gölünün mühafizəsi komissiyası mədənin istismarı layihəsinə mənfi rəy versə də, sonradan hökumət komissiyanın müsbət rəyini əldə etməyə nail olub.

Buna da bax: Prezident ailəsinin qızıl biznesində iflas - ziyanı vətəndaş ödəyir [Araşdırma]

CƏMİYYƏTİN AĞZINI YUMMAQ

Ancaq Vardanian rəyin dəyişdirilməsinin arxasında «dövlət sifarişi»nin olduğunu deyir. O iddia edir ki, bütün hökumət qərarları və ekspert rəyləri mədənin istismarı layihəsinə uyğunlaşdırılıb. «Hökumət cəmiyyətin ağzını yummaq və bu problemin həll olunduğunu deməkdən ötrü əlindən gələni edir», - xanım Vardanian deyir.

Amma Amulsar mədəninin istismarı ilə məşğul olan «Lydian Armenia» şirkəti ekoloqların narahatlığını bölüşmür. Bu şirkət Britaniyanın «Lydian International» şirkətinin törəməsidir.

Şirkətin davamlı inkişaf üzrə baş meneceri Armen Stepanian bildirib ki, onlar risklərin dəyərləndirilməsini aparıblar və Sevana heç bir təhlükənin olmadığı qənaətinə gəliblər. O əlavə edib ki, dəyərləndirmənin nəticələri gölün mühafizəsi komissiyasına təqdim olunub və layihəyə zəruri dəyişikliklərin edilməsindən sonra iki dəfə müsbət rəy alınıb.

Şirkət nümayəndəsi həmçinin bildirib ki, yatağın istismarı layihəsi qanuna uyğun şəkildə həyata keçirilir.

İCTİMAİ ETİRAZ YARATMAQ

Ötən həftə mədənin tikintisinin başlanması mərasimində ölkənin baş naziri Ovik Abramian da iştirak edib. Ermənistanın dağ-mədən sənayesi sahəsində ilk layihədir ki, Beynəlxalq Maliyyə Korporasiyası və Avropa Yenidənqurma və İnkişaf Bankının standartlarına uyğun ekoloji və sosial təsirinin dəyərləndirilməsi aparılıb. Ermənistan hökumətinin məlumatında belə deyilir.

«Lydian International» şirkətinin baş direktoru Howard Stevenson ötən həftə AzadlıqRadiosuna bildirib ki, şirkət hasilata gələn ilin sonlarında başlayacaq. Qızıl isə 2018-ci ilin ilk rübündə əldə olunacaq.

Ancaq ekoloqlar hesab edirlər ki, ictimai etiraz dalğası qaldırmaqla layihəni ləğv etmək mümkündür.

«Vətəndaş etirazı formalaşdırılmalı, nəticədə bu layihə ləğv olunmalıdır», - «Ecolur» ictimai təşkilatının sədri Inga Zarafian AzadlıqRadiosuna deyib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG