Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 13:04

Ermənistan qanunsuz varlanmaya qarşı


Ermənistan parlamenti 20 oktyabr 2016
Ermənistan parlamenti 20 oktyabr 2016

Ermənistanın qəbul etdiyi yeni qanuna görə, yüksək vəzifəlilər və ya onların ailə üzvləri əldə etdikləri var-dövlətin mənbəyini göstərə və qanuniliyini əsaslandıra bilməyəcəklərsə, qısa müddətdə məsuliyyətə cəlb olunacaqlar

Ermənistan hökuməti qanunsuz varlanmanın önünü kəsəcək qanun layihəsini təsdiqləyib. Bu qanuna görə, yüksək vəzifəlilər və ya onların ailə üzvləri əldə etdikləri var-dövlətin mənbəyini göstərə, onun qanuniliyini əsaslandıra bilməyəcəklərsə, qısa müddətdə məsuliyyətə cəlb olunacaqlar.

Qanun 600 nəfərə tətbiq olunacaq

AzadlıqRadiosu erməni xidməti-nin xəbərinə görə, noyabrın 18-də Ermənistan Nazirlər Kabinetinin toplantısında Cinayət Məcəlləsinə əlavə və düzəlişlər müzakirəyə çıxarılıb. Xəbərdə deyilir ki, qanunun bu tələbi nazirlər, hakimlər və onların ailələri də daxil, 600 vəzifəli şəxsə tətbiq olunacaq. Bu şəxslər qanunla öz aktivləri barədə xüsusi dövlət komissiyasına xəbər verməyə borcludurlar.

Sözügedən qanun layihəsinin müəllifi ədliyyə naziri Arpine Ovvanisian-dır. Nazirin sözlərinə görə, subyekt “Dövlət xidməti haqqında” qanuna uyğun olaraq gəlir bəyannaməsini təqdim edərkən, aktivlərinin artımı rəsmi gəlirlərini “külli miqdarda” aşdıqda və bu hal “inandırıcı şəkildə” açıqlanmadıqda,hətta qanunsuz varlanmanın əsasını təşkil edən digər cinayətlər sübuta yetirilmədikdə belə, cızalandırılacaq. Ədliyyə naziri bir daha xatırladıb ki, “subyekt” deyilərkən, uyğun dövrdə aktiv və öhdəlikləri artıb-azalan yüksəkvəzifəli şəxslər və onlarla bağlı olanlar, ayrıca gəlir bəyannaməsi təqdim etməli olan adamlar nəzərdə tutulur.

Gəlir 10 min dolları aşarsa...

Arpine Ovannisian qanun layihəsindəki “külli miqdarda” ifadəsinə də aydınlıq gətirib. O, “külli miqdarda” dedikdə, “5 milyon dramı (təxminən 10,4 min dolları) aşan kəmiyət nəzərdə tutulur”,- deyib.

Nazir eyni zamanda, “Dövlət xidməti haqqında” qanuna dəyişikliklər də təklif edib. Bu qanuna görə, yüksəkvəzifəli şəxslər və onların ailələri 2 milyon dramı aşan (təxminən 4 min dolları) pul ianələri və başqa daxilolmalar üçün nağdsız ödəmələr etməyə borclu olacaqlar. Hökumət bu təklifi də dəstəkləyib.

Sözügedən düzəlişlər parlamentdə qəbul ediləndən və prezident onları imzalayandan sonra qüvvəyə minəcək.

Foto:arxiv
Foto:arxiv

AzadlıqRadiosunun erməni xidməti yazır ki, Ermənistanda gəlir bəyannaməsini açıqlamayan, gəlirləri rəsmi maaşlarını on və hətta yüz dəfələrlə aşan yüksəkvəzifəli məmurlar az deyil. Bu cür gəlirlər əksər hallarda naməlum ictimai şəxslərin verdiyi ianə və ya kreditlərdən gələn gəlir kimi təqdim olunur. Məsələn, nazir Ovanes Ovsepian ona məxsus 3 milyon dolları Rusiyada yaşayan qardaşının verdiyini söyləmişdi.

Ermənistanda dövlət komissiyasının yüksək vəzifəli şəxslərin gəlirləri haqda açıqlamaları çox vaxt şübhə altına alınır və hökumətin korrupsiya ilə mübarizəsi yetərli sayılmır. Hökumət də bu şübhələrə son qoymaq üçün Cinayət Məcəlləsinə düzəlişlər etməli olub.

Azərbaycan təcrübəsi

Ermənistanın qonşusu Azərbaycanda da parlament 2005-ci ildə vəzifəli şəxslərin gəlir bəyannaməsinə dair qanun qəbul edib. Amma ötən müddətdə qanun icrasız qalıb. Qanun qəbul edildikdən sonra prezident Nazirlər Kabinetinə tapşırıb ki, 3 ay ərzində həmin qanunun icra qaydalarını hazırlayıb ona təsdiq üçün versin. Artıq 11 il ötsə də, Nazirlər Kabineti həmin qaydaları hələ də təsdiqləyə bilmir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG