Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 15:00

Yerevan korrupsiyayla köklü mübarizəyə başlayır


Ermənistanın baş naziri Karen Karapetian 20 oktyabr 2016
Ermənistanın baş naziri Karen Karapetian 20 oktyabr 2016

Ermənistanın baş naziri Karen Karapetyan yeni hökumətin fəaliyyət planını təqdim edib.

Bu barədə AzadlıqRadiosunun erməni xidməti məlumat verir. Parlamentdə çıxışında baş nazir korrupsiya və kölgə iqtisadiyyatı ilə qətiyyətlə mübarizə aparacaqlarına, vergi və gömrük xidmətlərinin imiclərini kökündən dəyişəcəklərinə söz verib. O, hüquq-mühafizə orqanı əməkdaşlarının vəzifə səlahiyyətlərini aşması ilə bağlı heç bir faktın cəzasız qalmayacağını bildirib.

“Çiçəklənən Ermənistan” fraksiyasının rəhbəri Naira Zograbyanın “Biz elə hey “korrupsiya, kölgə iqtisadiyyatı, inhisarçılıq” deyirik. Sanki bunlar qarşısı alınması müşkül bir kabusdur. İnhisarçıların bir neçəsi elə bu salonda əyləşib. Hamımızın yaxşı tanıdığımız həmin inhisarçılarla necə mübarizə aparacaqsınız?” sualına baş nazir lakonik cavab verib: “Necə mübarizə aparacağımızı görəcəksiniz”.

“Bütün bəlaların kökündə korrupsiya durur”

Müxalifət lideri Levon Ter-Petrosyan isə yazılı açıqlama-sında bildirib ki, Karapetyanın səmimiliyinə inanır. Ancaq onun vədlərinə əməl edə bilməsindən ötrü hökumət korrupsiyasına qarşı iki konkret addım atılmalıdır. Bunlardan biri bütün nazirliklərin və digər dövlət qurumlarının büdcədənkənar fondlarının ləğvi, digəri isə BMT-nin Korrupsiya və vəzifəli şəxslərin qanunsuz varlanmasına qarşı mübarizə haqqında Konvensiyasının ratifikasiyasıdır.

“Əgər bu iki məsələ hökumətin fəaliyyət proqramına daxil edilməsə, onda Ermənistanda iqtisadi vəziyyətin yaxşılaşacağına ümid etməyə dəyməz. Belə olan halda, baş nazir nə qədər qabiliyyətli olsa da, hökumət qurbanlıq qoyuna çevrilərək, əvvəlki iki hökumətin açı taleyini yaşayacaq. Çünki Ermənistanın bütün bəlalarının kökündə məhz korrupsiya durur”, – deyə Ter-Petrosyan bildirib.

Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosian
Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosian

Bundan bir qədər əvvəl müxalifət lideri demişdi ki, ölkənin iqtisadi fəlakətin astanasında olduğu bir vaxtda prezident Sarkisyan hakimiyyətini necə əbədiləşdirməyin yollarını axtarır. O, hakimiyyətin səylərini “islahatların imitasiyası” adlandırmışdı.

“Qanunsuz varlanma” kriminallaşdırılacaq

Baş nazirin təqdim etdiyi 33 səhifəlik proqramda dövlət rəsmilərinin “qanunsuz varlanmasının” kriminallaşdırılması da nəzərdə tutulub. Bundan başqa, ədliyyə naziri Arpine Ovannisyan Ter-Petrosyanın təklifinə cavab olaraq bildirib ki, Ermənistan BMT-nin sözügedən konvensiyasını artıq ratifikasıya edib.

“Hökumət qanunsuz varlanmaya görə cinayət məsuliyyəti müəyyən etməyə hazırdır, özü də eynən həmin konvensiyada verilmiş tərzdə. Yaxın üç ayda müvafiq qanun layihəsi parlamentə təqdim olunacaq”, – deyə Arpine Ovannisyan bildirib.

Petrosyanın həmin qanunun geriyə qüvvəsinin olması təklifinə münasibət bildirən Ovannisyan ağırlaşdırcı hal müəyyən edən normativ hüquqi aktın geriyə qüvvəsinin olmasının Ermənistan konstitusiyasına və Avropa insan hüquqları Konvensiyasına zidd olduğunu xatırladıb.

Büdcədənkənar fondların xərclənməsi şəffaflaşdırılsın

Büdcədənkənar fondların ləğvi təklifinə gəlincə, ədliyyə naziri bu fondları ləğv etməkdənsə, onların xərclənməsini şəffaflaşdırmağın daha məqsədəuyğun olduğunu söyləyib: “Büdcədənkənar vəsaitlər ixtiyari qərarlar əsasında və vətəndaşların bilgiləndirilmədiyi şəkildə xərclənməməlidir”.

Hökumətin açıqladığı fəaliyyət proqramında ölkənin müdafiəsi və təhlükəsizliyinin strateji prioritet olduğu vurğulanır.

Ermənistanın baş naziri deyib ki, ölkənin qarşısında duran hərbi təhdid daim təkmilləşən, modernləşdirilən, cəmiyyətin etibarını və dəstəyini qazanan döyüş qabiliyyətinin mövcudluğunu tələb edir: “Sizi əmin edirəm ki, təhlükəsizlik sahəsində, Ermənistana və Dağlıq Qarabağa yönəlmiş hərbi təhdidlərin neytrallaşdırılması və regionda hərbi balansın qorunub saxlanılması sahəsində hökumət nə vəsaitini, nə də səylərini əsirgəməyəcək”.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG