Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 22:26

Ermənistan hökuməti Qarabağı tanımaq üçün qanun layihəsini bəyənib


Arxiv fotosu: Ermənistan prezidenti Serzh Sarkisian (Solda) və Qarabağda özünü prezident elan etmiş Bako Sahakyan

Arxiv fotosu: Ermənistan prezidenti Serzh Sarkisian (Solda) və Qarabağda özünü prezident elan etmiş Bako Sahakyan

► Ermənistan hökuməti separatçı Dağlıq Qarabağın müstəqilliyinin tanımasına çağıran qanun layihəsi qəbul edib.

Sənədi müxalifət partiyaları hazırlayıb.

Qanun layihəsi mayın 5-də parlamentdə müzakirəyə çıxarılacaq.

Ermənistanla Azərbaycan arasında 1990-cı illərin əvvəlində baş verən müharibə nəticəsində erməni qüvvələri Azərbaycanın Dağlıq Qarabağ regionunu və onun ətrafında daha 7 rayonu işğal edib. Bundan öncə Ermənistan Azərbaycanın bu regionunu özünə birləşdirmək barədə qərar vermişdi. Amma sonradan erməni tərəfi Qarabağda yaşayan ermənilərin özlərinə yeni dövlət qurduqlarını iddia ediblər.

Azərbaycan isə öz ərazisində belə bir dövlətin yaradılmasına heç vaxt icazə verməyəcəyini bildirir. Tərəflər 1994-cü ildə atəşkəs razılaşması imzalasalar da hələlik aparılan danışıqlar yekun sülh razılaşması imzalanması ilə nəticələnə bilməyib.

Qarabağdakı erməni rejimi orada dövlət yaratdığını elan etsə də hələlik onu heç kim, o cümlədən Ermənistanın özü də tanımayıb.

Ermənistan hökumətinin bu addımı son vaxtlar cəbhə xəttində vəziyyətin gərginləşməsi fonunda baş verir.

Aprelin 2-dən 5-dək Dağlıq Qarabağda baş verən döyüşlərdə hər iki tərəfdən onlarla hərbçi ölüb.

Aprelin 5-də Moskvanın vasitəçiliyi ilə atəşkəs bərpa olunsa da, tərəflər demək olar ki, hər gün bir-birini atəşkəsi pozmaqda günühlandırır.

Ermənistan Dağlıq Qarabağı respublika kimi tanıyarsa... [reaksiyalar]

(yeniləri yuxarıda)

HƏRBİ ƏMƏLİYYATLARI ƏNGƏLLƏMƏK

Hasan Oktay

Hasan Oktay

Türkiyədə mənzillənən Qafqaz Araşdırmaları Mərkəzinin rəhbəri Hasan Oktay hesab edir ki, Ermənistan bu qanun layihəsi ilə Azərbaycanın Qarabağda hərbi əməliyyatlar aparması ehtimalını əngəlləmək istəyir: «Ermənistan «Dağlıq Qarabağı tanıyarıq» deyə Azərbaycanın orda müharibə başlaması ehtimalını sıfıra endirmək istəyir. Ancaq bu, qısa zamana hesablanıb».

Hasan Oktay deyir ki, Qarabağda, heç bir dövlət tanımasa da, bir hakimiyyət var və bu da iqtisadi baxımdan Ermənistana möhtacdır: «Ermənistan 1-4 aprel müharibəsindən psixoloji travma aldı. Xalqı savaşmaq istəmir, Qarabağın iqtisadi ehtiyaclarını ödəməyə etiraz edir».

Ekspertin fikrincə, 4 günlük müharibədə görünən o oldu ki, Ermənistan xalqı dövlətinə sahib çıxmadı: «Savaşlarda xalq dövlətinə sahib çıxar, biz Ermənistanda bunu görmədik. Üstəlik, bu savaşın banilərindən birinin Rusiya olduğunu bildiklərindən Rusiya əleyhinə nümayişləri də müşahidə elədik. Ermənistan hakimiyyəti həm daxildə, həm də xaricdən çətin duruma düşüb. Ona görə də «Dağlıq Qarabağ»ı tanımaq şərtini ortaya atmaqla Azərbaycana qarşı psixoloji həmləyə keçib. Hazırda isə, Ermənistan da daxil olmaqla, heç bir dövlətin Dağlıq Qarabağı tanımaq şansı yoxdur».

«ERMƏNİSTANIN NİYYƏTİ BƏLLİ OLACAQ»

Əli Kərimli

Əli Kərimli

AXCP sədri Əl Kərimli deyir ki, Ermənistanın Dağlıq Qarabağı tanıyıb-tanımaması onun niyyətini bəlli edəcək: «Bəlli olacaq ki, Ermənistan danışaraq hansısa kompromisə gəlmək istəyir, yoxsa özünü istədiyi kimi aparmağa çalışır. Yox, əgər özünü istədiyi kimi aparacaqsa, danışıqların nəticəsini gözləməyəcəksə, Minsk qrupu çərçivəsində gedən prosesləri pozmuş olacaq. Azərbaycan da bunu belə qiymətləndirməlidir».

Əli Kərimli ümid edir ki, Ermənistan bu addımı atmayacaq: «Əgər atsa, dünya ictimaiyyəti bunu tanımayacaq və Ermənistan təklənəcək. Ermənistanın ardınca 40-50 ölkə yığışıb Dağlıq Qarabağı tanıyacaqsa, bunun bir praktik əhəmiyyəti olardı. Təkcə Ermənistanın tanıması ilə nə dəyişəcək ki?»

AXCP sədri deyir ki, bununla belə əgər Ermənistan bu addımı atsa, o zaman Azərbaycan məsələyə daha sərt cavab verməlidir: «O zaman bunu Ermənistanın danışıqlardan çıxması kimi qiymətləndirmək lazımdır», o deyir.

AZƏRBAYCANIN TƏBLİĞATINA YARDIM

Azər Rəşidoğlu

Azər Rəşidoğlu

Siyasi şərhçi Azər Rəşidoğlu inanmır ki, Ermənistan Dağlıq Qarabağı tanısın. Onun fikrincə, beynəlxalq hüquq müstəvisində gedən mübarizədə bu, Ermənistanın maraqlarına cavab vermir: «Sadəcə olaraq, Azərbaycana növbəti təzyiqlər eləmək, danışıqlar müstəvisində əlavə divident əldə etməkdən ötrü Ermənistan belə bir addım atıb. Əlbəttə ki, parlamentdə belə müzakirələr başlaya bilər, ancaq bu qərarı qəbul edəcəyi inandırıcı deyil. Bu, ölkədə gərginliyin artması ilə sonuclana bilər».

Azər Rəşidoğlu deyir ki, Ermənistan Dağlıq Qarabağı tanımaqla Azərbaycanın beynəlxalq diplomatik müstəvisində Ermənistanın beynəlxalq hüquq normalarını pozması ilə bağlı təbliğatına yardım etmiş olar: «Bu baxımdan inanıram ki, bu, psixoloji mübarizədir və bu məsələ parlamentdə müzakirəyə çıxarılsa da, səs alacağı inandırıcı görünmür».

«PARLAMENT BUNU QƏBUL EDƏSİ DEYİL»

Araz Əlizadə

Araz Əlizadə

Milli Məclisin üzvü Araz Əlizadə deyir ki, bu qanun layihəsi ölkə daxili vəziyyətə hesablanıb, parlament belə bir qanun qəbul edəsi deyil:

«Qarabağ ətrafında mühüm bir şey baş verməyəcək. Ermənistanın ağlı varsa, bu qanun layihəsi keçməyəcək. Bunu ona görə hazırlayıblar ki, bəzi adamları sakitləşdirsinlər. Ancaq əgər parlament belə bir qanun layihəsini qəbul etsə, bu, Minsk qrupunun fəaliyyətinin dayanması deməkdir. Bu zaman Azərbaycanın tam əl-qolu açılır ki, heç kimə baxmadan müharibə edib torpaqlarımızı geri qaytarsın».

Günün bütün mövzuları

XS
SM
MD
LG