Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:59

Gecə Ağdərə istiqamətində döyüşlərin olduğu bildirilir...


Aprelin 24-nə keçən gecə atəşkəs yenidən pozulub

Aprelin 24-nə keçən gecə atəşkəs yenidən pozulub

-

“Cəbhə xəttində döyüş əməliyyatlarının dayandırılması barədə tərəflər arasında əldə edilmiş razılaşmanı Ermənistan silahlı qüvvələri növbəti dəfə kobudcasına pozub”.

Azərbaycan Müdafiə Nazirliyinin aprelin 24-ü səhər saatlarında yaydığı məlumatda belə deyilir.

Qeyd edilir ki, Ermənistan ordusunun bölmələri Ağdərə istiqamətinə əlavə canlı qüvvə və döyüş texnikası cəmləşdirib. Aprelin 23-ü axşam saatlarından başlayaraq Azərbaycan mövqelərini və Tərtər rayonunun təmas xəttinə yaxın bəzi yaşayış məntəqələrini iriçaplı silahlardan, artilleriya qurğularından intensiv atəşə tutub. Ermənistan tərəfinin 122 millimetrlik D-30 haubitsalarından da istifadə etməklə Azərbaycan mövqelərinə 20-dək mərmi atdığı vurğulanır.

“Cəbhənin bu istiqamətində qarşı tərəfin hərbi aktivliyinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin bölmələri dərhal əməliyyata başlayıb. Aprelin 24-də gecə saatlarında qarşı tərəfin təmas xəttinə cəmləşdirdiyi tankları mövqelərimiz istiqamətində atəş açıb və əlavə qüvvələrin dəstəyi ilə hücuma keçməyə cəhd göstərib. Mövqelərimizə yaxınlaşmaq istəyən tanklarının qarşısı atəşlə alınıb. Bir ədəd döyüş tankı heyətlə birlikdə məhv edilib. Bundan dərhal sonra Ermənistan hərbiçiləri Ağdərə istiqamətində geri çəkilməyə məcbur edilib”, deyə məlumatda qeyd edilir.

Nazirliyin açıqlamasına görə, Madagiz hərbi bazası ətrafında yerləşən artilleriya qurğularına da cavab zərbələrindən sonra qarşı tərəf tam susdurulub:

“Bölmələrimiz heç bir itki verməyib. Silahlı Qüvvələrimiz əməliyyat şəraitinə tam nəzarət edir”.

Müdafiə Nazirliyi bildirir ki, cəbhə xəttində təxribatlar törətməklə Ermənistan Azərbaycan tərəfini aktiv hərbi əməliyyatlara təhrik etməyə çalışır:

“Bu cür hadisələr zamanı baş verənlərə görə, bütün məsuliyyət Ermənistanın cinayətkar hərbi-siyasi rejiminin üzərinə düşür”.

Günün bütün mövzuları

XS
SM
MD
LG