Ötən həftəsonu Venesuelanın prezidenti Nicolas Maduro Azərbaycanda səfərdə olub. Böyük neft ixracatçısı olan Venesuelanın iqtisadiyyatı aşağı neft qiymətləri ilə bağlı acınacaqlı vəziyyətdədir. Bu ölkənin ərzaq mağazalarında bir çox hallarda çörək də tapılmır.
Həmin görüşdən sonra Azərbaycan prezidenti İlham Əliyevsə deyib ki, neft qiymətlərinin aşağı olması “ədalətsizlikdir”.
“Azərbaycan öz neft hasilatını və ixracını artırmayacağını birtərəfli qaydada bəyan edir. Bu, çox məsuliyyətli bir mövqedir. Bir daha demək istəyirəm ki, biz bunu birtərəfli qaydada elan edirik. Hesab edirik ki, digər neft ölkələri bu yanaşmaya dəstək verəcəklər və onlar da öz növbəsində oxşar addımlar atacaqlar. ..” - deyib Əliyev.
Hərçənd Azərbaycanda son aylar ərzində neft hasilatının təbii səbəblərlə azalmaqda olması məlumdur və ekspertlər deyirlər ki, yeni yataqlar kəşf edilməsə bu tendensiya neft tükənənədək davam edəcək. Başqa sözlərlə Azərbaycan istəsə də neft hasilatını “yaxşı vaxtlarda” olduğu kimi günə bir milyon barrelə qaldıra bilməyəcək.
Siyasi şərhçi Elxan Şahinoğlu bildirib ki, Venesuela Bolivar Respublikasının prezidenti Nikolas Maduro ölkəsinin problemlərini həll etmək əvəzinə xarici ölkələrə turneyə çıxıb.
Bakıya səfər də turne çərçivəsində idi. Siyasi şərhçinin fikrinə görə Maduronun səfəri yalnız bir məqsədə xidmət edir. Bu da neft amilidir.
İqtisadçı ekspert Natiq Cəfərli isə düşünür ki, Maduro son şansını dəyərləndirmək üçün neft ölkələrinə səfər edir. Venesuela prezidenti çalışır ki, neftin qiymətində mümkün qədər bahalanma yaransın.
Məhz bu səfərlər və görüşlər də Maduronun özünü xilas etməsinə yönəlib. Ekspert onu da vurğulayır ki, Azərbaycanın neftin qiymətinin dəyişməsində elə də bir ciddi rolu yoxdur. Natiq Cəfərli Azərbaycanın neftin qiymətində böyük dönüş yarada biləcəyinə inanmır.
Milli Məclisin deputatı Rasim Musabəyov isə deyir ki, Venesuela prezidenti neft ölkəsi olaraq Azərbaycanla əlaqələrin qurulmasında maraqlıdır. Amma politoloq deyir ki, bu səfərdən böyük nəticə gözləməyə dəyməz. Neft bahalaşması Maduro hakimiyyətdən getməli olacaq.