Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 04:15

Hər 7 saniyədə bir uşaq ərə verilir


BMT-nin hesablamalarına görə, hazırda uşaqkən ərə verilən qızların sayı 700 milyondur.

BMT-nin hesablamalarına görə, hazırda uşaqkən ərə verilən qızların sayı 700 milyondur.

Bütün çağırışlara baxmayaraq, indi dünyada hər 7 saniyədə bir uşaq – yaşı 15-ə çatmamış qız uşağı ərə getməyə məcbur edilir.

AzadlıqRadiosunun İran xidməti ölkənin şərqində – Azərbaycan vilayətində 10 yaşında ərə verilmiş bir qadının başına gələnlərdən yazıb.

«BARMAĞIMA ÜZÜK TAXDILAR»

İlk baxışdan hər şey nağıla bənzəyə bilər. Təsəvvür edin, həyət-bacada bir yerdə oynaya-oynaya böyüyən qızla oğlan sonda evlənirlər. Amma qızın 10, oğlanın 15 yaşı varsa...

Özünü şərti olaraq Leila kimi təqdim edən gənc qadın toy gününü belə xatırlayır: «Gecəyarısı idi, yatırdım. Qonşularımız qapını döydülər, içəri girib barmağıma üzük taxdılar... Beləcə, ərə getdim».

Yaşı 22-ni ötməsə də, Leila-nın həyatının yarısı ər evində keçib və İranda onun kimilər on minlərlədir. İran qanunlarına görə, yaşı 13-ə çatmış qız valideynlərinin razılığı ilə ərə verilə bilər. Yaşı 9-u keçmiş daha kiçik qızların nikahına isə yerli məhkəmənin qərarı ilə razılıq verilir. Oğlanın nikah yaşı 15-dir.

«ƏLLƏRİMİN ƏSDİYİ YADIMDADIR»

Vətəndaşların Qeydiyyatı Statistikası üzrə Beynəlxalq Təşkilat 2015-ci ildə İranda 37 min erkən nikahın sənədləşdiyini bildirir. Real rəqəm daha artıq ola bilər, çünki ailələrin çoxu erkən nikahı qeydiyyata aldırmırlar.

Əri Ali-nin valideynləriylə bir yerdə yaşayan Leila onların kəndində uşaqkən ərə verilən qızların çox olduğunu deyir. Amma bu, qızların durumla barışdığına, erkən ailə həyatına hazırlığına dəlalət etmir.

«Mən nə elədiyimi bilmirdim ki… Əllərimin əsdiyi yadımdadır», - deyən Leila 15 yaşlı ərinin, ondan fərqli olaraq, toy gününə hazır olduğunu xatırlayır: «O, heç qorxmurdu, özünə əmin görünürdü».

Leila bu «dəhşətli oyun» bitən kimi durub evlərinə, anasının yanına qaçmaq istədiyini indi də əlləri əsə-əsə danışır.

Buna da bax-6 yaşlı qızla evlənən molla

«BELƏ ŞEYLƏR OLUR»

Ertəsi gün Leila-nın yanına həkim gətirirlər. Həkim onu sakitləşdirir, ancaq qorumur, kabusun bitəcəyini söyləmir: «Mənə qorxmamağı, bunun adi hal olduğunu, getdikcə öyrəşəcəyimi dedi».

Belə şeylər, doğrudan da, çox olur və BMT-nin Uşaq Hüquqları Komitəsinin əsas missiyalarından biri də bunun qarşısını almaqdır. Ancaq 2016-cı ildə missiya İranda uşaqların erkən nikaha girməsi hallarının artmaqda olduğunu bildirib, İran İslam Respublikasını nikah yaşı haqda qanunu dəyişməyə, cinsi əlaqə yaşını 16-ya qaldırmağa çağırıb.

İran qanunları 9 yaşlı qızların cinsi əlaqəyə cəlbinə yol verir, uşaqlarla cinsi münasibətlər qanunla cinayət sayılmır. Müstəqil ekspertləri ən çox narahat edən də budur.

BMT-nin Uşaq Hüquqları Komitəsi bu problemin tək İrana aid olmadığını, keçmiş Sovet ölkələrindən Azərbaycan, Gürcüstan, Qırğızıstan və Tacikistanda da qızların erkən ərə verildiyini qeyd edir. BMT-nin builki hesabatında Azərbaycan nikaha erkən daxil olan qızların sayına görə yalnız İrandan geri qalaraq, 144 ölkə arasında 69-cu yerdə dayanır.

700 MİLYON

Tehranda sosioloq kimi çalışan Mostafa Eghlima AzadlıqRadiosunun İran xidmətinə müsahibəsində deyib ki, problemin həllinə əngəl sosial gerilik və adət-ənənələrdir: «Kiçik şəhərlərdə yaşayan əhali kasıbdır. Qızlarının yaşı 8, ya 9 olsun, onlara fərqi yoxdur, ərə verirlər. Bəy də uşaq olur, yaşı 18, 16, ya da 15-dən yuxarı olmur».

Psixoloqlar erkən nikahın uşaqlara çox güclü neqativ təsiri olduğunu, onların sonrakı həyatını daimi qorxu içərisində keçirdiyini deyirlər.

BMT-nin hesablamalarına görə, hazırda uşaqkən ərə verilən qızların sayı 700 milyondur. Bu problemlə mübarizə aparılmasa, 2050-ci ildə güclə ərə verilən qız uşaqlarının sayı 1.2 milyarda çata bilər.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG