Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:42

Ərəstun Oruclu: «Merkel Əliyevdən tələb etməli idi»


Ərəstun Oruclu
Ərəstun Oruclu

-

Azərbaycan prezidenti İlham Əliyev Almaniyadadır. Onunla görüşdən sonra bu ölkənin kansleri Angela Merkel mətbuat konfransında bir ümidini bölüşüb: «Alman fondlarının yenidən Azərbaycanda işləyəcəyinə ümid edirik».

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq və vaxtilə bu fondlardan biri ilə əməkdaşlıq etmiş Ərəstun Oruclu bu haqda fikirlərini AzadlıqRadiosu ilə bölüşüb:

– Söhbət Almaniyanın Azərbaycanda fəaliyyət göstərmiş fondlarından gedir. Bu, siyasi fondlardır. Onların hər birinin partiya bağlılığı var. Almaniya siyasi fondları haqqında qanuna əsasən, Bundestaqda iki dəfədən artıq təmsil olunan hər partiyanın öz siyasi fondunu yaratmaq, öz siyasi platformasını, dəyərlərini yaymaq hüququ var. Bu da alman dövləti tərəfindən dəstəklənir və maliyyələşdirilir. Azərbaycanla Almaniya hökumətləri arasında əldə edilmiş sazişə görə, bu fondlar 1996-cı ildən başlayaraq Azərbaycanda da fəaliyyət göstərirdi. Söhbət dörd fonddan gedir. Ancaq Azərbaycan hakimiyyətinin 2014-cü ildən başlayaraq vətəndaş cəmiyyətinə, beynəlxalq qurumlara qarşı apardığı siyasət nəticəsində bu fondlar da ölkədən çıxarıldı və bəziləri haqqında saxta cinayət işləri açıldı. Ona görə də, Angela Merkel-in həmin fondlar haqqında ehtiyatlı və diplomatik danışması dərin təəssüf hissi doğurur. Almaniya kimi böyük dövlətin partiyalarına bağlı fondlar barədə – özü də bu fondlar yalnız siyasi maarifləndirmə ilə məşğul olub – Merkel-in «ümid edirəm» deməsi onun göstəricisidir ki, onlar Azərbaycanda fəaliyyət göstərməyəcək. Ona görə ki, Azərbaycan hakimiyyəti bütün qanunvericiliyi dəyişib, bu tip təşkilatlar, hətta yerli qeyri-hökumət təşkilatları, donor təşkilatlar üçün fəaliyyəti məhdudlaşdırıb. Vaxtilə ABŞ prezidenti Barack Obama buna münasibət bildirmişdi.

– Sizcə, Merkel sərt danışmalı idi?

– Angela Merkel bu gün Azərbaycan hökumətindən imzalanmış öhdəliklərin icrasını tələb etməli idi. Belə qorxaq bəyanat verməməli idi. Çox təəssüf edirəm ki, Almaniya boyda dövlətin kansleri onun təşkilatlarına qarşı saxta cinayət işi açmış hakimiyyətin başçısı ilə münasibətdədir. Mən o fondların birində çalışmış biri kimi deyirəm bunu. Bu fondlarda çalışanlardan bəzisi ölkədən qaçmağa məcbur qaldı, mühacirətə yollandı. Almaniya hökuməti bu insanları müdafiə etmədi. Ona görə də, Merkel-in də bu çıxışı məni təəccübləndirmədi və bu fondlar burda işləməyəcəklər.

– Səbəb nədir? Almaniya fondları burda işləməsində maraqlı deyil?

– Maraqlı deyil, təbii ki. İkincisi, Almaniya hökuməti İlham Əliyevi öz tərəfinə çəkməyə çalışır, onun nazı ilə oynayır. Təcrübə əksini göstərir. Amerikalılar da vaxtilə bu xətti yürüdürdülər. Amma elə ki sərt müstəviyə keçdilər, Azərbaycan hakimiyyəti valı dəyişməyə məcbur oldu. Düşünmürəm ki, Almaniyanın Bakıya təsir-təzyiq imkanları ABŞ-dan azdır. İlham Əliyev siyasi məhbuslarla bağlı necə sərt mövqedə idi, hamı xatırlayır. Ancaq ABŞ-da qanun layihəsinin Konqresə təqdim edilməsi mövqenin dəyişməsinə səbəb oldu.

– Prezidentin Almaniyaya səfərinə etirazlar da vardı Azərbaycanda. Belə bir fikir vardı ki, Almaniyada «erməni soyqırımı» ilə bağlı sənədin qəbulundan sonra İlham Əliyev səfəri təxirə salmalıdır. Amma başqa arqument də vardı ortada, Almaniya ATƏT sədri kimi Dağlıq Qarabağ münaqişəsinin həllində hansısa təsirə malikdir, üstəlik də, bir qədər öncə Angela Merkel-in bu münaqişənin həllində Rusiyanın təsiri ilə bağlı fikirləri hələ yaddaşlardadır. Amma həmin effekt olmadı, deyəsən.

– Nəinki həmin effekt alınmadı, hətta kansler bildirdi ki, münaqişənin həllində Rusiyanın rolu önəmlidir. Yəni, təxminən bir il, ilyarım əvvəl ortaya qoyduğu mövqeyin 180 dərəcə əksinə getdi. O zaman Merkel Rusiyanı münaqişənin həllinə mane olmaqda ittiham etmişdi. İndisə deyir ki, münaqişənin nizamlanmasında Rusiyanın rolu çox önəmlidir. Bu, siyasi riyakarlıqdır...

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG