Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:20

Azərbaycan BVF-ni tənqid edir


Samir Şərifov
Samir Şərifov

Türkiyədə demokratiya zəfər çaldımı? ABŞ-la Türkiyə arasında yeni uçurum – 18 iyul Qərb mediasının icmalı.

Azərbaycan Beynəlxalq Valyuta Fondunu neftin ucuzlaşmasına verdiyi reaksiyaya görə tənqid edib, fonddan borclanmaq «biabırçılığının» qurumun neftlə zəngin ölkələrə dəstəyini əngəllədiyini deyib. Bu barədə «The Financial Times» qəzetində Jack Farchy yazır.

«BVF deyirdi ki, neftin ucuzlaşması qlobal iqtisadiyyata müsbət təsir göstərəcək. Ancaq bu baş vermədi», - Azərbaycanın maliyyə naziri Samir Şərifov qəzetə deyib. «BVF-dən yardım istəmək biabırçılığı bir sıra ölkələrin fonda yaxınlaşmasını, kiçik problemi böyümədən həll etməsini əngəlləyir».

Müəllif yazır ki, cənab Şərifovun dedikləri BVF-dən ötrü bir narahatlığı qabartmış olur. Dünya bazarında neftin qiymətləri düşdüyü bir məqamda dövlətlərin çoxu BVF-dənsə Dünya Bankının aşağı faizli kreditlərinə üz tutub. Bank ötən həftə bildirib ki, iyunun sonunda bitən maliyyə ilinə cəmi 61 milyard dollarlıq kredit ayırıb.

İxracının 95 faizi karbohidrogendən asılı olan Azərbaycanın isə bu ilin əvvəlində BVF və Dünya Bankından 4 milyard dollarlıq yardım istəməsi barədə məlumat yayılmışdı. Samir Şərifov deyir ki, az borcu olan, suveren sərvət fondu 34 milyard dollara bərabər Azərbaycanın heç vaxt yardıma ehtiyacı olmayıb. Amma BVF Azərbaycana bazar məzənnəsindən daha ucuz kredit verə bilərdi.

«Deyək ki, 7 faizlə borc götürürük, ancaq bundan daha ucuz şərtlərlə maliyyələşmə imkanı var. Məsələn, BVF 1 faizlə ayıra bilərdisə, niyə də bundan faydalanmayım?» - Şərifov deyib.

«Mənə görə bu, iqtisadiyyata yardım deyil, maliyyələşmə məsələsidir – mən daha ucuz maliyyələşmə əldə edərdim», - nazir sözlərinə əlavə edib.

Buna da bax: 7 il öncə BVF-dən üz çevirən Azərbaycan yenidən ona üz tutur

FT qeyd edir ki, BVF 2008-ci il maliyyə böhranından sonra yeni qabaqlayıcı kredit mexanizmləri yaradıb. Meksika, Keniya kimi ölkələr bunlara əl atıb, ancaq ümumilikdə çox istifadə olunur.

Samir Şərifovun sözlərinə görə, BVF məsələnin həllindən ötrü «dörd, ya beş yeni məhsul» üzərində işləyir. «BVF bir çox neftlə zəngin ölkəylə belə bir söhbət aparır. Onlardan bəziləri beynəlxalq bazarlardan borclanırlar. Amma eyni zamanda nağd pul üstündə oturub onu ayıra bilməyən bir qurum var».

Müəllif yada salır ki, Azərbaycan neft qiymətlərində düşüşdən ciddi ziyan çəkib. Bu ilin birinci yarısında iqtisadiyyat 3.4 faiz azalıb.

Bakı Xəzər dənizindən qazı birbaşa Avropaya daşıyacaq kəmər layihəsindəki payını maliyyələşdirməkdən ötrü 5 milyard dollarlıq kredit və zəmanət almağa çalışır. Bu məqsədlə Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya İnkişaf Bankı kimi beynəlxalq maliyyə qurumlarıyla danışıqlar aparılır. Bunu da Samir Şərifov deyir, amma vurğulayır ki, hətta beynəlxalq qurumlardan kömək gəlməsə belə, Azərbaycan 13 milyard dollarlıq layihədəki payını maliyyələşdirə bilər.

«Yaşadığımız sarsıntıya baxmayaraq, məncə, möhkəm dayanmışıq. Prezident Əliyev hökumətə postneft erasına hazırlaşmağı tapşırıb. İndi bu siyasəti sürətləndirməliyik».

Erdoğan cənazə namazında çıxış edib

Erdoğan cənazə namazında çıxış edib
Gözlə

No media source currently available

0:00 0:02:08 0:00

TÜRKİYƏDƏ DEMOKRATİYA ZƏFƏR ÇALDIMI?

«The New York Times» qəzetində təhlilçi Mustafa Akyol yazır ki, son zamanlar prezident Recep Tayyip Erdoğan-ı və getdikcə avtoritarlaşan hökumətini kəskin tənqid edib. Amma ötən cüməki çevriliş cəhdiylə hakimiyyətə gələcək hərbi rejim təkcə qanunsuz olmayacaqdı, həm də daha repressiv davranacaq, daha çox qan tökəcəkdi. Türkiyə xalqı, hətta Erdoğan-ın siyasi opponentlərinin çoxu bu rejimi rədd etdi.

Amma təhlilçinin fikrincə, ölkədə demokratiyanın zəfər çaldığını söyləməyə də çox tezdir. Ötən cümədən bəri baş verənlər Türkiyə cəmiyyətinin seçki demokratiyasını mənimsədiyini göstərdi. Hətta Erdoğan hökumətinin islamçılığına qarşı çıxan dünyəviçilər belə demokratik siyasət içində həll axtarırlar. «Təəssüf ki, Misirdə dünyəvi xətt tərəfdarları bundan dərs çıxarmadılar. Onlar 3 il öncə hərbi rejimi dəstəklədilər ki, bu da sonucda daha zorakı repressiv rejimlə sonuclandı».

«Bir şey aydındır: Bu təcrübədən Erdoğan daha güclü və populyar çıxacaq. O, milləti sui-qəsdə qarşı müdafiə edən qalib oldu və seçiciləriylə bağları da dərinləşdi. Elə də aydın olmayan prezidentin bu gücdən necə istifadə edəcəyidir», - müəllif yazır.

«Erdoğan uzaqgörən davransa, dünyəvi müxalifətdən aldığı dəstəyi dəyərləndirər, onlara düşmən kimi baxmaz. Buraya kürdpərəst partiya da daxildir. Bu, illər boyu davam etmiş parçalanmadan sonra milli birlik və barışıq fürsətinə çevrilər. Son həftələr hökumət xarici siyasətdə praqmatik dəyişiklik başladıb, İsrail və Rusiyayla korlanmış münasibətləri düzəldib. Hökumət Türkiyə daxilində də eyni praqmatik yanaşma sərgiləsə, ölkə daha yaxşı gələcəyə doğru irəliləyər».

İncirlik bazası
İncirlik bazası

ABŞ-LA TÜRKİYƏ ARASINDA YENİ UÇURUM

«Foreign Policy» dərgisində isə Yochi Dreazen yazır ki, Obama administrasiyası ötən cüməki çevriliş cəhdini pislədi və Erdoğan-a inandığını bildirdi. Amma bununla iki ölkə arasındakı gərginliyin sona çatdığını söyləmək olmaz. Türkiyə Vaşinqtondan 75 yaşlı Fethullah Gülen-in ekstradisiyasını istəyir, onun çevriliş arxasında durduğunu söyləyir.

«Son günlərin ən zərərli aspekti Türkiyə tərəfdən ABŞ-a yönəlmiş aqressiv ritorikadır», - Yeni Amerika Təhlükəsizliyi Mərkəzindən Nicholas Heras deyir. «Erdogan Gülen-in ABŞ-da yaşamasına çox şəxsi yanaşır və anlamır ki, terrorçu kimi baxdığı şəxs orada necə azad yaşaya bilər».

Buna da bax: Fethullah Gulen danışdı: «Çevriliş baş tutsaydı belə...»

Türkiyə şənbə günü İncirlik hava bazasında ABŞ və NATO əməliyyatlarını dayandırıb. Burada 1500 amerikalı işçi var və ABŞ-ın «İslam Dövləti» (İŞİD) qruplaşmasına qarşı hava kampaniyasının əsas qovşağı rolunu oynayır.

Heras deyir ki, Ankara Vaşinqtonun İŞİD-ə qarşı mübarizədə onun yardımına ehtiyacı olduğunu bilir və Gülen-dən alver predmeti kimi istifadə edə bilər.

«Hətta Gülen-lə bağlı mübahisə həll olunsa belə, Vaşinqton oturub Erdoğan-ın hərəkətlərini izləməli olacaq. O, çevriliş cəhdindən yararlanaraq hakimiyyətini möhkəmləndirməyə çalışacaq, real və təxmin etdiyi düşmənlərini əzəcək... Dövlət katibi John Kerry Türkiyə liderini hüququn aliliyinə əməl etməyə çağıra bilər. Amma ürəklənmiş Erdoğan ona qulaq asmamağı seçə bilər», - müəllif yazır.

XS
SM
MD
LG