Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:00

Erdoğanı Putinlə Nazarbayev barışdırıb, amma "Gülen məktəblərini" bağlamayacaq…


Qazaxıstan prezidenti Nazarbayev Türkiyədə cevriş cəhdindən sonra bu ölkəyə baş çəkən ilk dövlət başçısı olub.
Qazaxıstan prezidenti Nazarbayev Türkiyədə cevriş cəhdindən sonra bu ölkəyə baş çəkən ilk dövlət başçısı olub.

Bu barədə məlumatları Ankarada görüşdən sonra Qazaxıstan lideri Nursultan Nazarbayev və Türkiyə prezidenti Recep Tayyip Erdoğan veriblər.

Türkiyə mediası bildirir ki, Nazarbayev 15 iyul hərbi çevriliş cəhdindən sonra Türkiyəyə səfər edən ilk xarici dövlət başçısı olub.

Türkiyə prezidenti qazaxıstanlı həmkarı ilə görüşün ardınca keçirilən brifinqdə deyib ki, “onun sıxıntılı vəziyyətində” Nazarbayevin “hörmətli Putinlə” çox sayda görüşləri olub.

Erdoğan deyib ki, Nazarbayev Ankara və Moskva arasında vasitəçəlik məqsədilə Türkiyə prezidentindən Özbəkistanda keçirilən Şanxay qrupu sammitinə nümayəndə göndərməsini istəyib.

Türkiyə prezidenti öz nümayəndəsi ilə məktub da göndərib. Belə başa düşmək olar ki, həmin məktub Rusiya prezidentinə ünvanlana bilərdi.

“Bunun işin təkrar sülhə döndərilməsində rolu oldu. Bu bir dönüş nöqtəsi oldu. İndi çərşənbə axşamı hörmətli Putinlə bir araya gələcəyik” – deyib Erdoğan.

O deyib ki, “sıxıntılı günlərimizi geridə qoyub köhnə günlərimizə qayıtmış olacağıq”.

Tez-tez qırxılan saqqal

“Dəyərli ağsaqqalımızın səylərini unutmaq mümkün deyildir. Bu əlbəttə tez-tez qırxılan saqqaldır, amma tez-tez qırxılan saqqal daha gur bitir”- deyə zarafat edib Erdoğan.

Öz növbəsində Nursultan Nazarbayev diqqəti Rusiya ilə münasibətlərin mühümlüyünə çəkib və deyib ki, “Qazaxıstan və Türkiyənin Rusiya ilə münasibətlərə baxışı oxşardır”.

Qazax lideri bunu da əlavə edib ki, Türkiyəni Şanxay iqtisadi əməkdaşlıq qrupu ilə münasibətlərdə daha fəal görmək istərdi.

İki liderin görüşündə ən maraqlı məqam Qazaxıstandakı Fethullah Gülen məktəbləri ilə bağlı müzakirə olub.

Erdoğandan daha bir siyahı

Bu barədə danışan Erdoğan konkret olaraq “bu terror qrupunun Qazaxıstandakı məktəbləri məsələsini müzakirə etdik” deyib.

Nursultan Nazarbayev və Recep Tayyip Erdoğan brifinqdə
Nursultan Nazarbayev və Recep Tayyip Erdoğan brifinqdə

Erdoğan məlumat verib ki, “Qazaxıstanda 33 Gülen məktəbi var”.

“Biz siyahını Qazaxıstan tərəfində verdik və inşaallah iki ölkənin təhsil nazirliklərinin müzakirəsi ilə Qazaxıstanda bu addım atılmış olacaq” – deyib Türkiyə prezidenti.

Lakin Erdoğanın yayğın olaraq dediyi “bu addım atılmış olacaq” ifadəsinə Nursultan Nazarbayev təmkinlə aydınlıq gətirib.

Bu izahatdan bəlli olub ki, Qazaxıstan Erdoğanın istəyi ilə sözü gedən məktəbləri qeyd-şərtsiz bağlamaq niyyətində görünmür.

Nazarbayev bildirib ki, bu məktəblərdə dərs deyən müəllimlərin 90 faizi Qazaxıstan vətəndaşlarıdır və Türkiyədən gələn müəllimlərin sayı 800-900 nəfərdir. Məktəblərin maliyyələşdirilməsi Qazaxıstan tərəfinin üzərinə düşür və məktəblər dövlət nəzarətindədir.

Rəhmətlik Turqut Özalla…

“Buna baxmayaraq, biz Türkiyəyə düşmən olan kimsəni dəstəkləməyəcəyik. Bizim təhsil nazirliklərimiz müştərək işçi qrupu yaradacaq və əgər kiminsə bu məsələ ilə əlaqəsi vardırsa, o müəllimləri geri göndərəcəyik, amma əvəzində Türkiyə tərəfindən başqa müəllimlər istəyəcəyik” – deyib Qazaxıstan prezidenti.

O deyib ki, məktəblərlə bağlı razılaşmanı “ikimiz rəhmətlik Turqut Özalla imzalamışdıq və o zaman bu işin içində Gülen olub-olmadığını bilmirəm”.

Nazarbayev deyib ki, sözü gedən məktəblər özəl təhsil ocaqlarıdır və onlarda təhsil pulludur.

O həmçinin 90 min şagirdin oxuduğu bu məktəblərdə təhsilin çox yüksək səviyyədə olduğunu bildirib.

Qazaxıstan lideri xüsusilə vurğulayıb ki, bu məktəblərin Türkiyənin ricası ilə təftişi zamanı onların Qazaxıstan qanunlarını pozub-pozmadıqları, tədris proqramlarının Qazaxıstanın təhsil siyasətinə uyğunluğu məsələsi əsas götürüləcək”.

Çıxışının sonunda Nursultan Nazarbayev Türkiyədə çevriliş cəhdinin qarşısının alınması münasibəti ilə “Türkiyəni və türk xalqını” təbrik edib.

Cəfəngiyyat

Beləliklə, Qazaxıstan prezidenti öz ölkəsində “Gülen məktəbləri” kimi tanınan təhsil ocaqlarının bağlanmayacağına aydın işarə verib.

Bundan əvvəl buna bənzər münasibəti mediaya açıqlamalarında Qırğızıstan prezidenti Atambayev də nümayiş etdirmişdi.

Atambayev Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlunun “Fethullah Gülen Qırğızıstanda da çevriliş edə bilər” bəyanatını “cəfəngiyyat” adlandırmışdı.

15 iyul çevriliş cəhdinin dərhal ardınca Türkiyə prezidenti Recep Tayyib Erdoğan Fethullah Gülen hərəkatına aid məktəblərin fəaliyyət göstərdiyi ölkələrə bu təhsil ocaqlarının bağlanması tələbi ilə müraciət etmişdi.

Qazaxıstan, Qırğızıstan və Keniyadan fərqli olaraq Azərbaycan və Somali Ankaranın tələbini dərhal və qeyd-şərtsiz olaraq yerinə yetirib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG