Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:21

Abbas Cavadi yazır ki, ABŞ-da yaşayan müsəlman vaizi Fethullah Güleni 15 iyul çevriliş cəhdinin “plançısı” adlandıran Türkiyə prezidenti Recep Tayyip Erdoğan, həm də “Təəssüf, keçmişdə səhvlərimiz olub, Allah bizi bağışlasın” deyib.

“Əgər siz mənə 20 il, 10 il, 3-4 il əvvəl desəydiniz, mən buna inanmazdım” – deyə əlavə edib Erdoğan.

“Amma o bilməli idi, - yazır Cavadi, - Çünki o vaxtlar o bir qüdrətli baş nazir kimi ölkəni təkbaşına idarə edirdi”.

Əgər siz mənə 20 il, 10 il, 3-4 il əvvəl desəydiniz, mən buna inanmazdım

Cavadi yazır ki, məsələ ilə tanış olmayanlar “keçmişlərdə səhvin” mənasını başa düşməyə bilərlər. Amma Erdoğan keçmişlərdə deyəndə, 2002-2013-cü illəri nəzərdə tutur.

“O zaman onlar Türkiyənin köhnə, dünyəvi, güclü ordusu olan respublikaçı sisteminə qarşı yaxın müttəfiq kimi mübarizə aparırdılar” – deyilir məqalədə.

Erdoğan üçün Ergenekon

Cavadi yazır ki, bu təhlükəli və dağıdıcı alyansın kulminasiya nöqtəsi yenicə işə başlamış bir dəstə prokuror və hakim, 750 aparıcı hərbi zabitə, ədliyyə sistemi işçilərinə, jurnalistlərə və millət vəkillərinə qarşı bir neçə sensasiyalı ittihamla iş açanda çatmışdı.

Uydurma Ergenekon işi üzrə komandan İlker Başbuğ da məhkum edilmişdi

Uydurma Ergenekon işi üzrə komandan İlker Başbuğ da məhkum edilmişdi

Bu adamlar “Ergenekon” adlandırılan gizli qrupun üzvləri olmaqda ittiham edilirdilər. Bu gün Türkiyədə həmin proseslər Stalin repressiyaları ilə müqayisə olunur. Onları həm də ordu tərəfindən hazırlanan silahlı çevriliş cəhdində ittiham edirdilər.

“…Kimə qarşı? – yazır Abbas Cavadi, - Əlbəttə, o vaxtkı baş nazir Erdoğana və onun hakim Ədalət və İnkişaf Partiyasına qarşı…”

Məqalədə deyilir ki, “qəsdçilər” əsas etibarilə Erdoğan hökumətinə tənqidi münasibət bəsləyən ənənəvi türk dünyəviçiləri idilər.

Guya onlar bu qəsdi Türkiyənin dünyəvilik çığırından çıxıb “gizli islamçılığa” keçməsindən narahat olduqlarına görə törədəcəkdilər.

Dil çaşar, düzünü deyər

Beləliklə, generallar, prokurorlar, tanınmış jurnalistlər və siyasətçilər alçaldıcı bir şəkildə həbs edilir, indi məlum olduğuna görə heç bir dəlil-sübutsuz illərlə həbsxanada saxlanılırdılar.

Gülen və Erdoğan - "keçmişdəki səhvlər"

Gülen və Erdoğan - "keçmişdəki səhvlər"

Cavadi yazır ki, bütün bunlar Erdoğana 2000-ci illərin sonlarında dəstək olmalı, hətta onun hakimiyyəti Konstitusiya Məhkəməsinin qərarları ilə tükdən asılı olacağı vəziyyətlərdə də Erdoğanın hakimiyyətdə qalmasını təmin edəcəkdi.

Lakin bir neçə ildə iki şey aydın olmuşdu: Birincisi ittiham sənədləri saxta idi və ya uydurma iddialar üzərində qurulmuşdu və ikincisi, bu ittihamları irəli sürənlər Erdoğan hökumətinin dəstəyi və ya ən azı onun dinməz razılığı ilə işə gətirilmiş Gülen tərəfdarları prokurorlar və hakimlər tərəfindən irəli sürülmüşdü.

Nəhayət, bu ilin aprelində Türkiyənin ali apellyasiya instansiyası həmin proseslərdə çıxarılmış hökmləri ləğv etdi, ilk növbədə ona görə ki, Ergenekon adlı təşkilat yerli-dibli olmamışdı.

Cavadi yazır ki, 2010-cu ildə Erdoğan təhlükəli şəkildə güclənməkdə olan Gülen hərəkatına qarşı özü mübarizəyə başladı. 2013-cü ildən başlayaraq o, hökuməti, hərbiyyəni və medianı Gülen tərəfdarlarından təmizləməyə başladı.

Türkiyə ordusu sındırılıb

Bütün bunlara baxmayaraq, qüdrətli prezident Ergenekon şou məhkəmələri barədə fikir söyləməməyə üstünlük verirdi.

"Türkiyədə ədliyyə müstəqildir, - deyirdi o vaxt prezident, - Biz məhkəmə qərarlarına təsir göstərməməkçün şərh verməməyi lazım bilirik”.

Hazırda Türkiyə hərbiyyəsi sındırılmış qüvvədir və onun sağalmasına illər lazım gələcək

Məhz buna görə də, çıxışlarından birində Erdoğan fethullahçılardan şikayətlənərək etiraf etmişdi: “Axı, biz onların istədiyi nəyi onlara verməmişdik?”

İndi isə, çevriliş cəhdindən iki həftə sonra Türkiyə ordusu Gülen hərəkatı ilə əlaqələrdə günahlandırılan general və admirallarının 60 faizindən məhrum edilib.

“Hazırda Türkiyə hərbiyyəsi sındırılmış qüvvədir və onun sağalmasına illər lazım gələcək” – deyib Vaşiqntonda mıənzillənmiş Atlantika Şurasından Aaron Stein Reuters agentliyinə.

“Kim bilir, Allah Erdoğanı bağışlayacaqmı? Lakin adamlar Ergenekon məhkəmələrini qarşıdan gələn illərdə də xatlırlayacaqlar. O məhkəmələri ki, əvvəlcə Erdoğana kömək etmişdi, amma indi bütün ölkəni fəlakətə düçar edib” – yazır Abbas Cavadi.

Günün bütün mövzuları

XS
SM
MD
LG