Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 18:19

Erdoğana görə daha bir blogerə “iş verildi”


Üzüklərin Hökmdarından hobbit Gollum
Üzüklərin Hökmdarından hobbit Gollum

Türkiyədə bir bloger prezidenti “Üzüklərin hökmdarı” əsərindəki Gollum obrazına bənzətdiyinə görə dövlət başçısının təhqiri ittihamı ilə məhkum edilib

Türkiyədə bir bloger prezident Recep Tayyip Erdoğanı “Üzüklərin hökmdarı” əsərindəki Gollum obrazına bənzətdiyinə görə dövlət başçısının təhqiri ittihamı ilə məhkum edilib.

Antalya vilayətinin məhkəməsi Rıfat Çetinə bir il şərti iş verməklə yanaşı, onu həm də valideynlik hüquqlarından məhrum edib.

O məhkəmədə isbata yetirməyə çalışırdı ki, o 2014-cü ildə cənab Erdoğanı əcaib Gollum-la müqayisə edərkən təhqirə yol verməyib.

Gollum JRR Tolkien-nin məşhur trilogiyasında “cırtdan və iyrənc bir məxluqdur”.

Üzük həsrəti onun vücudunu və düşüncəsini eybəcərləşdirib.

O vaxt prezident deyildi

2014-cü ildə Çetin, Facebook-da Erdoğanın üç fotosunu Gollum-un eyni üz ifadəsi olan üç şəkli ilə yanaşı yerləşdirmişdi.

Çetin məhkəmədə bu müqayisənin “ziyansız” olduğunu sübut etmək istəyirdi.

Son illərdə Erdoğanı təhqir ittihamı ilə 2 min cinayət işi açılıb. Bunların arasında keçmiş Türkiyə gözəli və 12 yaşlı məktəbli də var

Lakin cümə axşamı Antalya məhkəməsi cənab Çetini 1 il müddətinə şərti olaraq azadlıqdan məhrum edib. O eyni əmələ qarşıdan gələn beş ildə təkrar yol verərsə, həbsxanaya salına bilər.

Türkiyə Cinayət Məcəlləsinin 299-cu maddəsinə görə Türkiyə prezidentini təhqir edən şəxs 4 ilədək azadlıqdan məhrum edilə bilər.

Buna baxmayaraq Rıfat Çetin bildirib ki, hökmdən apellyasiya verəcək, beləki 2014-cü ildə Erdoğan hələ prezident yox, baş nazir idi.

Düzdür Smeagol da eybəcərdir, amma…

Mətbuat bu məhkəmə işi barədə geniş materiallar dərc edib.

Rejissor Peter Jackson türkiyəli blogeri müdafiə edib
Rejissor Peter Jackson türkiyəli blogeri müdafiə edib

Qəzetlər yazır ki, rejissor Peter Jackson Çetini müdafiə etmək üçün Erdoğana yazdığı məktubda izah etməyə çalışıb ki, fotokollajda Erdoğanla yanaşı şəkli dərc olunmuş obrazı Gollum saymaq olmaz.

Jackson yazır ki, şəkillərdə Gollum yox, Smeagol əks olunub. O isə Gollum-un hobbit olduğu, hələ Üzüklər Hökmdarının öldürücü təsirinə düşmədiyi vaxtlardakı variantıdır.

Düzdür Smeagol da eybəcərdir, amma Gollum qədər yox.

Antalya məhkəməsi rejissorun bu müraciətini rədd edib.

Qərb mediası xəbər verir ki, Erdoğan və onun administrasiyası son illərdə tənqidə getdikcə daha çox dözümsüz olub və çox sayda jurnalist və bloger təzyiq və təqiblərə məruz qalıb.

Son illərdə Erdoğanı təhqir ittihamı ilə 2 min cinayət işi açılıb. Bunların arasında keçmiş Türkiyə gözəli və 12 yaşlı məktəbli də var.

Bu arada Bilgin Ciftci adlı başqa bir adam da cənab Erdoğanı Gollum-a oxşatdığına görə məsuliyyətə cəlb olunub.

XS
SM
MD
LG