Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 12:33

Abbas Cavadi yazır ki, prezident Recep Tayyip Erdoğanın öz opponentləri ilə “el dilində” danışması, ölkə daxilində siyasi debat mədəniyyətini qabalaşdırmaqda davam edir.

Məqalədə deyilir ki, Erdoğanın bu yaxınlarda ABŞ generalı barədə işlətdiyi dil və tona Türkiyə cəmiyyəti öyrəncəli olsa da, belə danışıq ölkənin müttəfiqləri üçün əcaib səslənir.

Erdoğan baş tutmamış 15 iyul çevriliş cəhdindən danışarkən ABŞ Mərkəzi Komandanlığının rəhbəri Joseph Votel barədə “sən əslində utanmalısan” demişdi.

“Sən kimsən axı? – demişdi Erdoğan, - Birincisi öz həddini bil, ikincisi də kim olduğunu bil”.

Məqalədə deyilir ki, Erdoğanın ABŞ-a qarşı sərt ritorikası onun çevriliş cəhdinin “plançısı” kimi suçladığı müsəlman vaizi Fethullah Gülenin ekstradisiyası tələbinə Vaşinqtonun konkret cavabı ilə bağlıdır.

Ankara Gülenin dərhal ekstradisiya olunmasını tələb edir, Vaşinqtonsa bildirir ki, bunun baş verməsi üçün Türkiyə Gülenin təqsirli olduğunu isbat etməlidir.

Abbas Cavadi yazır ki, hətta ABŞ Birləşmiş Qərargah Rəisləri qurumunun başçısı Joseph Dunford-un Türkiyəyə səfəri, çevriliş cəhdini bir daha pisləməsi də Erdoğanın qəzəbini soyutmayıb.

Bu səfərdən bir gün sonra Erdoğan Qərbi ittiham edən yeni bəyanatlar verib: “Təəssüf ki, Qərb çevriliş qəsdçilərinin tərəfini saxlamaqla terroru dəstəkləyir”.

“El dili”, “küçə dili”

Məqalədə deyilir ki, Türkiyə prezidenti ABŞ-dan başqa, həm də Almaniyanı hədəfləyib.

Buna səbəb isə Almaniya türklərinin Erdoğanla həmrəylik ifadə edən izdihamlı mitinqi, daha doğrusu bu mitinqə Erdoğanın videorabitə vasitəsilə canlı müraciətinin yayınlanmasına Almaniya hakimiyyət orqanlarının qoyduğu qadağan olub.

Almaniyanın xarici işlər naziri Frank-Walter Steinmeier Köln mitinqi ilə əlaqədar qərarı şərh edərkən deyib ki, Türkiyədəki siyasi gərginliyin Almaniyaya nəql olunması və burada adamların təhdid edilməsi yolverilməzdir.

Mustafa Kemal Atatürk və ondan sonra İsmet İnönü, Adnan Menderes, Süleyman Demirel və Bülent Ecevit kimi baş nazir və prezidentlər ictimai həyatda, beynəlxalq diplomatiyada və hətta müxalifət liderləri ilə dialoqda da ənənəvi türk etiketinin nümunəsi olmuşdular

Türkiyə hökumətinin etirazına baxmayaraq Almaniya məhkəməsi qadağan qərarının düzgün olduğunu təsdiqləyib.

“Bərəkallah! Almaniyada məhkəmələr yaman sürətlə işləyir, - deyə rişxənd edib Erdoğan, - Bizə öyrətmək istədiyiniz demokratiya budur?”

Cavadi yazır ki, Erdoğanın “acı dili” onun tabeçiliyində olan nazirlərə də yoluxur. Məsələn, prezidentin ardınca ədliyyə naziri Bekir Bozdağ deyib: “Bəs demokratiyanız hanı? Söz azadlığı hanı? Bizim Qərbdən öyrənəcəyimiz dərs yoxdur. Biz onlara demokratiya dərsi verərik!”

Abbas Cavadi yazır ki, son vaxrtlaradək belə çılğınlığa, belə nəzakətsiz ritorikaya nəinki ənənəvi Türkiyə diplomatiyasında, hətta ölkənin daxili siyasətində də yol verilməzdi.

Türkiyədə Osmanlı imperiyasının 600 illik varlığından sonra qurulmuş respublikanın banisi Mustafa Kemal Atatürk və ondan sonra İsmet İnönü, Adnan Menderes, Süleyman Demirel və Bülent Ecevit kimi baş nazir və prezidentlər ictimai həyatda, beynəlxalq diplomatiyada və hətta müxalifət liderləri ilə dialoqda da ənənəvi türk etiketinin nümunəsi olmuşdular.

Davranış məcəlləsinə Türkiyənin ənənəvi müxalifət partiyaları da riayət edərdilər.

Cavadi yazır ki, bütün bunlar 2002-ci ildə, hakimiyyətə gəldikdən sonra Erdoğanın siyasi həyata “küçə danışıq tərzini” gətirməsi ilə dəyişib.

“Siz” və “sən” arasındakı ədəb fərqi

Məqalədə deyilir ki, bu transformasiyanı Erdoğanın çıxışlarının ingiliscəyə tərcüməsində sezmək mümkün deyildir. Çünki ingilis dilində “sən” və “siz” sözləri eyni “you” şəxs əvəzliyi ilə ifadə olunduğundan əcnəbi oxucu prezidentin öz rəqiblərinə “sən” deyə müraciət etdiyini və türk dilində nəzakətli müraciətlərdə işlədilən “siz” əvəzliyinin itdiyini görmür.

Erdoğanın sərt ritorikası cəmiyyətə də təsir edir

Erdoğanın sərt ritorikası cəmiyyətə də təsir edir

Cavadinin fikrincə, məhz buna görə də əcnəbilər Erdoğanın ABŞ komandanı Votel-ə müraciətindəki “sən kimsən” sualının ədəbsizliyini başa düşməyə də bilərdilər.

Halbuki, rus dilindəki “Vı”, alman dilindəki “Sie” kimi türk dilindəki “Siz” də rəsmilərə, tanımadığınız insanlara ehtiram əlaməti olaraq işlədilir.

Cavadi yazır ki, tanımadığınız insanlara “sən” deyə müraciət etmək həmişə “təhsilsizliyin” əlaməti sayılıb. Elə Türkiyədə də son iki onillik ərzində hökumət nazirliklərinə, polisə və hərbiyyəyə, hava şirkətlərinə və banklara öz işlərində “siz” müraciətindən istifadə etmək tövsiyə olunub. Bu təlimat Türkiyə cəmiyyəti tərəfindən də müsbət qarşılanıb.

Erdoğan 2002-ci ildə baş nazir seçiləndə də, bu sosial ədəb qaydası dəyişməz qalıb, lakin Türkiyə lideri öz rəqiblərini ittiham və tənqid edəndə “nəzakətsiz” “sən” müraciətindən istifadə etməyə başlayıb.

Məqalədə deyilir ki, tezliklə Erdoğan xarici liderlərə də bu şəkildə müraciətə adət edib. Təbiidir ki, bunun ardınca Erdoğanın nazirləri və hətta onun opponentləri də bir-biri ilə ünsiyyətdə belə müraciət formasını qəbul ediblər.

Abbas Cavadi yazır ki, dəyişən təkcə şəxs əvəzliyi deyildir, Türkiyədə tənqidin və debatın tonu getdikcə daha nəzakətsiz, qərəzli, davakar və qaba olub.

Müəllif düşünür ki, indi artıq belə ton və danışıq tərzinə cəmiyyət də alışmağa başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG