Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:59

Davutoğlu Erdoğan tərəfdarları ilə bacarmadı


Hakim AKP tərəfdarları seçki yürüşü zamanı R.T.Erdoğan və A.Davutoğlu-nun əks olunduğu banneri tuturlar 2015
Hakim AKP tərəfdarları seçki yürüşü zamanı R.T.Erdoğan və A.Davutoğlu-nun əks olunduğu banneri tuturlar 2015

-

«Yeni baş nazirin əsas missiyası prezidentin dediklərini yerinə yetirmək olacaq»; Vaşinqtonda artıq belə narahatlıqlar var ki, Davutoğlu-nun getməsi İŞİD-lə mübarizədə ziddiyyətləri ortaya çıxarar – 5 may Qərb mediasının icmalı.

«Türkiyənin Baş naziri Ahmet Davutoğlu baş nazirlikdən istefa verə bilər. Bu, prezident Recep Tayyip Erdoğan-ın, formal vəzifə tutmasına baxmayaraq, opponentlərini uzaqlaşdırmağa, hökuməti idarə etməyə yetərincə gücünün olduğunu ortalığa qoyur». «The Financial Times» qəzetində Mehul Srivastava belə yazır.

Davutoğlu 2002-ci ildən idarə etdiyi AKP sədrliyindən gedir və partiyanın fövqəladə qurultayını çağırıb. Qəzet yazır ki, Davutoğlu partiya sədrliyindən uzaqlaşarsa, bir neçə həftəyə baş nazirlikdən də getməli olacaq. Ancaq bir mənbənin bildirdiyinə görə, onun qərarı dəyişə də bilər, partiya daxilində dəstəyi böyükdür. Mayın 5-də AKP rəhbərliyi ilə görüşdən sonra Davutoğlu mətbuat konfransı keçirəcək.

Artıq partiya içində varislə bağlı bir çaxnaşma yaranıb, prezidentin ağzından kimin adının çıxacağını gözləyirlər. Mümkün namizədlər nəqliyyat naziri Binali Yıldırım, prezidentin kürəkəni, enerji naziri Berat Albayrak, ədliyyə naziri Bekir Bozdağ-dır. Hər üçü prezidentə loyal sayılır.

Ölkə liderliyi uğrunda uzunmüddətli mübarizə perspektivi iqtisadiyyata dərhal təsirini göstərib. Bir günün içində lirə dollara nisbətən 4.5 faiz ucuzlaşıb, səhmlər isə 2 faizdən çox düşüb. 720 milyardlıq ölkə iqtisadiyyatı onsuz da inflyasiya, xarici borclar, sərhədindəki Suriya müharibəsindən, böyük şəhərlərində intiharçı hücumlarından əziyyət çəkir.

Müəllif yazır ki, Erdoğan 2014-cü ildə prezident seçiləndə, yerinə keçmiş Davutoğlu uzun müddət onun protokol prezidenti kimi qalmaq istəməməsindən əndişələnib, lakin prezidentliyin gücləndirilməsini hədəfləyən referendum planlarını açıq şəkildə dəstəkləyib. Daim gülümsəyən, həlim səsli Davutoğlu sonda Erdoğan-ın media və parlamentdəki tərəfdarları ilə bacarmadı. Sonucda özü AKP liderliyindən getməyə qərar verdi. Bir gün öncə Davutoğlu-nun komandası prezident sarayında danışıqlar aparıb.

«Gün ərzində baş nazirin prezidentlə bağlı məsələni həll edəcəyinə ümid vardı», - Davutoğlu-nun adamlarından biri deyib. Baş nazir özü saraya gedəndə müşavirlərinə söyləyib ki, Erdoğan-dan konstitusion səlahiyyətlərinə sayqı göstərməsini istəyəcək, əvəzində bu ilin sonuna planlaşdırılan referendumu dəstəkləyəcək. Qəzet yazır ki, danışıqların aparıldığı 600 milyon dollarlıq saray da ikin olaraq baş nazirin iqamətgahı kimi nəzərdə tutulmuşdu, sonra prezident tərəfindən tutuldu. 90 dəqiqə çəkən görüşün sonunda tərəflərdən heç biri bəyanat verməyib.

R.T.Erdoğan və A.Davutoğlu
R.T.Erdoğan və A.Davutoğlu

Prezidentlə baş nazir aylardır akademiklərin və jurnalistlərin saxlanılması, kürd separatçılarıyla danışıqların başlanması, mərkəzi banka rəhbər təyinatı, AB ilə yaxınlaşma məsələlərini dartışır. Davutoğlu AB ilə razılaşmanı bitirmək üzrəykən Erdoğan onun AKP daxilində yerli liderləri təyin etmək hüququnu aldı. «Erdoğan bu razılaşmaya Davutoğlu-nun güc bazasını gücləndirmək səyi kimi baxdı. Ancaq, əslində, Davutoğlu-nun AKP və Türkiyə daxilində Erdoğan-a meydan oxuyacaq dəstəyi yoxdur», «Teneo Intelligence» qurumunun təhlilçisi Wolfango Piccoli deyir.

Bir neçə gün öncə yaradılan anonim bir vebsayt baş naziri Qərb dövlətləri ilə əməkdaşlıqda ittiham edib. FT yazır ki, Erdoğan AB-yə inamsızlıqla baxır, bloka qoşulmaq səylərindən də, demək olar, imtina edib.

«Türkiyədə baş verənlər Berlin və Brüsseldən ötrü böyük əhəmiyyət kəsb edir, özəlliklə də, Erdoğan-nın AB ilə əməkdaşlığa açıq-aşkar şübhəylə baxdığını nəzərə alanda, onun mövqeyini gücləndirmək səyləri diqqətlə izlənir», - bunu isə Avrasiya Qrupundan Rahman Mujtaba söyləyir. Onun sözlərincə, Avropaya qaçqın axınını önləmək məqsədi daşıyan saziş məhz Davutoğlu-nun sayəsində ərsəyə gəlib.

Çərşənbə günü parlamentdə çıxışında Davutoğlu ona xas olmayan bir cəsarətlə deyib ki, istefaya getməsi mümkündür. Erdoğan isə Ankarada bir görüşdə dəm-dəm vurub. «Başçılıq etdiyi kəndin rəğbətini qazana bilməyən biriylə xalqının dəstəyini əldə edə bilməyən prezidentin heç bir fərqi yoxdur».

ERDOĞAN-IN ƏL-AYAĞI AÇILIR

Adı açıqlanmayan rəsmi «The New York Times» qəzetinə deyib ki, Davutoğlu-nun yenidən liderliyə iddia edəcəyi inandırıcı görünmür.

Qəzet yazır ki, hakim AKP-də bu dəyişiklik kürd yaraqlıları ilə müharibə, «İslam Dövləti» qruplaşmasının hücumları, milyonlarla suriyalı qaçqının gəlməsiylə üst-üstə düşür və Erdoğan-nın yolunu təmizləmiş olur.

Erdoğan Konstitusiyada nəzərdə tutulduğu kimi, bir formal, protokol prezidenti olmadı. Davutoğlu isə uzun müddət prezidentin əlaltısı kimi görünsə də, aralarındakı gərginlik bu həftə, Davutoğlu-nun yerli partiya rəhbərlərini təyinetmə səlahiyyəti alınandan sonra üzə çıxdı. «Davutoğlu kimi üzüyola biriylə belə münasibəti saxlaya bilmədi», - keçmiş diplomat Sinan Ülgen deyir.

Davutoğlu Erdoğan-ın Konstitusiyanı yenidən yazmaq niyyətinə qarşı çıxırmış, PKK ilə müharibəni bitirib sülh danışıqlarına qayıtmağa meylli imiş, mərkəzi bankın müstəqilliyini dəstəkləyirmiş və sairə. «Yeni baş nazirin əsas missiyası prezidentin dediklərini yerinə yetirmək olacaq», - Ülgen əlavə edir.

B.Obama və R.T.Erdoğan
B.Obama və R.T.Erdoğan

Məqalədə vurğulanır ki, Konstitusiyanı istədiyi kimi dəyişmək Erdoğan-a elə də asan başa gəlməyəcək. Çünki AKP parlamentdə yetərli səs sahibi deyil, üstəlik, rəy sorğuları ictimaiyyətin də prezident sisteminə qarşı çıxdığını göstərir. Təhlilçilərin fikrincə, bu halda Erdoğan yeni baş nazirlə birlikdə parlamentdə daha çox yer qazanmaq məqsədilə erkən seçkilər keçirə bilər.

TÜRKİYƏDƏKİ MÜBARİZƏNİN QƏRBƏ TƏHLÜKƏSİ

«The Wall Street Journal» qəzetinin Avropa nəşri diqqəti Türkiyədə gedən hakimiyyət mübarizəsinin Qərblə münasibətlərə yaratdığı təhlükəyə çəkir. Qərbdə Davutoğlu-nu islahatçı, Avropayla əməkdaşlıq tərəfdarı sayırlar. Erdoğan-a isə Avropa liderləri, əksinə, skeptisizmlə yanaşır, onun narazıları susdurmaq cəhdlərindən əndişələnirlər.

Obama administrasiyası məsələni şərh etməyib, bunu Türkiyənin «daxili işi» adlandırıb. Ancaq qəzetin yazdığına görə, Vaşinqtonda artıq belə narahatlıqlar var ki, Davutoğlu-nun getməsi ilə İŞİD-lə mübarizədə ziddiyyətlər ortaya çıxa bilər. Erdoğan dəfələrlə ABŞ-ı kürd yaraqlılarına verdiyi dəstəyə görə tənqid edib, koalisiyadan çıxmaqla hədələyib.

«ABŞ Erdoğan-ın bu planlara ziyan vuracaq addım ata biləcəyindən narahatdır», - Woodrow Wilson Beynəlxalq Mərkəzinin Türkiyə üzrə eksperti Henri Barkey deyir.

XS
SM
MD
LG