Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 10:59

Erdoğan 2029-cu ilədək hakimiyyətdə qala bilər


R.T.Erdoğan İstanbulda tərəfdarı qarşısında-2016
R.T.Erdoğan İstanbulda tərəfdarı qarşısında-2016

Türkiyədə baş verənlər ölkə prezidentinin fotosunu yenə manşetlərə çıxarıb.

«Reuters» xəbər agentliyi dünənki qovulmalardan yazır. Noyabrın 22-də Türkiyədə daha 375 institut, media orqanı bağlanıb və daha 15 min adam işdən çıxarılıb. Qovulanlar arasında əsgərlər, polis zabitləri, vergi müfəttişləri, həkimlər, tibb bacıları, doğum evlərində mamalıq edən qadınlar var. Onların hamısı iyundakı çevrilişi planlamaqda günahlandırılan ilahiyyatçı Fethullah Gülen-lə bağlılıqda, milli təhlükəsizliyə zərər vuran terror təşkilatı ilə əlaqədə şübhəli bilinir, əlavə izahat verilmir.

BANK HESABLARI, MESSENCERLƏRDƏN İSTİFADƏ

Mətbuatın yazdığına görə, qovulanların bəziləri nə vaxtsa Gülen ardıcılarının idarə etdiyi bankda hesabı olduğuna, bəziləri Gülen-çilərin rabitə vasitəsi sayılan messencerlərdən yararlandığına, ya da müxalif birləşmələrə üzvlüyünə görə cəzalanıb. Yerli mətbuat bu insanların yeni iş tapa bilmədiyini, təqiblərə məruz qaldığını, ətrafdakılar tərəfindən sıxışdırıldığını, bəzən hətta intihar həddinə çatdırıldığını yazır.

Prezident Recep Tayyip Erdoğan isə fəxrlə Gülen şəbəkəsini xeyli zəiflətdiyini, əməliyyatın hələ davam edəcəyini söyləyib: «Onlardan tam qurtulmadığımızı bilirik. Orduda, polis qüvvələrinin tərkibində, ədliyyə sistemində belələri hələ də var. Amma biz ölkəmizi onların əlində qoymayacağıq, belələrinin xalqımızı məhv etməsinə imkan verməyəcəyik».

Erdoğan-ın opponentləri təmizləmə əməliyyatının tək Gülen-çilərə deyil, artıq bütün müxaliffikirli əhaliyə qarşı yönəldiyini deyir.

Erdoğan səs verir.
Erdoğan səs verir.

«The Guardian» qəzeti yazır ki, hakim AK Partiyasının məqsədi () Erdoğan-ı 2029-cu ilə qədər hakimiyyətdə saxlamaqdır.

DAHA 13 İL

Mətbuat ölkədə referendum keçiriləcəyini, ölkə konstitusiyasına dəyişikliklər edilərək, Erdoğan-a daha çox hakimiyyət veriləcəyini öncə də yazırdı. İndi bu barədə rəsmilər də danışırlar. Mətbuata sızan məlumata görə, hakim partiyanın hazırladığı qanun layihəsi baş nazir postunun ləğvini, əvəzinə prezidentə iki müavin və daha çox icraedici səlahiyyət verilməsini nəzərdə tutur. Üstəlik, Erdoğan-ın hakimiyyətinin daha 13 il uzadılmasına imkan verir.

Parlamentdəki müxalifətçilər – CHP və HDP sənədə qarşı çıxsalar da, millətçilər qanun layihəsinin müzakirəsinə hazır olduqlarını bildiriblər və layihə daxili baxış üçün onlara verilib.

Prezidentlik müddəti 2019-cu ildə bitən Erdoğan-ın seçkiyə yenidən qatılacağı, səsləri qazanarsa, 2024-cü ilə qədər hakimiyyətdə qalacağı gözlənirdi. «Reuters» agentliyinin əldə etdiyi qanun layihəsi Erdoğan-ın referendumdan sonra əlavə icraedici səlahiyyətlərə yiyələnəcəyini, 2019-cu ildə səsvermə mexanizminin dəyişəcəyini və Erdoğan-ın yenidən iki dəfə, hər birində 5 illiyə prezident seçilməsi imkanı qazanacağını göstərir.

Parlamentdə ikinci böyük çoxluğa sahib CHP-nin sədr müavini Haluk Koç konstitusiyaya dəyişikliklərin bir nəfərin hakimiyyətiylə, əsarətlə sonuclanacağını deyib.

XS
SM
MD
LG