Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 12:01

►Gənclər harda işləmək istəyirlər?

“Elektrik işləyirəm, müəllimlik oxuyuram. Ancaq hərbçi olub hərbi sahədə çalışmaq istəyirəm”.

Tamerlan Məmmədlinin 20 yaşı var. Deyir ki, müəllimliyi seçsə də, ali məktəbi bitirəndən sonra hərbi sahədə oxuyub hərbçi olmaq istəyir. Elektrikliyi isə yeniyetmə yaşlarından bacarır deyə, təhsil haqqını ödəmək üçün işləyir.

Ali təhsil alan, yaxud tamamlayan gənclərlə söhbət çoxunun yiyələndiyi ixtisasla işləmək istədiyi sahənin fərqli olduğunu üzə çıxarır.

Belə gənclərdən biri Kamil tibb təhsili alır, ancaq aşpaz işləyir. Deyir, bu peşəni sevir, sevdiyi sahədə də işləyir. Üstəlik, Avropa ölkələrindən birində peşəsini təkmilləşdirməkdən ötrü pul yığır:

“Həm onların mətbəxini, həm də yaxşı aşpazlardan bu peşənin sirlərini öyrənmək istəyirəm”.

Gənclərin arzusu: dənizçi, könüllü, həkim...

Ali təhsil almağa hazırlaşan, təhsil alan, ya da təhsilini bitirən bir neçə gənclə söhbətdən də aydın oldu ki, çoxu istəmədiyi yerlərdə çalışır, yaxud iş yerləri ilə təhsilləri fərqlidir:

– Hər hansı təhsil müəssisəsində işləmək istəyərdim. Doktorantam, öz biliyimi uşaqlara vermək istəyərdim. Ancaq işləmirəm.

– Neft sahəsində, özü də Dubayda işləmək istəyərəm. Eşitmişəm ki, orada neftin qiyməti bahadır.

– Heç bu haqda fikirləşməmişəm.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

– Oxuyuram. Təhsil müəssisəsində, ya da araşdırma mərkəzlərində işləmək istəyərdim. Bilmirəm alınacaq, ya yox...

– Dənizçilik Akademiyasına qəbul olub dənizçi olmaq istəyərəm.

– İstəyərdim həkim olum, ola bilmədim.

– Yaxşı yerdə çalışmaq istəyərəm.

– Hava limanında kassada işləmək istəyərəm.

– Arzuladığım yer başqadır. Özüm dizayner işləyirəm.

– Satıcıyam. Ancaq həkim olmaq istəyirəm.

– Kursda müəllim işləyirəm. İxtisasım isə hüquqşünasdır. Hüquqşünas işləmişəm, sonra bəyənməmişəm. Xaricdə təhsil almaq, könüllü işləmək istəyərəm. Könüllü olaraq, bir kənddə ağac altında uşaqlara dərs demək istəyərəm.

“Əmək bazarı kartof bazarı kimidir”

Azərbaycanda gənclərin çoxu arzuladığı ixtisas üzrə işləmirlər. Bunu təhsil üzrə ekspert Nabatəli Qulamoğlu deyir və səbəbini ölkədə əmək bazarının bərbad durumuna bağlayır:

“Azərbaycandakı əmək bazarı kartof bazarı kimidir. Əmək bazarında lazımı yerlər yoxdur. Məzunların bəziləri tamamilə savadsızdır. Ortabab savadlı məzunlar da var. Onların iş tapması da problemdir. Yüksək səviyyəli məzunlar, istər-istəməz, dövlət müəssislərində olmasa da, özəl müəssisələrdə özlərinə yer tapa bilirlər. Həmin məzunları çox vaxt hansısa “Həsən ağanın qohumunun” köməkçisi qoyub 500-600 manat maaşla təmin edirlər. Əmək bazarının bərbad vəziyyəti ucbatından bizim məzunlar təhsil almaq stimulundan məhrum olurlar. Yəni, bilirlər ki, orta savadları olsa belə, “Həsən ağanın qohumu” olmadıqlarından onlara iş tapılmayacaq. Problem bundadır. Bu stimulu yaratmayandan sonra təhsilə maraq da ölür, təhsil də inkişaf eləmir”.

“Əmək bazarı öyrənilmir”

İctimai fəal, xaricdə təhsil məsələləri ilə məşğul olan “Human Capital Consulting” şirkətinin direktoru Bəxtiyar Hacıyev düşünür ki, problem əmək bazarı ilə təhsil müəssisələri arasında koordinasiyanın olmamasındadır:

“Çünki qəbul planı müəyyənləşdirilərkən əmək bazarında konkret bir ixtisasa olan tələb əsas götürülmür. Nəticədə, kifayət qədər çox, eyni ixtisaslı, əlləri diplomlu məzunlar peyda olur. Ancaq iş bazarında onlara ehtiyac yoxdur. Nəticədə, gənclərdən ibarət işsizlər ordusu yaranır”.

Bəxtiyar Hacıyev diqqəti tələbələrə ancaq nəzəri biliklər verilməsinə çəkir. Onun sözlərincə, ali məktəblər təcrübəsiz məzun yetişdirdyindən gənclər ya işsiz qalır, ya da tamam başqa sahələrdə çalışmalı olurlar.

____________________________________________________________

Bunlara da bax:

____________________________________________________________

Universitetlərə azadlıqlar verilməlidir

Keçmiş təhsil naziri Firudin Cəlilovun fikrincə, problemin həllindən ötrü dövlət hansı ixtisaslara ehtiyacın olmasını müəyyənləşdirməli, həmin sahə üzrə mütəxəssis yetişdirilməlidir:

“Ali məktəblərə qəbul zamanı gərəkən ixtisaslara çox yer verilməlidir. Baxın, özəl universitetlərdə də, dövlət universitetlərində də hüquq fakültəsi var. Ancaq ölkədə hüquq bərbad vəziyyətdədir. Çünki heç kim klassik hüququ öyrənmir. Eyni durum filologiya, jurnalistika fakültələrində də var”.

Keçmiş nazirin sözlərinə görə, bundan ötrü universitetlərə azadlıqlar verilməli, funksiyaları, öz aralarındakı rəqabətlilik gücləndirilməlidir. Bu halda, ali məktəblər iş yerləri ilə əlaqələrini qura bilər və gələcək məzunlar işlə təmin olunar.

Günün bütün mövzuları

XS
SM
MD
LG