Keçid linkləri

2016, 29 Sentyabr, Cümə axşamı, Bakı vaxtı 15:51

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP-nin) 21 iyul 2016-cı il qərarına əsasən, «Dekabank», «Kredobank», «Parabank» və «Zaminbank» ASC-lərin bank lisenziyaları ləğv edilib. Banklar bağlanarkən, ilk ağla gələn sual, təbii ki, vətəndaş əmanətlərinin taleyidir. Təcrübə göstərir ki, sığortalanmayan əmanətlər ödənilmir. Əslində, qanunvericilik də buna yol açır. Hər kəs öz depozitinin tam həcmdə qaytarılmasını gözləsə də, gerçəklikdə bu belə olmur.

«Əmanətlərin sığortalanması haqqında» Qanuna əsasən, aşağıdakı əmanət növlərinə Əmanətlərin Sığortalanması Fondu kompensasiya ödəmir:

- Əmanətlərin Sığortalanması Fondu Himayəçilik Şurasının Mərkəzi Bankla razılaşdırdığı illik faiz dərəcəsindən yuxarı qəbul edilmiş əmanətlər: bugünkü günə manatla olan həmin əmanətlər illik faiz dərəcəsi 12-yə, xarici valyutadakı əmanətlərdə isə 3-ə bərabərdir.

- Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti ilə əlaqədar açdığı bank hesablarındakı pul vəsaitləri. Ləğv olunan bankların balansında belə əmanətlərin sayı yetərincə çoxdur. Bunlar Əmanətlərin Sığortalanması Fondu hesabına deyil, həmin bankların əmlak və aktivlərinin satılması hesabına kompensasiya edilir.

Buna da bax - Hansı bankların bağlanma riski var? Ekspert şərh edir

ƏMANƏTLƏR HANSI ARDICILLIQLA ÖDƏNİLİR?

«Banklar haqqında» qanuna görə, ləğv olunan bankların əmlakı belə növbəlik qaydasında bölüşdürülür:

- İlk növbədə, Əmanətlərin Sığortalanması Fondunun sığortaladığı əmanətlərin ödənilməsinə çəkilən xərclər;

- İkinci növbədə, iflas prosedurunun həyata keçirilməsi ilə bağlı müvəqqəti inzibatçının və ləğvedicinin çəkdiyi bütün məsrəf və xərclər;

- Üçüncü növbədə, müavinətlərin, əmək haqlarının verilməsi haqqında bankın indiki və keçmiş işçilərinin tələbləri;

- Dördüncü növbədə, müvəqqəti inzibatçının idarəetmə və maliyyə sağlamlaşdırması prosedurları ilə əlaqədar bankın öhdəlikləri;

- Beşinci növbədə, büdcəyə məcburi ödənişlər üzrə vergilər və məcburi dövlət sosial sığortası üzrə ödənilməli məbləğlər;

- Nəhayət, altıncı növbədə təminatsız kreditorların tələbləri ödənilir. Söhbət ləğv olunan bankın digər banklar qarşısındakı borc öhdəliklərindən, fiziki şəxslərin sığortalanmayan əmanətləri üzrə tələblərdən və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin əmanətlərindən gedir.

«KOMPENSASİYA ALMAQ EHTİMALI SIFIRA YAXINDIR»

Bank məsələləri eksperti Əkrəm Həsənov deyir ki, sözügedən bankları pulları çox olduğundan deyil, tam əksinə, az olduğuna görə bağladılar: «Bu səbəbdən, heç bir təsirli addım atmadan, sadəcə, oturub kompensasiyanın ödənilməsini gözləməklə nəyə isə nail olmaq çox çətindir. Çünki «Banklar haqqında» Qanunda qeyd olunan ödənişlərin ardıcıllığına nəzər salsaq, kompensasiyanı almaq ehtimalı sıfıra yaxındır».

«ÖZ QANUNİ HÜQUQLARINIZI TƏLƏB ETSƏNİZ…»

Ekspert sözlərinə bunu da əlavə edir ki, rəhbəri olduğu «Antikollektor» şirkəti bağlanan banklarda əmanətləri olan fiziki şəxslərə də hüquqi xidmət göstərməyə başlayır: «Vətəndaşlar bizə nə qədər tez müraciət edib öz qanuni hüquqlarını tələb etsələr, kompensasiyalarını almaq şansları bir o qədər çox olacaq».

Şərhləri göstər

XS
SM
MD
LG