Keçid linkləri

2016, 28 Sentyabr, çərşənbə, Bakı vaxtı 19:22

►Mərkəzi bank əmanətlərin çoxaldığını deyir, ekspertsə əksini düşünür

Mərkəzi Bankın (MB-nin) yaydığı məlumata görə, iyulun 1-nə əhalinin banklarda 7 milyard 815,6 milyon manat əmanəti var.

Bu, iyunun əvvəli il müqayisədə 249,6 milyon manat və ya 3,3 faiz çoxdur. İlin əvvəlindən bəri aramsız azalan əmanətlərdə ilk artım meyli gözə çarpıb.

Bu il yanvarın 1-nə olan məlumata görə, əhalinin banklarda 9 milyard 473,9 milyon manat pulu vardı.

Ekspertlər son ayda baş verən artımın manatın dəyərsizləşməsindən qaynaqlandığını düşünürlər. Hazırda bütün əmanətlərin 85 faizi xarici valyutadadır. Mayın 31-də 1 dollar 1,4906 manata, iyulun 1-də isə 1,5425 manata bərabər olub.

Buna da bax: Əmanətlər ödənərkən, vətəndaşa növbə ən axırda çatır

İki rəsmi məqam və iki fərqli rəqəm

Əmanətlərin toplam məbləği barədə bir-biriylə uzlaşmayan fərqli rəqəmlər acıqlanıb.

Əmanətlərin Sığortalanması Fondunun (ƏSF-in) avqustun 2-də yaydığı məlumata görə, fiziki şəxslərin toplam əmanətləri 7 milyard 761 milyon manat olub. MB isə bu rəqəmin 7 milyard 815,6 milyon manta olduğunu bildirib. Beləliklə, arada 54 milyon manatlıq fərq ortaya çıxır.

Bank məsələləri eksperti Əkrəm Həsənov deyir ki, ƏSF-lə MB-nin rəqəmləri arasındakı fərqi yalnız özləri izah edə bilər: "Təbii ki, belə fərq olmamalıdır".

Ekspertin qənaətincə, MB-nin rəqəmini rəhbər tutsaq, belə əmanətlərdə artım yoxdur:

"Baş bankın rəqəminə görə, artım təxmini 3,3 faizdir. Ancaq əvəzində manta 3,5 faiz dəyər itirib. Əksər əmanətlərin xarici valyutatda olduğunu nəzərə alsaq, deməli, yenə də azalma var".

Buna da bax: Ekspert: 'İnflyasiyanı pul siyasəti ilə tənzimləmək çətin olacaq'

"MB indi bank nəzarəti orqanı olmadığından..."

Ə.Həsənov sözlərinə bunu da əlavə edir ki, məntiqlə MB indi bank nəzarəti orqanı olmadığından, həmin məlumatı yalnız fonddan və ya Maliyyə Bazarlarına Nəzarət Palatasından ala bilər.

Ekspert fondun rəqəmləri əsasında müqayisə də aparır:

"Fond deyir ki, guya iyunda əhalinin bank əmanətləri 195 milyon manat artaraq, 7 milyard 761 milyon manata yüksəlib. Doğrudan da iyunun 1-nə 7 milyard 565,9 milyon manat əmanət vardı. Fərq həqiqətən 196 milyon manatdır. Amma bu fərq əmanət artımının deyil, devalvasiyanın nəticəsidir. Axı mayın 31-də 1 dollar 1,4906 manata, iyulun 1-də isə 1,5425 manata bərabər idi. Yəni iyunda devalvasiya 0,0519 manat (və ya təxminən 3,5 faiz olub. İndi isə, gəlin hesablayaq görək, devalvasiya əmanətlərin manat ekvivalentinə necə təsir göstərib. Fondun özü də etiraf edir ki, hazırda valyuta əmanətləri bütün əmanətlərin 85 faizidir. Yəni əmanətlərin 6 milyard 596,85 milyon manatı, əslində, dollar və ya avrodadır. Yalnız 1 milyard 164,15 milyon manatı bilavasitə milli valyutadadır”.

Bunun mənası nədir?

Əkrəm Həsənov

Əkrəm Həsənov

Ekspert sualı belə cavablandırır:

“Bu isə o deməkdir ki, xarici valyutadakı əmanətlər mayın 31-də 4 milyard 425,63 milyon dollar olub. İyulun 1-də isə devalvasiya nəticəsində həmin dollar məbləği artıq 6 milyard 826,54 milyon manata çatıb. Başqa sözlə, dollardakı əmanətlər mayın 31-də 6 milyard 596,85 milyon manat, iyulun 1-də isə 6 milyard 826,54 milyon manat ekvivalentinə bərabər olub. Aradakı fərq 230 milyon manata yaxındır və devalvasiyaya uyğun olaraq, təxminən 3,5 faizdir. Fondsa deyir ki, guya iyunda əmanətlər 195 milyon manat artıb. Əslində, həmin 195 milyon 230 milyon manatın tərkibindədir, yəni, sadəcə, devalvasiyanın nəticəsidir. Bəs qalan 35 milyon manat (230-195=35 - red.) hanı? Həmin məbləğdə əmanətlər iyunda banklardan çıxarılıb".

"Fondun yalanı yalnız bundan ibarət deyil"

Bu hesablamanı əsas gətirən ekspert bildirir ki, beləliklə, iyunda əmanətlər artmayıb, əksinə, 35 milyon manat azalıb:

"Təəssüf ki, fondun yalanı yalnız bundan ibarət deyil. Fond deyir ki, yalançı “əmanət artımı” hökumətin ləğv edilən "Zaminbank", "Parabank", "Dekabank" və "Kredobank"ın əmanətçilərinə kompensasiya verilməsi addımları ilə eyni vaxta düşüb və guya bu, dövlətin öhdəliyini ödəyəcəyinə etimadın artmasından xəbər verir. Halbuki, sözügedən 4 bank iyulun 21-də bağlanıb, əmanətlərin kompensasiyası isə avqustun 1-də başlanıb. İyulda və avqustda olan bu proseslərin iyuna təsiri necə ola bilərdi axı? Bu, heç yalan da deyil, cəfəngiyyatdır".

"Fondun bu yalanları əmanət bazarını tam öldürə bilər"

Ə.Həsənovun fikrincə, fondun əmanətlərin çıxarılmasının və beləliklə, öz gəlirlərinin azalmasının qarşısını almaq istəyi anlaşılandır:

"Amma bunu yalan məlumat və cəfəng mülahizələrlə etmək olmaz. Onsuz da iyulda 4 bankın bağlanması bank sisteminin yaxında özünə gələcəyinə ümid edənləri sarsıtdı. Fondun bu yalanları isə əmanət bazarını tam öldürə bilər, axı ifşanın nəticəsi daha ağır olur və bank sisteminə etimad tam aradan qalxır. Fond belə addım atırsa, deməli, vəziyyət bildiyimizdən də ağırdır. Belə şəraitdə vətəndaşlara heç tövsiyə də lazım deyil. Onlar banklara etimad göstərməyəcək, əmanət qoymayacaq, olanı da geri çəkəcək. Bu ilin beş ayında əmanətlər 20,14 faiz və ya 1 milyard 908 milyon manat azaldığı kimi, iyunda da azalıb".

XS
SM
MD
LG