Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 06:38

NİDA Hərəkatının keçmiş üzvü, 2014-cü ildə ölkə başçısının əfv sərəncamı ilə azadlığa çıxandan sonra hakim Yeni Azərbaycan Partiyasına (YAP) qoşulduğunu elan edən Elsevər Mürsəllinin həbs olunduğu bildirilir.

Onun barəsində müğənni Mətanət Əsədovanın xüsusi ittiham qaydasında şikayəti əsasında hökm çıxarıldığı deyilir.

Bu haqda xüsusi ittihamçının vəkili Ceyhun Yusifov məlumat verib. Vəkilin deməsinə görə, hökmü noyabrın 2-si Sumqayıt Apellyasiya Məhkəməsi çıxarıb.

C.Yusifov qeyd edir ki, müğənni keçmiş NİDA-çını onu Facebook şəbəkəsində təhqir etməsi adı ilə, xüsusi ittiham qaydasında məhkəməyə verib. Müğənni E.Mürsəllinin Cinayət Məcəlləsinin 148-ci (təhqir) maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.

Şikayətə Xaçmaz Rayon Məhkəməsi baxıb. Rayon məhkəməsi şikayəti qismən təmin edib. E.Mürsəlli Xaçmaz rayon Məhkəməsinin qərarı ilə 6 ay müddətinə şərti cəzaya məhkum edilib.

Müğənni rayon məhkəməsinin hökmü ilə razılaşmadığından apellyasiya şikayəti verib. Noyabrın 2-də Sumqayıt Apellyasiya Məhkəməsi şikayəti təmin edib. Hakim Hüseyn Nəbiyevin sədrlik etdiyi məhkəmə heyəti E.Mürsəllinin 3 ay müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib.

E.Mürsəllinin məhkəmə zalında həbs olunaraq Bakı İstintaq Təcridxanasına aparıldığı bildirilir.

E.Mürsəllinin yaxınlarının, vəkillərinin rəyini almaq mümkün olmayıb.

Həbsdən çıxan keçmiş Nida-çılar Heydər Əliyevin məzarını ziyarət etdi

Elsevər Mürsəlli külli miqdarda narkotik saxlamaq ittihamı ilə 2013-cü ilin əvvəlində saxlanılmışdı. O, 2 il həbs cəzası almışdı. O zaman E.Mürsəllinin son prezident seçkisində Milli Şuranın sədri Cəmil Həsənlini sosial şəbəkələrdə dəstəklədiyindən həbs edildiyi bildirilirdi.

2014-cü ilin iyununda E.Mürsəlli prezidentə müraciət edib peşmançılıq hissi keçirdiyini, əfv olunmasını istəmişdi.

E.Mürsəlli həbsxanadan buraxıldıqdan sonra eks-prezident Heydər Əliyevin qəbrini ziyarət etmiş, hakim YAP-a üzv olacağını açıqlamışdı.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG