Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:05

Prokuror ilahiyyatçıya iş istəyəcək


2014-cü ilin dekabrından həbsdə olan ilahiyyatçı, Qafqaz Müsəlmanları İdarəsinin sabiq sektor müdiri Elşən Mustafayevin (Mustafaoğlu) işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Oktyabrın 4-də Bakı Ağır Cinayətlər Məhkəməsində Səbuhi Hüseynovun sədrlik etdiyi hakimlər kollegiyası bu barədə qərar qəbul edib.

İlahiyyatçının vəkili Əfqan Məmmədov bildirib ki, qapalı keçirilən məhkəmə iclasında cinayət işinin materiallarındakı sənədlər tədqiq olunub. Bundan sonra məhkəmə istintaqının yekunlaşması məsələsi müzakirəyə çıxarılıb.

Oktyabrın 18-də keçiriləcək növbəti məhkəmə iclasında dövlət ittihamçısı çıxış edib Elşən Mustafaoğluya iş istəyəcək.

2014-cü il dekabrın 16-da həbs olunan E.Mustafaoğlu CM-nin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunur. O, ittihamın əsassız olduğunu bildirir. Deyir ki, MTN əməkdaşları onu həbs edib, ondan Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin, general Rövşən Əkbərovun əleyhinə ifadə almağa cəhd göstəriblər. Tələb olunan ifadəni verməyə razılaşmadığına görə ona qarşı heç bir əsası olmayan ittiham irəli sürüblər.

E.Mustafaoğlu 2001-ci ildə «Mənəvi Saflığa Dəvət» İctimai Birliyini təsis edib. 2005-ci ildən «Yeni Şərq» Elmi Araşdırmalar Mərkəzinin direktoru, ANS-də, İctimai Televiziyada veriliş aparıcısı, Azərbaycan-Amerika Media Akademiyasının direktoru olub.

O, Norveçdə elmi layihə üzrə çalışıb, 2014-cü ilin əvvəlində ölkəyə qayıdıb. Həbsindən bir neçə ay öncə isə Qafqaz Müsəlmanları İdarəsi ilə əməkdaşlığa başlayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG